Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı

 

Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.

 

 

 Türkiyə Prezidenti Abdullah GÜL bəyanatla çıxış edərək dedi:

 

- Cənab Prezident, hörmətli qardaşım İlham Əliyev!

Hörmətli mətbuat nümayəndələri!

Qardaş Azərbaycana bu səfərimlə əlaqədar mənə, heyətdəki hörmətli nazirlərə, deputatlara və bütün heyət üzvlərinə göstərdiyiniz böyük qonaqpərvərliyə görə təşəkkür edirəm. Özümüzü evimizdə hiss edirik. Azərbaycana nə zaman gəlsək daim bu hissləri yaşamışıq və hər gəlişimizdə Azərbaycanın inkişaf etdiyini, gücləndiyini, daha da irəliyə parladığını görmək bizi xoşbəxt etməkdədir. Sizin də dediyiniz kimi, biz bir millətin ayrı-ayrı iki dövlətiyik. Bu iki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq və qardaşlıq hissləri ilə dolu olması vacibdir. Biz də bu anlayış çərçivəsində daim və tez-tez görüşürük, ətraflı məsləhətləşirik və əməkdaşlıq edirik. Bu həmrəyliyimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bugünkü səfərimdə Sizinlə təkbətək və geniş tərkibdə görüşlərdə bütün bu məsələləri müzakirə etdik. İkitərəfli əlaqələrimiz siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etməkdədir. Bunları daha çox inkişaf etdirmək üçün bu gün bir çox tədbirləri də müzakirə etdik. Daha çox qarşılıqlı iş qurmaları, qarşılıqlı sərmayə qoymaları üçün şirkətlərimizi qarşılıqlı olaraq təşviq edirik. Azərbaycan şirkətlərinin Türkiyəyə qoyduqları sərmayələrdən böyük bir məmnuniyyət duyuruq. Türk şirkətlərinin də buradakı uğurları ilə qürur duyuruq.

Siyasi sahədəki əlaqələrimiz də mühüm əhəmiyyət kəsb edir. Bunu eyni qaydada davam etdirəcəyik. Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bunun ən bariz nümunəsidir. Bu müqaviləyə müvafiq olaraq həmrəyliyimizi gücləndirərək inkişaf etdirəcəyik.

Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün həyata keçirilməli olan tədbirlər barədə bu gün yenə ətraflı müzakirələr apardıq. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırılması - bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müzakirə etdik. Bunu müzakirə edərək qısa müddət ərzində bu problemin həllinin zəruri olduğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının çox çətin şəraitdə yaşadığını bilirik. Əslində bütün dünya bu həqiqəti görməlidir. Uzun illərdir, 18 ildir ki, dünyada bu problemə kifayət qədər diqqət yetirilmədi. Ümid edirik ki, artıq bunun da zamanı gəlib çatmışdır və bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir.

Bu istiqamətdə fəaliyyətimizə və müzakirələrimizə davam edəcəyik. Çünki bu məsələni dondurulmuş şəkildə saxlamaq doğru deyildir. Dondurulmuş münaqişələr gözlənilmədən çox böyük problemə çevrilə bilər. BMT-nin müraciəti var, bir az əvvəl Sizin dediyiniz kimi, İslam Konfransı Təşkilatının, digər beynəlxalq təşkilatların hər zaman müraciətləri olmuşdur. Bütün bu müraciətləri nəzərə alaraq dost ölkələr, region ölkələri, bu regionla tarixi əlaqələri olan bütün qonşu ölkələr problemin həlli istiqamətində son dərəcə fəal olmalı və kömək etməlidirlər. Ümid edirəm ki, əvvəlki illərdə bu istiqamətdə görülən işlər yenə intensiv qaydada davam edəcəkdir.

Türkiyə bu istiqamətdə fəaliyyətinə davam edəcək, şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi aparacaqdır. Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz davam edəcəkdir. Mən bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də buradan bəyan etmək istəyirəm. Türk xalqının bütün azərbaycanlı qardaşlarına olan sevgi və məhəbbət duyğularını burada bir daha bütün azərbaycanlı qardaşlarıma mətbuat nümayəndələri vasitəsilə bəyan etmək istəyirəm.

Bizə göstərilən qonaqpərvərlik və yaxın qardaşlıq münasibəti üçün bir daha təşəkkür edirəm.

 

* * *

 

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

 

* * *

 

Uğur Alıcı (TRT): Birinci sualım hər iki pezidentədir. İki ölkə arasında münasibətlər tarixi əlaqələrə bağlıdır. Bu çərçivədə viza rejiminin aradan qaldırılması məsələsi səfər zamanı müzakirə olundumu? Digər sualım isə Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin həllindəki son vəziyyətlə əlaqədardır. Ermənistanın nizamlanma prosesi ilə bağlı göstərdiyi diplomatik yol çözümsüzlüyə istiqamətlənibmi? Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Bu gün görüş zamanı gündəlikdə olan bütün məsələlər müzakirə olundu və çox ciddi fikir mübadiləsi aparıldı. Qeyd etdiyim kimi, bütün məsələlər çox səmimi və qardaşlıq şəraitində müzakirə olundu. Türkiyə ilə Azərbaycan arasında çoxsaylı müqavilələrin olması aramızdakı əlaqələrin inkişafı üçün hüquqi zəmin yaradır. Beləliklə, deyə bilərəm ki, bütün sahələrdə aramızdakı əlaqələri hüquqi sənədlər tənzimləyir. Viza məsələsi də bu gün müzakirə olundu. Bu məsələnin həlli üçün Azərbaycan da daxili prosedurlar keçməlidir. Bu məsələlər daxildə bir daha müzakirə edilməlidir. Bildiyiniz kimi, Türkiyə bütün türkdilli ölkələrlə vizaların birtərəfli qaydada qaldırılması üçün praktiki addımlar atmışdır. Biz bu addıma görə çox minnətdarıq. Ümid edirəm ki, bütün daxili prosedurlar başa çatandan sonra Azərbaycan tərəfindən də buna bənzər addım atılacaqdır.

O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə, mən deyə bilərəm ki, biz artıq həlledici mərhələdəyik. Çünki son 5-6 il ərzində aparılan danışıqlar müəyyən təkliflərin hazırlanmasına gətirib çıxarmışdır. Bu təkliflər Minsk qrupu tərəfindən rəsmi şəkildə Ermənistana və Azərbaycana təqdim edilmişdir. Təkliflər balanslaşdırılmış mahiyyət daşıyır. Təkliflərin qəbul olunacağı təqdirdə məsələnin dinc yollarla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkün olacaqdır. Təkliflərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın işğala məruz qalmış bölgələrindən Ermənistanın işğalçı qüvvələri çıxarılır və Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Bununla bərabər, təhlükəsizliyin təmin olunması üçün bölgədə sülhməramlı qüvvələr yerləşdirilir. Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyət göstərməsi və digər məsələlər nəzərdə tutulur. Yəni, məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal altından çıxır və beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəzərdə tutulur.

O ki qaldı Dağlıq Qarabağın son statusuna, bu, gələcəyin işidir. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan kənarda heç bir statusuna Azərbaycan heç vaxt öz razılığını verməyəcək və beynəlxalq hüquq normaları bu mövqeyi müdafiə edir. Əgər Ermənistan tərəfi konstruktivlik nümayiş etdirərsə və beynəlxalq normalara hörmətlə yanaşarsa, bütün beynəlxalq təşkilatların qətnamələrinə riayət edərsə və başqa ölkənin torpaqlarından öz işğalçı qüvvələrini çıxararsa, o zaman məsələ öz həllini tezliklə tapa biləcəkdir. O zaman Ermənistanla Azərbaycan arasında sülh yaranacaq, bütün kommunikasiyalar açılacaq və bölgəyə geniş mənada əməkdaşlıq gələcəkdir. Biz bunu arzulayırıq və Ermənistan tərəfindən konstruktiv addımları gözləyirik.

Abdullah GÜL: Bəli, hörmətli Prezident izah etdi, onun dediklərinə mən də eynilə qatılıram. Viza ilə bağlı məsələni təbii ki, müzakirə etdik. Hazırkı durumda Azərbaycanın bəzi mülahizələri vardır ki, bu məsələləri aidiyyəti qurumlarımız müzakirə edəcəklər və ümid edirəm ki, bu iş yaxın zamanlarda başa çatacaqdır.

Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı şübhəsiz ki, çox geniş müzakirələr apardıq, son vəziyyəti cənab Prezident ətraflı şəkildə izah etdi. Əminik ki, biz Qafqazı sabit əməkdaşlıq bölgəsinə çevirəcəyik. Bunun üçün də bu problem həll edilməlidir. Bu münaqişə 18 ildir bu qaydada davam etmişdir, bundan sonra belə davam etməməlidir. Bunun üçün mütləq görüşmək, müzakirə aparmaq, bəzən açıq, bəzən gizli diplomatik fəaliyyət göstərmək lazımdır. Şübhəsiz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu hər kəs bilməlidir. Çünki BMT-nin tanıdığı sərhədlərin hər hansı şəkildə başqa bir ölkə tərəfindən işğalı nə beynəlxalq hüquq tərəfindən qəbul edilə, nə də hər hansı şəkildə müsbət qarşılana bilər. Bu baxımdan bu problemin həlli üçün hamımız hər cür kömək göstərməyə davam edəcəyik.

Sevinc İsgəndərova (Space TV): Mənim sualım Türkiyə Prezidenti cənab Abdullah Gülədir. Hörmətli cənab Prezident, bundan əvvəl mediada 2010-cu il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə-Ermənistan sərhədinin açılması ehtimalı barədə məlumatlar getmişdi. Bu məsələyə münasibətinizi bildirməyi xahiş edirik. Təşəkkür edirəm.

Abdullah GÜL: Bu mövzunu bir az əvvəl də müzakirə etdik. Qafqazın sabitlik və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün bütün problemləri müzakirə etməyimiz, bunları sülh şəraitində həll etməyimiz vacibdir. Bütün bunlar bölgədə daha geniş əməkdaşlığa, bölgədə sərhədlərin açılmasına, yeni yolların çəkilməsinə, daha böyük iqtisadi fəaliyyətə imkan verəcəkdir. Bunun üçün hamımız birlikdə bu fəaliyyəti həyata keçiririk. Bəzən siz görürsünüz, açıq müzakirə edirik. Bəzən də sizin görmədiyiniz, - diplomatiya belədir, böyük problemlər, çox mühüm problemlər belə həll olunur - səssiz, amma qətiyyətli fəaliyyətlə həll olunur.

Ümid edirəm ki, bölgədəki bütün problemlər həll ediləndən sonra daha geniş əməkdaşlıq məkanı ortaya çıxacaqdır. O zaman mövcud yollardan əlavə yeni yollar, yeni dəmir yolları çəkiləcəkdir. Bu bölgə inanılmaz şəkildə çox cəlbedici əraziyə çevriləcəkdir və bölgədəki bütün xalqlar daha firavan yaşayacaq, daha xoşbəxt olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 avqust.- S. 2, 3.