Mətbuatın vətənpərvərliyi
və mətbuatda vətənpərvərlik
Yaradıcılıq mövzusunda
səmimi söhbət
Bizim üçün son dərəcə maraqlı və müəyyən məqamları ilə yaddaqalan sayılan bu görüşün yaradıcılıq məsələlərinə istiqamət alacağı gözlənilən idi. Belə də oldu! Bir sıra məsələlər yüksək peşəkarlıq və səriştəlilik səviyyəsində şərh edildi, milli maraqlar və dövlətçilik prinsipləri mövqeyindən düzgün qiymətləndirildi. Sanki uzun illər mətbuat sahəsində çalışmış, bizdən yaşlı və təcrübəli həmkarımızla söhbət edirdik. Hər halda dəyərləndirmələr, incəliklərə varılması belə bir real təsəvvür yaradırdı. Doğrudur, söhbət mükalimə formasında deyildi. Amma bütün zəruri məqamlara toxunuldu, münasibət bildirildi. Hətta ürəyimizdə dövlət başçısına ünvanlamaq istədiyimiz sual belə qalmadı. Həmin sualı vermədən belə, cavabını eşitdik.
Sovet dövründə SSRİ miqyasında çıxan bütün mətbuat orqanları təkcə senzuranın yox, həm də partiyanın nəzarəti altında idi. Senzura öz qaydalarını tətbiq edir, "özgə fikirliliyə" yol vermirdi. Sov.İKP isə "nədən necə yazmağı" nəzarətdə saxlayırdı. Qəzetlərin qarşısına "zəhmətkeşlərin iqtisadi cəhətdən tərbiyəsi" vəzifəsi qoyulmuşdu. Əsas məsələlərdən biri "sosializmin iqtisadi nailiyyətlərinin" təbliği, tezliklə "kommunizmə çatacağımızın iqtisadi cəhətdən əsaslandırılması" idi. Sov.İKP-nin fəaliyyəti, ən sülhsevər dövlət olmağımız barədə söhbətlər, sosializm yarışının işıqlandırılması və s. ümumi mövzular sayılsa da, bütün bünların hamısı bir mətbəxdən çıxır, Moskvadan diqqətlə idarə olunurdu. Hətta son dövrlərdə (ət və yağ ölkə vətəndaşlarına talonlar vasitəsilə verilərkən) kəskin ikiləşmə yaranmışdı. Qəzetlərdə bir cür yazılır, rəsmi yerlərdə başqa söhbətlər gedir, həyatda isə bambaşqaydı! Yəni, hadisə və proseslər reallıqdakı kimi qəzet səhifələrinə çıxarılmırdı. Təbii fəlakətlərin törətdiyi dağıntılar, kriminal statistika barədə də danışmaq olmazdı. Sanki sovet hakimiyyəti dövründə təbiət SSRİ-də insanlara və dövlətə ziyan vurmur (yalnız kənd təsərrüfatında məhsuldarlığa təsir edirdi), sovet adamı cinayət törətmirdi! Bu gün isə vəziyyət tam dəyişib. Qəzetlər istədikləri mövzuda, istədikləri məsələlərdən yazır, kefləri istəyən faktı (bəzən də fakta bənzər uydurmaları) səhifələrinə çıxarır, kriminal xəbərləri, təbiətin törətdiyi dağıntılar barədə informasiyaları gen-bol dərc etməkdən sanki zövq alırlar. Müstəqil qəzetlərin manşetlərində yalnız mənfi xarakterli, cinayət sayılan hadisələr şişirdilmiş, sensasiya libasına salınmış formada yer alır. Qəzet qruplarına uyğun mövzular da "müəyyənləşib". Belə ki, iqtidar qəzetləri görülən işlərin təbliğinə - dövlət başçısının fəaliyyəti, imzaladığı sənədlərin şərhi, iqtisadi inkişaf, abadlıq və quruculuq məsələlərinə, bu sahədə ölkə vətəndaşlarının maarifləndirilməsinə böyük diqqət yetirir. Müxalifət qəzetləri (son vaxtlar onlar özlərinə qəribə ad qoyublar: "tənqidçi" qəzetlər) hər şeydə ancaq nöqsan axtarırlar, yalnız bircə rəngdən - qara boyadan istifadə edirlər, adi faktları da sensasiya tək təqdim etməyə çalışır, manşetdə ancaq "bəd xəbərləri" - yaxud bədləşdirilmiş xəbərləri yerləşdirirlər. "Reket qəzetləri" adətən birinci səhifələrində dövlət başçısının portretini yerləşdirib onun fəaliyyəti ilə bağlı bir neçə informasiya verməklə, özlərini "iqtidaryönlü" göstərməklə gözdən pərdə asmağa can atırlar. Ancaq həmin səhifədə yerləşdirilən "anons", digər səhifələrdəki yazıların sərlövhəsindəki kobud, "ittihamedici" ifadələr, materiallardakı hədə-qorxu, şantaj elementləri və təhqiramiz sözlər bütün niyyəti açıb ortaya qoyur. Müstəqil qəzetlər isə iki cürdür: tanınmış və qəzet bazarında yer almaq istəyənlər. Tanınmışların öz mövzu dairələri və üslubları var. Qəzet bazarına girməyə çalışanlar isə tənqidlə tərif, peşəkarlıqla diletantlıq arasında vurnuxurlar. Belələri üstünlük təşkil edir. Özlərinin kompüter mərkəzi, texniki personalları olmadığından "Azərbaycan" nəşriyyatındakı xidmətlərdən istifadə edirlər. Nəticədə - internet vasitəsilə eyni sayt və mənbələrdən informasiya götürdüklərindən, eyni yerdə yığılıb, eyni adamlar tərəfindən səhifələndiklərindən həm zahirən, həm də daxilən bir-birlərinə bənzəyirlər. Sənətkarlıq baxımından çox zəif və oxşardırlar.
Mövqe və tematika baxımından qəzet qruplarına ötəri baxış da onların mövzu qıtlığı və problemi yaşadığını göstərir. Yalnız iqtidar qəzetləri təqvim, hadisə və müxtəlif məsələlərlə bağlı qabaqcadan nə isə planlaşdırıb hazırlayırlar. Qalanları isə qabaqlarına keçənlərdən yazırlar. Təbii ki, belə vəziyyətdə bir sıra ənənəvi mövzular kənarda qalır, yaxud qəzetlər üçün "əhəmiyyətli" sayılmır. Nə qədər ağrıdıcı olsa da, "unudulan" mövzuların sırasında milli və dövləti maraqlarla bağlı mövzuların da yer aldığını görürük. Mətbuat və söz azadlığı şəraitində dövlət heç bir müstəqil qəzetə nədən və necə yazmaq barədə göstəriş verə bilmir! Hətta belə bir göstəriş verilsə belə o, qanunazidd sayılar və heç kəs əməl etməz! Hazırda Azərbaycanda milli və dövləti maraqlar dairəsinə daxil olan məsələlərin mətbuat səhifələrinə çıxarılmasında iqtisadi mexanizmdən istifadə olunur. Belə ki, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasında hansı mövzulara önəm verildiyi bildirilən istiqamətlər konkret şəkildə göstərilmişdir. Bir ildən sonra - 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə bu mövzuların reallaşdırılması işinə başladı. Konsepsiyada göstərilən istiqamətlər üzrə mövzular müəyyənləşdirilir, qrantlı layihələr və jurnalistlərin fərdi yaradıcılıq müsabiqələri elan olunur, hərə öz zövqünə və imkanına müvafiq məsələ ilə bağlı layihə, yaxud material hazırlayır, qalib gələnlər müəyyən məbləğ qazanmaqla ehtiyaclarına sərf edirlər. Hər iki tərəf, həm dövlət, həm də müstəqil mətbuat işin belə qurulmasından faydalanırlar. Lakin elə mövzular və məsələlər var ki, onlar, necə deyərlər, müsabiqədən-müsabiqəyə yox, daim mətbuat səhifələrində özünə möhkəm yer tutmalıdır! Cənab İlham Əliyev bununla bağlı tövsiyələrini də verdi: "Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Xüsusilə müharibə şəraitində olan ölkələrdə bu, daha da böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır. Əlbəttə ki, burada dövlət dəstəyi və dövlət siyasəti çox mühümdür və bu siyasət məqsədyönlü şəkildə aparılır. Azərbaycanda vətənpərvərlik mövzuları çox geniş işıqlandırılır. Gənclərin tərbiyəsi ilə bağlı məsələlər, idman sahəsindəki uğurlarımız, ordu quruculuğu sahəsində aparılan işlər - bütün bunlar bir məqsədi güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik ruhunu və duyğularını daha da artıraq, gücləndirək. Medianın bu sahədəki fəaliyyəti əvəzolunmazdır".
Müstəqillik qazandıqdan sonra Azərbaycan tarixən qısa dövrdə çox böyük məsafə qət etmişdir. Xalqın arzu və tələbi ilə yenidən dövlət rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin başçılığı ilə ölkədə möhkəm və dönməz sabitlik yaradıldı, qanunsuz silahlı dəstələr ləğv edildi, atəşkəsə nail olundu, siyasi, hüquqi və iqtisadi islahatlar keçirilərək sərbəst bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan demokratik cəmiyyət quruculuğu prosesinə başlandı. Müstəqil və balanslaşdırılmış siyasət yeridən Azərbaycan dünya birliyinə uğurla inteqrasiya etməkdədir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizi düşünülmüş, davamlı və sürətli inkişaf yoluna çıxarmaqla yeni nailiyyətlərə imza atdı. Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır. Transmilli layihələrin reallaşmasına investisiya yatırır. Qafqazda güclü iqtisadiyyata və modern orduya malik dövlətə çevrilib. Ölkəmizin həllinə nail ola bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da kimsəyə güzəştə getməyəcəkdir, ölkəmizin ərazi bütövlüyü heç zaman danışıqlar predmeti olmayacaqdır. Eyni zamanda, bu məsələnin sülh yolu ilə həlli istiqamətində ardıcıl və gərgin iş aparılır. Lakin müharibə variantı da istisna deyil! Çünki hazırkı vəziyyət, səmərəsiz danışıqlar nə xalqımızı, nə dövlətimizi qane edir. Müharibə vəziyyətində olan, ərazisinin bir hissəsi işğalda qalan dövlətdə vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi son dərəcə vacibdir. Bütün qrupa daxil olan mətbuat bu mövzunu özünə doğma bilməli və daim diqqətdə saxlamalıdır! Dövlət başçısı bu məsələ ilə bağlı tövsiyələrini də söylədi: "Hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərlik ilə bağlı çox ciddi və mənalı mövzuların işıqlandırıldığını görəndə bu, məni çox sevindirir. Mən hesab edirəm ki, biz bu istiqaməti daha da gücləndirməliyik".
Bütövlükdə medianın fəaliyyətindən razılığını bildirən cənab İlham Əliyev milli maraqlarla bağlı yazılara üstünlük verilməsinin vacibliyini önə çəkdi. Doğrudan da, milli mənafeyi uca tutmağı bacaran mətbuat orqanları çoxdur. Lazım gələndə onlar bir mövqedən çıxış etməyi, qətiyyət və prinsipiallıq göstərməyi bacarırlar. Ermənistanla sərhədlərin açılması ilə bağlı müzakirələrdə belə bir mövqenin şahidi olduq. Ermənistanı cidd-cəhdlə dəstəkləyənlərin bütün səylərinə baxmayaraq, Azərbaycanın maraqlarına zərbə vurulacaq addım atılmadı. Bu məsələdə ölkə mediası qətiyyətli və birmənalı mövqe nümayiş etdirdi. Bunu yüksək qiymətləndirən cənab İlham Əliyev dedi: "Mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri, ümumiyyətlə, olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq".
Yalan informasiyanın qəzet səhifəsinə çıxarılması müasir medianın ən böyük qüsurlarındandır. Ona görə burada "qüsur" tək yumşaq ifadə işlədirik ki, bəzən bunun təqsiri müəyyən mənada jurnalistdə olmur. Belə ki, qeyri-rəsmi mənbədən informasiya alan jurnalist onu dərhal nömrəyə çıxarmağa, "birincilik qazanmağa" çalışır. Amma iş günü başa çatanadək faktı dəqiqləşdirə bilmir. Ya mətbuat xidməti "məlumatsız" olduğunu söyləyir, ya hansısa məmur telefon zənginə cavab vermir. Bu halda bəlkə də qəzeti başa düşmək mümkündür. Amma qəsdən yalan informasiyanı qəzet səhifəsinə çıxarmaq isə tamam başqa şeydir! Lakin əgər belə bir yalanın mətbuatın gündəminə gətirilməsi sifariş verilibsə, özü də antiazərbaycançı şəbəkə tərəfindən? Onda necə? Belədə həmin əməlin adı tamam başqa şey olur!
Azərbaycan ərazi və əhali baxımından kiçik dövlət sayılır. Amma zəngin təbii sərvətləri, əlverişli geosiyasi mövqeyi var. Asiya və Avropanın qovuşağında yerləşən bu diyara əsrlərdir ki, çoxları göz dikib. Bir dəfə qazandığı dövlət müstəqilliyini boğmağa, yenidən istismar obyektinə çevirməyə nail olublar. Budəfəki müstəqillik isə daha möhkəm və uzunömürlüdür, əbədidir! Odur ki, ölkəmizin yaxın və uzaq qonşuları bundan çox narahatlıq keçirirlər. Artıq dünya XX əsrin əvvəllərində olduğu kimi deyil! Gənc dövlətlərə qarşı mübarizənin üsul və formaları da dəyişib. Azərbaycana düşmən münasibəti bəsləyən dövlət və qurumlar, beynəlxalq təşkilatlar bizə qarşı "müasir" üsullarla mübarizə aparırlar. Bu məsələdə erməni mənşəli milyonçuların maliyyə dəstəyi və pula susayanlarımızın dönüklüyü az rol oynamır. Antiazərbaycançı şəbəkə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq, imkan düşəndə terror və təxribat əməlləri törətmək, demokratiyanın yoxluğu, mətbuat və söz azadlığının boğulması, siyasi məhbusların mövcudluğu barədə haray-həşir qopararaq bizə təzyiq göstərilməsi üçün "əsaslar" yaratmaq yönümündə daim cəhdlər göstərirlər. Təəssüf ki, erməni mənşəli pullara susayanlar, vətəninə və xalqına qarşı yaramaz əməllərə qurşananlar da tapılır. Və onlar adlarını "jurnalist" qoyub media orqanlarına soxularaq mənfur niyyətlərini reallaşdırmağa çalışırlar. Dövlət başçısı belə hallara çox mənfi münasibət bəslədiyini açıqladı: "Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada, əlbəttə ki, medianın rolu çox böyükdür".
Daha dəhşətlisi odur ki, adı azərbaycanlı olan qələm sahibi erməni separatçılarına haqq qazandırır, onların törətdikləri vəhşilikləri və cəlladlığı xalqımızın adına yazmağa çalışır. Burada söhbət təsadüfi yalandan, hansısa təmənnalı informasiyadan yox, dövlətə və millətə xəyanətdən gedir! Doğrudur, görüş zamanı Prezident heç bir ad çəkmədi, ünvan göstərmədi, ittihamedici ifadələr işlətmədi. Amma hamı hər şeyi gözəl bilir və başa düşür! Cənab İlham Əliyevin dedikləri isə hər bir vicdanlı jurnalistin qulağında sırğaya çevrilməlidir: "Separatistlərə haqq qazandırmaq, onlardan müsahibə götürmək, onları təbliğ etmək, azərbaycanlıları dəhşətli günahlarda suçlamaq - bu bağışlanmazdır. Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir". Dövlət başçısının tövsiyəsi isə hamının yaddaşına həkk olunmalıdır: "Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır".
Müstəqil
mətbuatın sürətli inkişafına və
formalaşmasına mənfi təsir göstərən amillərdən
biri onun siyasiləşməsidir. Bu, mətbuatın
obyektivliyinə, qərəzsizliyinə əngəl törədir.
Bütün hallarda qəzetlərin baş verən hadisələrə
mənsub olduğu siyasi partiyanın maraqları nöqteyi-nəzərindən
yanaşmasını şərtləndirir. Azərbaycanda
siyasi mətbuatın yaranmasının bəzi səbəbləri
olmuşdur. Bolşeviklərdən nümunə götürən
bir sıra müxalifət partiyaları fəaliyyətə
başlamazdan əvvəl siyasi orqanlarını
yaratmışlar. Bu gün isə öz mövcudluqlarını
və "fəaliyyətlərini" qəzet səhifələrində
qoruyub saxlayırlar. Qəzetlər isə maliyyə problemlərinin
asan həlli yolunu partiyanın əlinə baxmaqda
görürlər. Doğrudur,
partiyanın boyunduruğundan qurtarmağa can atan qəzetlər
də var. Amma proses yavaş gedir. Cənab İlham Əliyev
bununla bağlı fikirlərini bölüşdü,
arzularını bildirdi: "Jurnalistlər çox məsuliyyətli
olmalıdırlar. Burada qərəzsiz mövqe
çox vacibdir. Mən media sahəsində
gələcək inkişafı müstəqil, sözün əsl
mənasında, müstəqil medianın gücləndirilməsində
görürəm. Çünki hələ
ki bizdə bu sahədə, xüsusilə yazılı mediada
siyasiləşmə meyilləri çox güclüdür.
Ola bilər ki, bu, müəyyən mərhələdə
- Azərbaycanda siyasi sistem, siyasi münasibətlər
formalaşdığı bir dövrdə qaçılmaz idi.
Ancaq mən hesab edirəm ki, bu gün
medianın inkişafı üçün siyasiləşmə
prosesi gərək azalsın. Çünki
birinci növbədə, Azərbaycan cəmiyyəti vətənpərvər
cəmiyyətdir. Dövlətə,
dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq
siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə
siyasiləşdirmək bizə uğur gətirə bilməz.
Hər şey təbii olmalıdır, o cümlədən
mediada da. Siyasi sifarişlərlə
çıxan orqanlar nə qədər az olarsa, bizim
mediamız da o qədər həm güclü, həm də
ki, daha da müsbət reputasiyaya malik olacaqdır".
Görüşdə
cənab İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən
biri də milli-mənəvi dəyərlə bağlı
mövzular oldu. Ölkəmizdə iqtisadi sahədə
keçid dövrü uğurla başa çatıb, bir
ictimai-iqtisadi formasiya digəri ilə əvəzlənib.
Biz kommunist ideologiyasından imtina etmişik,
ümumbəşəri sivil inkişaf yoluna
qayıtmışıq. İctimai quruluşun dəyişməsi
və mövcud ideologiyadan imtina xalqın milli-mənəvi dəyərlərindən
də üz çevirməsi demək deyil! Əksinə,
müstəqil dövlət quruculuğu prosesində ideoloji məsələlər
(bu termindən qorxmaq lazım deyil), yeniyetmələrin və
gənclərin milli vətənpərvərlik, müstəqil
dövlətçilik və xalqımızın mənəvi
dəyərləri əsasında tərbiyələndirilməsi
daha böyük əhəmiyyət kəsb edir. Ulu
öndər Heydər Əliyev bu məsələlərə
xüsusi diqqət yetirirdi: "Müstəqil Azərbaycan
dövlətinin əsas ideyası azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq". Əslində,
çoxmillətli respublika sayılan Azərbaycanın
gücü burada yaşayan xalqların birliyində və
mehribanlığındadır. İndi
bütün dünya Azərbaycanı həm də tolerant
diyar kimi tanıyır, bu sahədə bizdən öyrənməyə
çalışır. Belə bir uğur
qürur doğurmaya bilməz. Ancaq qələm
sahiblərinin görməli olduqları işlər də
çoxdur. Ümummilli liderimiz Heydər Əliyev onun bir
qismini ümumiləşdirərək deyirdi: "Milli-mənəvi
dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir,
bizim dinimizdir, bizim adət-ənənəmizdir. Bir də təkrar edirəm, bizim mənəvi-əxlaqi
mentalitetimizdir. Bunların hamısı ilə
fəxr etməliyik. Bizim bütün təbliğatımız,
bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə
görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi
dəyərlərə sədaqət aşılamaqdan ibarət
olmalıdır".
Təəssüf
ki, son illərdə çap və elektron mediada milli-mənəvi
dəyərlərimizə və onların təbliğinə
sayğısız münasibətin də şahidi oluruq. Özəl
teleradio kanallarında baş alıb gedən şou
proqramları əslində mənəviyyatsızlığın
nümayişinə çevrilib. Bu isə
insanların, xüsusilə ziyalıların haqlı
narazılığına səbəb olur. Bəziləri Avropa mədəniyyətinə yiyələnməni,
bəşəri nailiyyətlərdən bəhrələnməni
öz dəyərlərindən imtina kimi başa
düşür, demokratiyanı anarxiya ilə
qarışdırırlar. Ölkə Prezidenti cənab
İlham Əliyev bu məsələdə də qəti və
açıq mövqeyini bildirdi: "Azərbaycanın
böyük və zəngin tarixi vardır. Bizim
milli-mənəvi dəyərlərimiz vardır. Bu dəyərlər bizim üçün əsasdır.
Biz ümumbəşəri dəyərləri
bölüşürük, biz Avropa qurumları ilə
bütün istiqamətlərdə - həm iqtisadi sahədə,
həm siyasi islahatların dərinləşməsi sahəsində
uğurlu əməkdaşlıq edirik. Avropa
dəyərləri də bizim üçün çox
vacibdir. Yəni, onlar bizim üçün
yad dəyərlər deyil. Çünki
Azərbaycanın tarixi və coğrafi vəziyyəti bu vəziyyətin
yaranmasına gətirib çıxarıbdır. Ancaq bizim üçün prioritet dəyərlər
bizim milli dəyərlərimizdir və bunun üzərində
müasir dövlətin qurulması bizim məqsədimizdir".
Mətbuat
Şurası qeyri-hökumət təşkilatıdır. Bu qurumda mətbuatımızın
və ziyalıların cəmiyyətdə tanınan
nüfuzlu nümayəndələri təmsil olunurlar. Şuranın İdarə Heyətinin üzvləri
heç bir təmənna güdmədən burada
çalışır, bilik və bacarıqlarını azad
sözün və mətbuatın inkişafına sərf
edirlər. Ötən dövrdə Mətbuat
Şurası bir çox layihələrə imza atmış,
müstəqil mətbuatın inkişafı, onun problemlərinin
həlli, saflığının və təmizliyinin
qorunmasında xeyli iş görmüşdür. Dövlət başçısı ilə
keçirilən görüşdə cənab İlham Əliyevin
qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi
fikirlər, dörd nəfərə fəxri ad verməsi və
mükafatı şəxsən təqdim etməsi İdarə
Heyətinin üzvləri tərəfindən minnətdarlıqla
qarşılandı. Hesab edirik ki, bu dəyərli
sözlər daha da səmərəli
çalışmağımızın yeni stimuludur: "Mən
Mətbuat Şurasının fəaliyyətini yüksək
qiymətləndirirəm. Hesab edirəm ki, Mətbuat
Şurası yarandığı gündən ölkəmizdə
dövlət qurumları ilə media arasında əməkdaşlığın
inkişaf etdirilməsi üçün çox müsbət
rol oynamışdır. Jurnalistlərin
hüquqlarının qorunması işində öz prinsipial
mövqeyini həmişə bildirmişdir və ümumiyyətlə,
ölkədə söz azadlığının, demokratiyanın
inkişafı istiqamətində çox böyük
addımlar atmışdır".
Ənənə davam edir
Azərbaycan milli mətbuatının qədim və zəngin ənənələri vardır. Bu ənənələrin əsası "Əkinçi"nin yaradıcısı və baş yazarı Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. Sonrakı dövrdə xalqın mənafeyinə və maariflənməsinə xidmət edən mətbu orqanları, habelə Cəlil Məmmədquluzadə, S.Ə.Şirvani, M.Ə.Sabir, Ömər Faiq Nemanzadə, Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Üzeyir və Ceyhun bəy Hacıbəylilər, Ə.Haqverdiyev və digər qüdrətli qələm sahiblərinin fəaliyyəti nəticəsində daha da inkişaf etmiş, zənginləşmişdir. Dövr, zaman, ictimai-iqtisadi formasiyalar dəyişsə də, Azərbaycan milli mətbuatı dilimizin və mədəniyyətimizin inkişafına, xalqımızın mədəni və elmi səviyyəsinin yüksəlməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmətdən qalmamışdır. Ənənələr bu gün də yaşayır və inkişaf edir. Üstəlik, mətbuatla əlaqədar yeni ənənələr də meydana gəlir. Bunlar isə ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev 27 mart 2000-ci ildə imzaladığı "Azərbaycan Milli Mətbuatının 125 illiyi haqqında" fərmanından sonra müstəqillik dövründə hər beş ildən bir mətbuatın yubileyinin ölkə miqyasında geniş şəkildə keçirilməsi ənənə halını almışdır. Hər dəfə yubileylər qeyd edilərkən dövlət başçısının sərəncamı ilə jurnalistlər dövlət mükafatlarına və fəxri adlara layiq görülür, qəzet redaksiyalarına, jurnalist təşkilatlarına və informasiya agentliklərinə birdəfəlik maddi yardım göstərilir, Mətbuat Şurasının maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində yeni addımlar atılır. Budəfəki yubileyimiz isə daha əlamətdar oldu. Cənab İlham Əliyev mətbuat tarixində ilk dəfə olaraq çoxsaylı jurnalistlər üçün yaşayış binası tikilməsi barədə sərəncam imzalamaqla vəsait ayırdı. Böyük şairimiz Səməd Vurğun demişkən:
Bizdə şair də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır.
Bu qiymətli
misraları bütünlüklə dövlətimizin və
onun rəhbərinin mətbuat sahəsinə olan diqqət və
qayğısına da şamil etmək mümkündür!
(Əvvəli var)
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2010.- 13 avqust.- S. 4.