Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı

 

Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

 

- Hörmətli cənab Prezident, əziz qardaşım!

Hörmətli qonaqlar!

Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Mən şübhə etmirəm ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çox mühüm rol oynayacaqdır.

Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keçmişi vardır. Əsrlər boyu xalqlarımız bir yerdə, dostluq-qardaşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuşlar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələrimiz bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni sahələrdə - bütün sahələrdə aramızda çox ciddi birliyi, əməkdaşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır.

Bu gün biz Sizinlə təkbətək görüşdə və nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə bütün bu məsələləri geniş müzakirə etdik, ikitərəfli münasibətlərimizi bir daha təhlil etdik, gələcək fəaliyyət haqqında fikir mübadiləsi apardıq və bir daha gördük ki, münasibətlərimiz, sözün əsl mənasında, qardaşlıq xarakteri daşıyır. Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edirbundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir.

Qeyd etdiyim kimi, əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Bu gün biz Sizinlə iqtisadisiyasi sahədəki əməkdaşlığımızı müzakirə etdik. Bu yaxınlarda Türkiyə-Azərbaycan biznes forumunun keçirilməsi iqtisadi sahədə çox mühüm bir hadisə idi. Biz nəinki qarşılıqlı yatırımların həcmini artırırıq, eyni zamanda, artıq üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu haqqında ciddi fikir mübadiləsi aparırıq və əminəm ki, bu sahədə yaxşı nəticələr ola bilər.

Neft-qaz sahəsindəki əməkdaşlığımızın böyük tarixi vardır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir və gələcəkdə bu fəaliyyət daha da geniş olacaqdır. Bu gün bu mühüm layihələr yeni vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Həm bölgədəki vəziyyətə müsbət təsir göstərir, eyni zamanda, gələcək çoxtərəfli regional əməkdaşlıq üçünmühüm şərt kimi mövcuddur.

Bu gün biz bərabər həyata keçirdiyimiz dəmir yolu layihəsi üzərində işləyirik. Bu yol da həm Türkiyəni Azərbaycanla, eyni zamanda, Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu yolun tikintisi nəticəsində həm siyasi, həm iqtisadi maraqlarımız tam şəkildə təmin olunacaqdır. Buna bənzər digər layihələr mövcuddur, danışıqlar mövzusudur və əminəm ki, iki xalqın ortaya qoyduğu iradə sayəsində biz bütün məqsədlərimizə çatacağıq.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr türkdilli ölkələr arasındakı əlaqələrə ciddi təsir göstərir. Bu sahədə də fikirlərimiz üst-üstə düşür. Keçən il Naxçıvanda keçirdiyimiz zirvə görüşüo görüş zamanı əldə edilmiş razılaşmalar artıq reallaşır. Yaxın zamanlarda Türkiyədə keçiriləcək növbəti zirvə görüşü də əminəm ki, çox uğurlu olacaq və beləliklə, türkdilli ölkələrin əməkdaşlığı daha da genişlənəcəkdir. Bütövlükdə türk dünyasının birləşməsi üçün Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri vardır.

Biz bütün başqa sahələrdə qardaş, dost kimi əməkdaşlıq edirik, iş birliyi aparırıq. Bu, bizim strateji xəttimizdir. Dahi liderlərimiz bu yolu bizə göstəriblər. Böyük öndər Mustafa Kamal Atatürkün kəlamı yadıma düşür. O demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Bax, bu kəlamlar bizə yol göstərir və bu yolda biz çiyin-çiyinə irəliləyirik və böyük zirvələri fəth edirik. Mən əminəm və şübhə etmirəm ki, bundan sonrakı dövrdə də həmişə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir.

Müzakirə etdiyimiz məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də var idi. Bu barədə də biz çox geniş danışdıq və fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğaletnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır, qaçqın-köçkün vəziyyətində yaşayır. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, bütün beynəlxalq hüquq normaları pozulmuşdur. Beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti məsələnin həlli ilə bağlı çoxsaylı qətnamələr, qərarlar qəbul etmişdir və onların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd-şərtsiz tələb edir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi məsələnin həlli üçün imkan yaratmır. Ancaq Azərbaycan bundan sonra da ərazi bütövlüyünün bərpası üçün bütün lazımi tədbirləri görəcək, öz siyasidiplomatik səylərini artıracaqdır. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Fürsətdən istifadə edərək Sizə və bütün qardaş türk xalqına Azərbaycana bu məsələ ilə bağlı daim dəstək verdiyinizə görə minnətdarlığımı, təşəkkürümü bir daha bildirmək istəyirəm.

Bir daha əziz qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfəriniz çox uğurlu olacaqdır. Sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 avqust.- S. 2, 3.