Dəyərli sənət beşiyi

 

Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi ədəbi tariximizin üç min il əvvəlki ədəbiyyatını gələcəklə qovuşduran dünyadır

 

Azərbaycan ədəbiyyatından söz düşəndə göz önündə, istər-istəməz, kökü tarixin minillik qatlarına uzanan, əzəmətli bir sənət nümunəsi canlanır. Bu həmin nümunədir ki, onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagörüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bugünümüzə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, zəngin folklor, ozan-aşıq yaradıcılığı, yazılı klassik ədəbi nümunələrlə yanaşı, sözün əsl mənasında böyük ədəbiyyat daxildir.

Təsadüfi deyil ki, böyük fikir sahiblərinin, söz sərraflarının, ədəbi nəslin klassik nümayəndələrinin yaşadığı dövrlərdən bizi ayıran zaman məsafəsi artdıqca onların yaratdıqları elmi-fəlsəfi, ədəbi-bədii sənət əsərləri daha da doğmalaşaraq öz dəyərini artırır. Həmin tarixi-mədəni abidələr öz yüksək dəyəri, bədii tutumları ilə də bu gün təkrarsızdır. Tarixin dərin qatlarından soraq verən bütün maddi-mənəvi abidələrdən biri kimi Sözün ədəbi-bədii çəkisi daha ağır gəlir.

Maddi-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və bugünümüzə qədər gəlib çatmasında muzeylərin xüsusi rolunu inkar etmək qeyri-mümkündür. Sözümüzün əbədi sənət beşiyi, "isti ocağı" kimi tanınan Nizami adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin bu baxımdan əhəmiyyəti barədə söz açmaq istəyimiz də təsadüfi deyil.

Muzeyin yaradılma və formalaşma tarixi onun heçasan başa gəlmədiyini göstərir. Öncədən deyək ki, muzeyin binası 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib və 1915-ci ildə bir mərtəbə də artırılaraq "Metropol" mehmanxanasına çevrilib. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin həm , həm də yaşayış binasına çevrilib. 1920-1930-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşib.

1939-cu ilin noyabr ayında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılan Nizami Muzeyinin adıçəkilən binada yerləşdirilməsi üçün tanınmış memarlar Sadıq Dadaşovla Mikayıl Hüseynovun layihəsi əsasında burada təmir və yenidənqurma işləri aparılıb, fasaddakı heykəllər quraşdırılıb, daha iki mərtəbə əlavə edilib.

Təkcə muzey binası kimi deyil, həm də milli memarlıq abidələrindən sayılan bu söz və mədəniyyət ocağının əsaslı təmirə son illər daha böyük ehtiyac olduğunu görən Azərbaycan Prezidenti cənab İlham Əliyev bina ilə tanış olandan sonra burada əsaslı və yenidənqurma işləri aparılması barədə tapşırıq verdi. Binanın təmirdən sonra yenidən öz qapılarını ziyarətə gələnlərin üzünə açması ilə əlaqədar keçirilən tədbirdə muzeyin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov çıxışında tarixə qısa ekskurs edərək göstərdi ki, 1941-ci ildə dahi şair Nizami Gəncəvinin anadan olmasının 800 illiyi qeyd ediləcəkdi. O zaman qərara alınmışdı ki, Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqının hər yerində şairin təntənəli yubiley tədbirləri keçirilsin. Tarix elə gətirdi ki, bu bayramı keçirmək bizə nəsib olmadı. II Dünya müharibəsinin dalğası keçmiş SSRİ-nin hər yerinə, o cümlədən Azərbaycana da gəlib çatmışdı...

İllərin o tayında qalmış tarixi hadisələrdən biri də 1939-cu il noyabrın 1-də Nizami Muzeyinin yaradılması ilə bağlı çıxarılan qərar idi. Əslində, həmin qərar Nizami Gəncəvinin ev-muzeyinin yaradılmasını nəzərdə tuturdu. Bununla bağlı eksponatlar toplanır, hazırlıq işləri gedirdi. Muzeyin yaradılması tarixi, əslində, 1 noyabr 1939-cu il hesab olunmalıdır. Respublikamızın çox görkəmli rəssamları və alimlərinin bu işə cəlb olunması təkcə Nizami irsinin toplanması və qorunması deyil, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin klassik nümunələrinin gələcək nəsillərə çatdırılması kimi mənəvi dəyərlərə yüksək qiymət verilməsi demək idi. Muzeyin divar və fasadlarındakı əzəlki naxışların azqala tamamilə silinib getməsinin qarşısının alınması üçün xüsusi olaraq Lətif Kərimov dəvət olunmuşdu. Həmid Araslının isə vəzifəsi muzeyin ekspozisiyasının mətnlərini yazmaq idi.

Xatırladaq ki, qanlı-qadalı illərdə belə yüksək dövlət tədbirlərinin keçirilməsi mümkünsüzləşdiyindən, Nizami Gəncəvinin yubileyi də 1941-ci ildə respublikamızda deyil, o vaxtlar blokada şəraitində olan Leninqradda (indiki Sankt-Peterburqda) Ermitajda baş tutmuşdur.

Muzeyin direktorunun fikrincə, bu tarixi binanın belə yüksək səviyyədə əsaslı təmir olunub xalqa təqdim edilməsi Nizamisevərlərə böyük hədiyyədir: "Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə çox böyük quruculuq işləri aparır. Dövlət başçısı, eyni zamanda, Azərbaycanın dünyada təbliği, regionlarımızın inkişafı və nəhayət, paytaxt Bakının simasının tamamilə yeniləşməsilə məşğuldur. Onun bu çərçivədə gördüyü işlərin ən qiymətlilərindən biri də məhz Nizami Muzeyidir. Son illərdə xeyli gözəl körpülər salınıb, amma o körpülərin hamısından da Nizami Gəncəvi adıyla bağlı olan bu körpü daha üstün idi. Bütün Azərbaycan boyu nə qədər yollar çəkilib, o yolların ən əzəmətlisi Nizami Gəncəvi adına Muzeyin yoludur. Bütün Azərbaycan boyu Prezident yüzlərlə məktəb tikdirib. O məktəblərin ən vacibi Nizami adına Muzeydir. Ən böyük körpünün uzunluğu 50-100 metr olar, yaxud bir neçə kilometr, amma Nizami Gəncəvi adına Muzey elə bir körpüdür ki, üç min il əvvəlki ədəbiyyatı, mənəviyyatı öz gələcəyi ilə birləşdirir. Əgər unudulmaz ulu öndər Heydər Əliyev Cavidin nəşini Sibirdən Azərbaycana gətirdisə, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin də əsaslı təmirdən sonra istifadəyə verilməsinə şərait yaratmaq həmin böyük xidmət səviyyəsindədir".

Muzeyin 70 yaşının tamam olduğu gün yenidən qapılarını öz tamaşaçılarının üzünə məhz may ayının 14-də açmasının da rəmzi mənası vardı. Belə ki, muzey o vaxtlar, daha dəqiq desək, 1945-ci il may ayının 9-da deyil, məhz 14-də qapılarını ekspozisiya ilə tanış olanların üzünə açmışdı.

Təəssüf doğuran hal odur ki, 1939-cu ildən sonra uzun müddət, ötən əsrin 70-ci illərinədək muzey binasında, bu tarixi-memarlıq abidəsində əsaslı təmir və yenidənqurma işləri aparılmadığından, onun ömrü qısalmış, qəza vəziyyətinə düşmüşdü. Digər maddi-mədəniyyət abidələrinə göstərilən diqqət və qayğı burada da özünü tezliklə göstərdi. Budur, tamaşaçılarının ixtiyarına verilən muzeyin ekspozisiyası bütünlüklə təzələnib. Ekspozisiya salonlarında qədim dövrlərdən indiyədək Azərbaycan ədəbiyyatı haqqında yazılmış mətnlər yeniləşdirilib, onlar bir neçə dilə (rus, fars, alman) tərcümə olunub. Salonlarda quraşdırılmış monitorlar vasitəsilə istənilən ədəbi məlumat əldə etmək mümkündür. Maraqlı faktlardan biri də muzeydə yaxın gələcəkdə ekspozisiya salonlarının filmlər şəklində nümayişinin də nəzərdə tutulmasıdır. Yəni salonları gəzmədən də oradakı ekspozisiya ilə tanışlıq mümkünləşəcək.

Aldığımız məlumata görə, muzeyin əməkdaşlarının elmi məqalələrini özündə əks etdirən 5 adda "Risalə", Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı müxtəlif qaynaqlardan materiallar dərc edən "Qaynaq", Şərqlə bağlı məlumatlar və tərcümələri nəzərdə tutan "Şərq", burada keçirilən tədbirləri işıqlandıran "Məclis", hər sayı fondlardakı mədəni sərvətlərə həsr edilən "Xəzinə" toplusu nəşr edilir.

2004-cü il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muzeyə gəlişinin tarixi əhəmiyyəti oldu. 2005-ci ilin yay aylarında dövlət başçısının göstəriş və tövsiyələri əsasında yenidən qurulan, əsaslı təmir və bərpa olunan, artıq ikinci həyatını yaşayan muzeydə bütün heykəl və rəsmlər restavrasiya edilib, rəsm əsərləri xarici ölkələrdən gətirilmiş ən nəfis çərçivələrə salınıb. Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada min elementi göstərilirdisə, bu gün onların sayı 25 mindən çoxdur.

Beləliklə, təyinatı etibarı ilə yalnız yenidən müstəqillik əldə etmiş ölkələr sırasında deyil, Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağı dövlətimizin qayğısı sayəsində bir memarlıq nümunəsi kimi bütün zamanlarda olduğundan müqayisəedilməz dərəcədə yüksək səviyyəyə çatdırılıb, tamamilə görkəmini gözəlləşdirib. İndi muzey paytaxtımızın hüsnünə yaraşdığını təsdiqləyir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-13  avqust.- S. 5.