Aleksandr Düma Azərbaycanda
"Qurd keçid"ə gəldikdə isə, deməliyəm ki, bu da başqa bir aləmdir. Bu qəribə kaha Bakıdan 5 kilometr aralıda bir qayanın döşündə yerləşir. Yönü Etna vulkanının xarabazarlığa çevirdiyi Siciliya çökəkliyinə çox oxşayan bir dərəyə baxır. Təkcə Etna ətrafa yayılan lavaları ilə bu qəmgin, ürəksıxıcı mənzərəni andıra bilər: boz və çılpaq torpaq, durğun su gölməçələri, iki uca dağ arasında vadi, uçurum, heç bir bitki izi görünməyən yerlər. Budur "Qurd keçidi"nin başından görünən mənzərə".
Aleksandr Düma Bakıda olarkən Xan qızı Natəvanla görüşmüş və bu görüşün təəssüratlarını məmnuniyyətlə qələmə almışdır: "Səbirsizliklə gözlədiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin - gənc xanımın əri iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehduqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Gənc xanımın iki uşağı da vardı. Anası kimi milli geyimdə olan 3-4 yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. 5-6 yaşlı oğlan uşağı isə nənəsinin dizinə sıxılmış və sövq-təbii kiçik əlini belindən asılı xəncərin üstünə qoymuşdu. Mən mat qalmışdım. Bu, fransız qadının uşağın oynamasına icazə verə biləcəyi oyuncaq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu, birinci uşaq oyuncağı hesab olunur...".
Aleksandr Düma köhnə Bakını, neft buruqlarını, Xəzər dənizini sevə-sevə təsvir edir. Onun Atəşgahla tanışlığı yazıçıda böyük təəssüratlar oyadır: "Biz indi atəşpərəstlərin müqəddəs məbədinə - Atəşgaha gedirdik. İki saat yol gedəndən sonra bir təpənin başına çatdıq. Oradan bütün Atəşgah, onun od-alovu ovuc içi kimi aydın görünürdü. Məndən sonra atəşpərəstləri görmək istəyən həmvətənlərim tələsməlidirlər. Çünki ibadətgahda yalnız bir qoca və 30-35 yaşlı iki cavan adamdan başqa atəşpərəst qalmayıb. Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük, dördkünc həyətin ortasında gümbəzli səcdəgah ucalır, səcdəgahın tam ortasında əbədi alov şölələnir".
Aleksandr Düma köhnə Bakının dükan-bazarından da söhbət açır, bazarı bütün incəlikləri ilə göz önündə canlandırır. Rəssam Moynenin rəsmləri isə bu deyilənləri daha da canlı edir: "Burada hər şey bir-birinə qarışır. Bir yanda toz-torpaq, bir yanda həşəratlar, başqa bir tərəfdə isə mis qablarda hazırlanan yeməklərin ətri... Bəli, Şərq belədir: ətirli yeməklər, daş-qaş, silahlar, toz-torpaq - hamısı bir-birinin yanında. Bazarda bir alış-veriş gedirdi ki, gəl görəsən: İran ipəkləri, Qarabağ xalıları, türk məxmərləri, Lənkəran yastığı, gürcü tikmələri, Tiflis baftaları, nə bilim daha nə! Hamısı adama gəl-gəl deyir".
Yazıçı Xəzərin sahilində dayanıb bu böyük dənizə öz sevgisini bildirir. Belə vaxtda Aleksandr Düma realist bir yazıçıdan çox şairə bənzəyir: "...Ey qəfəsə salınmış quş kimi çırpınan Xəzər! Sən başqa dənizlərə birləşə bilmədiyinə görə heyifsilənir, köksün ötürürsən. Sən çəkilmə və qabarmanın nə olduğunu bilmirsən. Bir Allah bilir, bu qədər çayların suyunu nə edirsən? Əvəzində havaya bir az od və palçıq atırsan. Kim deyə bilər ki, adları belə unudulmuş neçə-neçə xalq sənin sahilinə gəlməmiş və onu qarış-qarış gəzməmişdir. Kim deyə bilər ki, neçə-neçə insanı öz qoynuna alıb onlardan heç əsər-əlamət saxlamamısan. Təkcə hərdənbir dalğaların sahillərə atdıqlarından bilmək olur ki, sənin qoynunda nə qədər sərvətlər gizlənmişdir. Bəli, qəmgin dəniz! Mənim də bir çox xüsusiyyətlərim sənə oxşayır. Elə sənin də mənimlə uyğun cəhətlərin var. Lakin sənin nə azad istiqamətin, nə də əşyalar haqqında təsəvvürün vardır. Sən necə var, elə də olmalısan, başqa cür ola da bilməzsən. Amma mən olduğum kimi yox, dönüb başqa cür də ola bilərəm. Di yaxşı, əlvida Xəzər dənizi! Mən səni görməyi o qədər arzulamışdım ki...".
Aleksandr Düma Bakıdan sonra qədim Şamaxıya baş çəkib, bir neçə gün onun qonağı olub. Şamaxı ilə bağlı söylədikləri tariximizi öyrənmək baxımından olduqca maraqlıdır.
Şamaxıdan çıxdıqdan sonra yazıçı Nuxada - Şəkidə qonaq olur. O dövrkü Nuxa Aleksandr Dümanın qələmində qeyri-adi rəngləri və əhvalatları ilə yadda qalır: "Biz yolumuza davam etdik. "Xan sarayı", şəhərin ən yüksək bir nöqtəsində, başqa tarixi binalardan fərqli olaraq müasir memarlıq üslubunda tikilmişdir. 1792-ci ildə Məhəmməd Həsən xanın tikdirdiyi "Xan sarayı" valehedici və insana "gəl-gəl" deyən bir imarətdir. Məhəmməd Həsən xanın mənsub olduğu xanədanın tarixi 1700-cü ildən başlayır. Onun əsasını bu sülalənin ən hörmətli və məşhur adamı Hacı Çələbi xan qoymuşdur. 1735-ci ildən 1740-ci ilə qədər o, Nadir şaha qarşı çox döyüşlərdə iştirak etmiş, bütün Şirvanı azad edərək Tiflisə qədər gedib çıxmışdır. Çar ordusu 1828-ci ildə Nuxanı tutanda "Xan sarayı" dağıdılmışdı. "Xan sarayı" elə füsunkar gözəlliyə malik abidədir ki, yalnız memar fırçası onun necə birləşdirildiyi məlum olmayan saysız-hesabsız şəbəkə və naxışlarını yenidən canlandıra bilər. Doğrudur, adlı-sanlı adamların, knyazların orada gecələməsi üçün "Xan sarayı" bərpa olunmağa başlamışdır. Lakin bərpa işləri yalnız birinci mərtəbədə aparılmışdır. Bu füsunkar sənət abidəsinin tam bərpasını davam etdirmək əvəzinə onu başlı-başına buraxmışlar. Nuxanın çox da böyük olmayan "Xan sarayı"ndan ayrılanda ürəyimdən istər-istəməz bir fikir keçdi: "Xudaya, sən özün bu gözəl və tarixi abidəni yadellilərdən qoru!"
Aleksandr
Düma eyni sevgi ilə azərbaycanlıların əlindəki
silahlardan, şahin ovundan, qoç döyüşündən,
pəhləvanların güləşindən yazır, qonaq
olduğu hər bir yeri məhəbbətlə təsvir edir.
Yazıçı o dövrkü Nuxanı dünyaya
tanıdan ipəkçilik sənətindən də söhbət
açır: "Nuxanın əsas ticarətini ipək təşkil
edir. Onun bir fabriki var - o
da toxuculuq fabriki deyil, əyrici fabrikdir. Bu fabrik hər il 6
milyonluq xammal ixrac edir. Şəhərin evlərini kölgələrə
qərq edən gözəl ağacların bir hissəsi tut
ağaclarıdır. Onların atlas kimi yarpaqları ölkənin
var-dövlətini təşkil edən milyardlarla barama
qurdlarını yemləyir. İtaliyanın cənubunda Pyemon
və
Böyük fransız
yazıçısı Nuxadan ayrılıb Gürcüstana,
ordan isə İstanbula yola düşüb. Gedərkən
özü ilə apardığı hədiyyələr ona o
qədər əziz idi ki, böyük sevgi ilə səyahətində
yazırdı ki, mən çox istərdim ki, Qafqaza bir də
gəlim. "Əgər buraya bir də qayıdıb gəlmək
qismət olsaydı, onda buraya silahdan başqa heç nə gətirməzdim
və Fransaya bir milyonçu kimi qayıdardım...".
Hər şeyin sonu olduğu kimi, bu səyahətin də sonu var. Bu səyahətə görə fransız xalqının məşhur oğlu Dümaya minnətdarıq. Çünki yurdumuza, tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə bir daha onun gözü ilə baxdıq. "Tarix - mənim üçün romanlarımı asdığım mismara bənzəyir" - deyən Düma Azərbaycanın adına layiq bir əsər qoyub gedib. O əsər isə bütün dövrlərdə oxunduqca-oxunacaq...
Bəxtiyar QARACA
Azərbaycan.- 2010.-15
avqust.- S. 8.