Türkiyə Azərbaycanın
maraqlarına zidd addımlar atmayacaq və Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli üçün
səylərini əsirgəməyəcəkdir
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül avqustun 16-da Milli Məclisə gəlmişdir.
Ali qonağı parlamentin binası önündə Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşıladılar.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov və Türkiyə Prezidenti Abdullah Gül arasında görüş olmuşdur.
Parlamentin Sədri Oqtay Əsədov dost və qardaş ölkənin dövlət başçısı Abdullah Gülün Azərbaycana rəsmi səfərə gəlməsindən məmnun qaldığını bildirmişdir. Milli Məclisin Sədri demişdir ki, eyni dilə, dinə, mədəniyyətə, soykökə malik olan xalqlarımız arasında münasibətlər ən yüksək səviyyədədir. Bu cür səfərlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Ölkələrimiz arasında 148 mühüm sənəd imzalanmışdır. Bu gün isə strateji əməkdaşlığa dair yeni bir sənəd imzaladınız. Bu sənədlər bizim ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün hüquqi baza yaratmışdır. Bu, eyni zamanda, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının işinin daha da fəallaşmasına təkan verir. Azərbaycan və Türkiyə deputatları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birilərinə dəstək olurlar. Biz Strateji Əməkdaşlıq Şurasının yaradılması istiqamətində də işlərimizi davam etdiririk və düşünürəm ki, yaxın vaxtlarda məqsədimizə nail olacağıq. Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş zirvə toplantısında qəbul olunmuş qərarlar buna geniş imkanlar yaradır. Ötən il yaratdığımız Türkdilli Ölkələrin Parlament Assambleyası da bu baxımdan mühüm əhəmiyyət kəsb edir və inanırıq ki, biz öz məqsədlərimizə çatacağıq.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Türkiyə Prezidentinə bir daha minnətdarlıq etmiş və bildirmişdir ki, xalqımız bu mövqeyi yüksək qiymətləndirir.
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana hər gəlişində müşahidə etdiyi dinamik inkişafdan, müsbət dəyişikliklərdən qürur duyduğunu bildirmişdir. O demişdir ki, ölkələrimiz arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapmışdır. Mən bura gəlməmişdən əvvəl Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdim. Burada Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş insanlar dəfn olunublar. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə qardaşlığını şəhid qanları birləşdirir. Bu isə bir daha sübut edir ki, qardaşlığımız daimidir, əbədidir, ölməzdir.
Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayan Abdullah Gül ölkələrimizin parlamentləri arasında əlaqələri yüksək qiymətləndirmişdir. Ali qonaq bildirmişdir ki, parlamentlərarası dostluq qruplarının, ayrı-ayrı komitələrin birgə toplantılarının təşkili yüksək fayda verə bilər.
Oqtay Əsədov dostluq qruplarının və komitələrin birgə toplantılarının keçirilməsi üçün proqram hazırlandığını və bu məsələnin tezliklə həllini tapacağını bildirmişdir.
Abdullah Gül onu da qeyd etmişdir ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəməyəcəkdir.
Sonda Türkiyə Prezidenti Milli Məclisin fəaliyyətinə uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 17 avqust.- S. 3.