Qurani-Kərimin yeni
nəşrinin təqdimatı keçirilmişdir
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yeni nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Qurani-Kərimin yeni nəşrinin ölkəmizin kitab mədəniyyəti tarixində əlamətdar hadisə olduğunu vurğulayan DQİDK-nın sədri Hidayət Orucov bildirmişdir ki, bu nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə çox nəfis və orijinal poliqrafik icrada işıq üzü görmüşdür. Yüksək peşəkarlıq və zövqlə hazırlanmış bu çap nümunəsinin Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayında ictimaiyyətə təqdim olunması dövlət başçısının islam dininə, onun müqəddəs kitabına yüksək hörmət və ehtiramının əlamətidir.
Kitabın tərtibatı haqqında danışan Hidayət Orucov demişdir ki, xüsusi texnologiya əsasında aşılanmış dəri ilə cildlənmiş kitabın üz qabığı Svarovski daşları ilə bəzədilmiş, səhifələr kalliqrafik naxışlarla səliqəli çərçivəyə salınmışdır. Böyük tirajla buraxılmış kitabın hər nüsxəsi yüksək zövqlə hazırlanmış və əl işi ilə tamamlanmış qızılı rəngli qutuda yerləşdirilmişdir. Son səhifədə "Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi" sözləri həkk olunmuşdur.
Müqəddəs kitabın yeni nəşrinin hər bir Azərbaycan vətəndaşının, din xadimlərinin üzərinə böyük məsuliyyət, yeni vəzifələr qoyduğunu qeyd edən komitə sədri bütün dindarlar adından Prezident İlham Əliyevə minnətdarlıq ifadə etmişdir.
Akademiklər Budaq Budaqov, Vasim Məmmədəliyev, Teymur Bünyadov, Fikrət Əliyev, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, professor Gülçöhrə Məmmədova, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri hacı Surxay Məmmədov, hacı Salman Musayev və digərləri ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə dini auranın yaranmasından, köhnə məscidlərin təmir və bərpa olunmasından, yeni məscidlərin tikilməsindən danışmışlar. Bildirmişlər ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din adamlarına diqqət və qayğı göstərilməsində də H.Əliyev ideyalarına sədaqətini əməli işi ilə sübut etmişdir. Natiqlər müqəddəs kitabın nazil olduğu ayda - on bir ayın sultanı mübarək Ramazanda yenidən nəşr olunmasını dövlət başçısının dindarlara ən böyük töhfəsi olduğunu bir daha vurğulamış, bu xeyirxah əməlinə görə ona minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə tanınmış elm, mədəniyyət, din xadimləri, ölkəmizdəki dini icmaların nümayəndələri iştirak etmişlər.
Azərbaycan.- 2010.- 17 avqust.- S. 4.