Abdullah Gül: "Dondurulmuş münaqişələr birdən-birə böyük problemə çevrilə bilər"
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana səfərə yola düşməzdən əvvəl İstanbulun Atatürk hava limanında mətbuat konfransı keçirmişdir.
Abdullah Gül demişdir ki, Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün çox mühümdür və bunun önəmini Azərbaycanda bir daha vurğulayacağam. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmasının zəruriliyini də təkrar edəcəyini bildirən Türkiyə dövlətinin başçısı demişdir ki, Cənubi Qafqazda göstərəcəyimiz səyləri hörmətli qardaşım İlham Əliyevlə bir daha gözdən keçirəcəyik. Abdullah Gül xüsusi vurğulamışdır ki, dondurulmuş münaqişələr, həmçinin uzunmüddətli münaqişələr birdən-birə böyük problemə çevrilə bilər.
Türkiyə dövlətinin başçısı səfər çərçivəsində Bakıda Ziraat Bankının təsis etdiyi Azəri-Türk Bankının yeni binasının açılışında iştirak edəcəyini və türk firmasının inşa etdiyi poladtökmə zavodu ilə tanış olacağını, sonra Azərbaycanın və türk dünyasının qədim şəhərlərindən biri olan Şəkiyə gedəcəyini söyləmişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 17 avqust.- S. 2.