Azərbaycan informasiya texnologiyaları sahəsində regional mərkəzə çevrilir

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumilikdə, hazırda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Son 15 ildə bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atılmış, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.

Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti sayəsində 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma yaratmışdır. Neft sektoruna və iqtisadiyyatın digər sahələrinə milyardlarla investisiya yatıran Qərb şirkətləri ölkədə informasiya cəmiyyətinin bərqərar olması prosesində yaxından iştirak etməyə başlamış, bu məqsədlə Azərbaycana ən yeni və zəngin resurslara malik texnologiyalar gətirilmişdir.

Bu mərhələdən etibarən ulu öndər Heydər Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının genişlənməsi, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlər daxildir. Həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda mobil telefon rabitəsi, o cümlədən internet dinamik inkişaf etməyə başlamış, rəqəmsal sistemin tətbiqi böyük vüsət almış, yeni texnologiyaların geniş yayılması üçün böyük investisiya sərf olunmuşdur.

Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələr müəyyənləşdirmişdir. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik və təkmil idarəetməni təmin edəcək "elektron hökumət"in yaradılması da sənəddə vacib məsələlərdən biri kimi önə çəkilmişdir.

Son 7 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiya və kommunikasiya texnologiyaları olmalıdır. "Qara qızılın insan qızılına" çevrilməsinin vaxtının çatdığını Azərbaycan Prezidenti çıxışlarında informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. "...Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir" - deyən cənab İlham Əliyev bu qənaətdədir ki, bu gün bəşəriyyətdə demokratik idealların daha da möhkəmlənməsi, elmi-texniki tərəqqinin geniş vüsət alması insan amilinin inkişafında vacib məsələlərdən biri kimi önə çıxarır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən 7 ildə həyata keçirdiyi siyasətin mahiyyətində də məhz insan və şəxsiyyət amili dayanmışdır.

Məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədə xidmət edir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman gənclərin müasir biliklərə yiyələnməsinə və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə elmi-texniki zəmin yaratmışdır. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" isə rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası olmuşdur. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilmişdir.

Dövlət proqramı eyni zamanda, "rəqəmsal uçurum"un, yəni, informasiya uçurumu təhlükəsinin aradan qaldırılmasına xidmət etmişdir. Ölkə Prezidenti daim bildirir ki, bütün sahələrdə inkişaf edən Azərbaycanda idarəetmənin müasir texnologiyalar əsasında qurulması, ilk növbədə, zamanın tələbindən irəli gəlir. Yəni paytaxtda və digər iri şəhərlərdə müasir texnologiyalar sürətlə inkişaf etdiyi halda, rayonlarda bu prosesin yubanması Prezident İlham Əliyevi qətiyyən razı salmır. Bu baxımdan, regionlarda rəqəmsal sistemin tətbiqi, internetin, müasir rabitə və kommunikasiya texnologiyalarının inkişafı olduqca vacibdir. Bu təkcə sosial-iqtisadi deyil, həm də mədəni-intellektual inkişafa, insan kapitalının formalaşmasına xidmət edir.

2005-ci ilin noyabrında Tunisdə İnformasiya Cəmiyyəti üzrə sammitin ikinci fazası keçirilmiş, Azərbaycan bu sammitə xüsusi fəallıqla hazırlaşmış, toplantının təşkilat komitəsinin üzvü və sponsorlarından olmuşdur. Bu sammitdə XXI əsrin yeni çağırışı "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratikləşməsində və insan hüquqlarının qorunmasında rolu" elan olunmuşdur və həmin tezisin əsas müəlliflərindən biri də məhz Azərbaycandır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il 6 mart tarixli fərmanı da ölkədə İKT sektorunun inkişafına münbit zəmin yaradır. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkədə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına imkan yaradır. ABŞ-ın "CİSCO", "İntel", Microsoft, İsveçin Ericsson, Almaniyanın Siemens, Çinin Huawei şirkəti Azərbaycanda yaradılacaq texnoparkların formalaşmasında fəal surətdə iştirak etmək istədiklərini bəyan etmişlər.

Digər mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya fərqinin aradan qaldırılmasında və regionun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaqdır.

Prezident İlham Əliyevin 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Fərman ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər)" həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Sərəncamla "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" təsdiq edilmişdir. Sərəncama əsasən, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırığı verilmişdir.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir. Dövlət proqramında qoyulmuş məqsədlərə çatmaq üçün respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması, dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi, vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin həyata keçirilməsi, informasiya cəmiyyətinin qurulması üzrə görülən işlərə ictimai nəzarətin təmin edilməsi və sair nəzərdə tutulur.

İnsanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir. İKT də daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Respublikamız tükənən sərvət olan "qara qızıl"ın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirir. Görülən işlər isə deməyə əsas verir ki, ölkəmiz yaxın illərdə İKT sahəsində regional mərkəzə çevriləcək, Qərblə Şərq arasında informasiya axınını təmin edəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 15 avqust.- S. 1.