Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

 

Yüksək dövlət qayğısı ilə əhatə olunmuş qaçqın və məcburi köçkünlər tezliklə doğma torpaqlarına qayıdacaqlarına əmindirlər

 

Dağlıq Qarabağ probleminin hələ də davam etməsi müasir dünyamızda ədalət adlanan prinsipə beynəlxalq birliyin nə qədər ədalətsiz yanaşmasının göstəricisidir. Sözügedən münaqişənin başlanması ilə Azərbaycan nəinki ərazi itkisinə məruz qaldı, eyni zamanda humanitar fəlakətlə üzləşdi. Lakin Azərbaycanın ərazilərinin zor gücünə işğal edilməsinə göz yuman dünya birliyi yaşanan humanitar fəlakətə, xalqımıza qarşı ermənilərin xarici havadarlarının hərtərəfli dəstəyilə törətdiyi soyqırımlara da lazımi reaksiya vermədi. Tarixən Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən ağlagəlməyən vəhşiliklərlə qovulan azərbaycanlıların səsini dünya eşitmədi. Bunun ardınca yüz minlərlə Azərbaycan sakini öz doğma torpaqlarında yenə də soyqırımlara məruz qalaraq məcburi köçkünə çevrildi.

 

Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, Azərbaycanın yaşadığı qaçqın və məcburi köçkünlər probleminə dünyanın indiki reaksiyası əvvəlkindən elə də fərqlənmir. Əks halda Ermənistandan qəti şəkildə Azərbaycan ərazilərinin işğalına son qoymaq tələb olunar, yurd-yuvalarından didərgin salınmış insanların öz doğma ocaqlarına qayıtması təmin edilərdi. Elə qaçqın və məcburi köçkünlərin dünya birliyindən gözlədiyi əsas və yeganə məqam budur. Onların üzləşdikləri sosial və digər problemlərin həllində Azərbaycan dövləti heç bir beynəlxalq yardıma ehtiyac olmadan lazımi addımlar atır və bu istiqamətdə görülən işlərin miqyası daim artır. Azərbaycanın iqtisadi qüdrətinin güclənməsinə paralel olaraq hər ötən il məcburi köçkünlərin sosial vəziyyəti daha da yaxşılaşdırılır. Düzdür, indi Azərbaycan malik olduğudöyüş qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü ordusu hesabına ərazi bütövlüyünü qısa zaman ərzində həll etmək, bununla qaçqın və məcburi köçkünlər probleminiaradan qaldırmaq iqtidarındadır. Lakin problemin sülh yolu ilə həllinə inamümid olması Azərbaycanın hələlik güc yolundan istifadəsinə lüzum yaratmır. Bu şəraitdə Cənubi Qafqazda, eləcə də Azərbaycanın Dağlıq Qarabağona bitişik işğal altındakı 7 rayonda yenidən müharibə görmək istəmədiyini hər fürsətdə bəyan edən dünya birliyi də qəti addımlar atmalı, Ermənistanın təcavüz siyasətinə son qoyulması üçün işğalçı ölkəyə qarşı təzyiqləri artırmalıdır. Əks halda Ermənistanın işğal siyasətini davam etdirməsi müharibəni qaçılmaz edir ki, bütün Azərbaycan xalqı, o cümlədən məcburi köçkünlər öz doğma torpaqları uğrunda müsəlləh bir əsgər kimi döyüşməyə, Ali Baş Komandanın, Prezident İlham Əliyevin əmrlərini yerinə yetirməyə hazırdırlar.

Doğma torpaq həsrətinə son qoyulacaq günün elə də uzaqda olmadığına inanan qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları məntəqələrdə, qəsəbələrdə hər cür şəraitin yaradılması isə dövlətin bu qəbildən olan insanlara qayğısının əyani təzahürüdür. Bu qayğının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qaçqın və məcburi köçkünlər heç zaman unutmurlar. Çünki bədnam qonşularımızın başladığı işğalla qaçqın və məcburi köçkünə çevrilən bu insanların ilk illərdə üzləşdikləri sosial problemlərin həlli üçün lazımi addımlar atılmadı. Belə vəziyyət onların sosial durumunu daha da ağırlaşdırırdı. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər müxtəlif ölkələrin dövlət başcıları, rəsmi şəxsləri ilə çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunur, bunu ölkədə bir nömrəli problem adlandırırdı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləriylə keçirdiyi 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən çox görüşlərində, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemə xüsusi olaraq toxunur, onun həlli vacibliyini konkret faktsübutlarla əsaslandırırdı. Məhz ulu öndərin diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı, münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar qəbul edildi.

Bütün bunlara paralel olaraq ölkə daxilində də ata-baba ocaqlarından didərgin salınan insanların probleminin, xüsusən də üzləşdikləri sosial çətinliklərin həlli məqsədilə konkret addımlar atıldı. 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi. 1999-cu ildə ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırılmışdı. Ulu öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkir, söhbətlər aparır, onların problemlərini elə yerindəcə dinləyir, həlli istiqamətində müvafiq göstərişlər verirdi. Bu insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçünkonkret addımlar atıldı. Ulu öndər Heydər Əliyevin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində AğdamFüzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli və "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli 7 nömrəli fərmanlarına uyğun olaraq Biləsuvar, FüzuliAğdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu olan 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.

Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluq səviyyələrinin yüksəldilməsi istiqamətində görülən işlərin miqyasının cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra daha geniş miqyas almağa başlaması dövlət başçısının bu insanlara bilavasitə diqqət və qayğısının konkret təzahürüdür. Xatırlatmaq yerinə düşərdi ki, cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdiburada bildirdi ki, ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq. Xalqın iradəsi ilə Azərbaycan Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin 2004-cü ilin iyulunda müvafiq sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildi. Məhz bu proqramorada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkünlərə daim dövlət qayğısının bir daha əyani təsdiqi oldu. Ümumilikdə Dövlət Proqramında 22921 ailənin - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min yerinin yaradılması nəzərdə tutulurdu. 2007-ci ildə həmin proqrama edilən əlavələr sayəsində isə yenimüasir evlərlə, yerləri ilə təmin olunan qaçqın və məcburi köçkünlərin sayı xeyli artdı və bu proses indidavam edir.

Dövlət başçısı qaçqın və məcburi köçkünlərlə görüşlərə də hər zaman xüsusi əhəmiyyət verir. Hələ 2004-cü ilin sentyabrında Bərdə rayonuna səfəri zamanı buradakı çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşündə Prezident İlham Əliyev demişdi: "Ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir". Bundan sonra ötən 3 il ərzində ölkəmizdə sonuncu çadır şəhərciyi də ləğv olundu.

Burada mühüm bir önəmli fakt xüsusi qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək qaçqın və məcburi köçkünlərə təxminən 3 milyard dollar vəsait xərclənib. Həmin vəsaitin 800 milyon dollarını beynəlxalq təşkilatlar, qalan hissəsini isə Azərbaycan hökuməti ayırıb. Onu da bildirək ki, qaçqın və məcburi köçkünlərin saxlanması üçün Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Cari il üçün isə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına 310 milyon manat vəsait ayrılıb. Vəsaitin 203 milyon manatı dövlət büdcəsindən, 80 milyon manatı Dövlət Neft Fondundan, 27 milyon manatı isə humanitar təşkilatların büdcələrindən maliyyələşdirilməsi nəzərdə tutulur. Ümumiyyətlə isə dövlət büdcəsindən, Neft Fondundan qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ayrılan vəsaitin həcmi son illərdə xeyli artıb, onların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət gücləndirilib.

Hesablamalar göstərir ki, 2001-2009-cu illərdə Dövlət Neft Fondundan ayrılan 612,9 milyon manat və digər mənbələrdən verilən 33,2 milyon manat hesabına 18190 ailədən ibarət 81,8 min nəfər daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün 63 qəsəbə və fərdi evlər, həmçinin 123 məktəb, 4 musiqi məktəbi, 37 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilib. Bu zaman 542 kilometr yol, 645 kilometr su xətti, 1007 kilometr hava elektrik xətti çəkilib, 81,5 kilometr qaz, 33,1 kilometr kanalizasiya, 1,27 kilometr istilik xətləri quraşdırılaraq istifadəyə verilib, 11 min hektarda irriqasiya işləri aparılıb, 537 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Eyni zamanda Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşdırılması üçün respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində 1330 ev tikilərək onların istifadəsinə verilib.

1993-2009-cu illər ərzində isə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi 969,3 milyon manat təşkil edib. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlər yemək xərci üçün müavinətləri bankomatlar vasitəsi ilə alırlar.

Cari ilin ilk altı ayının yekunlarının təhlili də qaçqın və məcburi köçkünlərin yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunduğunu göstərir. Hesabat dövrü ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq fəaliyyəti Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"ndan və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Proqramına edilmiş əlavələrdən irəli gələn vəzifələrin tələblərinə uyğun olaraq davam etdirilibbu qəbildən olan insanların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər tələb olunan səviyyədə və vaxtında yerinə yetirilib. Belə ki, Ağdam rayonu ərazisində məskunlaşmış 689 məcburi köçkün ailəsi üçün bütün infrastrukturu olan müasir tipli qəsəbənin, Naftalan şəhərindəki "Qarabağ" sanatoriyasında məskunlaşmış 164 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun ərazisində 3 ədəd beşmərtəbəli yaşayış binalarının, Yevlax rayonunun ərazisində 612 məcburi köçkün ailəsi üçün 10 ədəd beşmərtəbəli binalardan ibarət məhəllənin tikinti işləri vüsətlə davam etdirilir. Bunlardan başqa, Horadiz şəhərində idman kompleksinin, Biləsuvar rayonunun ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyətinin binasının tikinti-quraşdırma işləri də artıq başa çatdırılıb. Həmçinin, Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalarda, ictimai binalarda, sanatoriyalarda təmir işləri aparılır. Təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin 50-sində təmir işləri sona yetib. Qalan 80 obyektdə isə təmir işləri sifarişçi təşkilat olan Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dünya Bankının krediti hesabına həyata keçiriləcək.

İmişli rayonunun ərazisində 500, Mingəçevir şəhərində 502, Şəkidə 423, Ağcabədi ərazisində fin tipli qəsəbələrdə və məktəblərdə məskunlaşmış 1108, Ağdam rayonunun "Dördyol" adlanan ərazisindəki yeraltı qazmalarda, çiy kərpicdən tikilmiş daxmalarda yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində, 758 ailə üçün Abşeron rayonunun Masazır kəndi ərazisində, həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu olan yeni qəsəbələr və hündürmərtəbəli yaşayış binaları üçün torpaq sahələri ayrılıb. Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhərində hərbi hissələrə aid binalarda məskunlaşmış 289, Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış 384 və Abşeron rayonunda 376 məcburi köçkün ailəsinin köçürülməsi məqsədilə Dövlətqaçqınkoma Qaradağ rayonunun inzibati ərazisindəki 14 nömrəli qış otlağından 22 hektar torpaq sahəsi verilib.

Qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması baxımından yeni yerlərinin yaradılması da diqqət mərkəzindədir.

Bütün bunlar Azərbaycan dövlətinin, onun başçısının qaçqın və məcburi köçkünlər probleminə nə dərəcədə həssas yanaşmasının, onların sosial problemlərinin həlli, həyat səviyyələrinin yüksəldilməsi istiqamətində konkret addım atmasının parlaq nümunələridir.

Qaçqın və məcburi köçkünlərin üzləşdiyi çoxsaylı problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və onların həlli istiqamətində Heydər Əliyev Fondu da misilsiz xidmətlər göstərir. Xatırladaq ki, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr edilən "Azərbaycan" internet portalı yaradılıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən məcburi köçkün uşaqların təhsil problemlərinin həllinə daim böyük qayğı göstərilir, onlarla mütəmadi görüşlər keçirilir.

Hazırda isə hökumət tərəfindən beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlar ilə birlikdə "Böyük Repatriasiya (Böyük Qayıdış)" Proqramının layihəsinin hazırlanması ilə əlaqədar müəyyən işlər görülür. Artıq 34 dövlət orqanından və 14 beynəlxalq təşkilatdan müvafiq təkliflər alınıb. Yurd-yuvalarından didərgin salınmış insanlar tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına və Prezident İlham Əliyevin apardığı siyasətin buna xidmət etdiyinə tam əmindirlər. Bu əminlik isə məcburi köçkünlərin Prezident İlham Əliyev ətrafında daha sıx birləşməsinə rəvac verir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 15 avqust.- S. 6.