Ankarada "Xocalını unutmayaq" adlı sərgi açılmışdır

 

Ankaradakı Abdi İpəkçi parkında "Xocalını unutmayaq" adlı sərgi açılmışdır.

Sərginin təşkilatçısı İğdırdakı Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyidir (ASİMD).

Türkiyənin dövlət məmurları, paytaxt sakinləri və qonaqlar, siyasətçilər, Azərbaycan səfirliyinin əməkdaşları və mətbuat nümayəndələri Xocalı soyqırımı, Dağlıq Qarabağ haqqında Heydər Əliyev Fondunun hazırladığı kitablar və disklər, fotostendlərlə tanış olmuşlar. Xocalı soyqırımının Türkiyə və dünya parlamentlərində tanınması üçün iştirakçıların imzaları toplanmışdır.

Abdi İpəkçi parkına gələnlər ermənilərin törətdikləri qətliamlar haqqında geniş məlumatlar almışlar.

AzərTAc-a müsahibə verən ankaralı həkim Sami Mərt bildirmişdir ki, o, ailəsi ilə birlikdə Xocalı soyqırımı foroşəkillərinə baxdıqdan sonra ermənilərin məkrinə və qaniçənliyinə bir daha əmin olmuşdur. Sami Mərt demişdir: "Bir türk əsgəri heç bir zaman körpələri, hamilə qadınları qətlə yetirməz. Bunu ancaq xəstə ruhlu insanlar, yaxud beyni zəhərlənmiş millət edə bilər".

Digər ziyalı, lisey müəllimi Müge Tanrıyar demişdir ki, belə bir sərgi daimi olmalı və Ankaraya gələn avropalılar və amerikalılara göstərilməlidir. Qoy, saxta "erməni soyqırımı" təbliğatı ilə türklərin zəhləsini tökən "demokratiya carçıları" müdafiə etdikləri millətin necə dəhşətli qətliamlar törətdiklərini görsünlər.

Dərnəyin sədri Göksəl Gülbəy bildirmişdir ki, Azərbaycan və Türkiyədə ermənilərin törətdikləri qətliamları əks etdirən sərgi İstanbulVan şəhərlərində də açılacaqdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

 

Azərbaycan.- 2010.- 17 avqust.- S. 4.