Ekoloji siyasət uğurla həyata keçirilir

 

Azərbaycanda ekoloji sağlamlığın təmin olunması daim diqqət mərkəzində olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edərkən ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirmişdir. Hazırda Bakıda, Abşeron yarımadasında və digər bölgələrdə mövcud yaşıllıqların bir qismi vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi iştirakı ilə salınmışdır.

Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da ölkədə ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atılmış, bu sahədə mükəmməl dövlət idarəçiliyi yaradılmış, qanunvericilik bazası formalaşdırılmışdır.

Ulu öndərin ölkəmizdə ekoloji sağlamlığın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, respublikamızda uğurla reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Son illərdə qəbul edilən dövlət proqramları, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin rüblükillik iclaslarında bu məsələyə geniş yer ayırması, ekologiya ilə bağlı fərman və sərəncamlar imzalaması bunu əyani təsdiq edir.

Azərbaycan zəngin təbii sərvətlərə və müxtəlif sənaye sahələrinə malik dövlətdir. Amma təəssüflə qeyd etməliyik ki, uzun illərdən bəri yığılıb qalmış bir sıra ekoloji problemlərin müəyyən səbəblərdən vaxtında yoluna qoyulmaması respublikamızda ətraf mühiti həddindən artıq çirkləndirmişdir. Bütün bunlar və ən əsası, ölkəmizin sürətli inkişafı son illərdə ekologiyaya da daha böyük diqqət yetirmək zərurətini ortaya çıxarmışdır.

Fərəhlə qeyd etməliyik ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri ekoloji problemlərin də operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır. Prezident İlham Əliyevin ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə göstərdiyi diqqət və qayğı, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ekoloji vəziyyət getdikcə yaxşılaşmaqdadır. Ölkəmizdə yürüdülən ekoloji siyasətin məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bu il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlətimizin başçısı deyib: "Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır".

Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı" mövcud ekoloji problemlərin həllinə böyük təkan vermişdir. Tədbirlər planı çərçivəsində ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrində, xüsusən Bakı şəhərinin və Abşeron yarımadasının sağlamlaşdırılması istiqamətində konkret tədbirlər həyata vəsiqə qazanmışdır. Tədbirlər planından irəli gələrək Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, çay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılmışdır. Bakı buxtasının və çimərliklərinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərdən, sıradan çıxmış metalbeton konstruksiyalardan və digər iriqabaritli tullantılardan təmizlənməsi işi həyata keçirilmişdir.

Ekoloji sağlamlıq istiqamətində digər mühüm məsələ əhalinin təmiz içməli su ilə təmin edilməsidir. Ölkə başçısının 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamı ilə xüsusən KürAraz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təminatı istiqamətində xeyli görülüb. KürAraz çayları sahilində yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Respublikamızda yaşıllaşdırma tədbirlərinə də xüsusi diqqət ayrılır. Xatırladaq ki, 2007-ci ildə Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun xalqımızın mənəvi dəyərlərinə yüksək ehtiram nümayiş etdirərək "Hərəmiz bir ağac əkək!" devizi altında yaşıllaşdırma kampaniyasına start verməsi ölkənin dörd bir yanında böyük coşqu ilə qarşılandı. Xəzər rayonundan başlayan bu kampaniyaya ölkənin hər tərəfində ictimaiyyət tərəfindən böyük dəstək verildi.

Prezidentin sərəncamına əsasən, Xəzər dənizinin çirklənmədən qorunması ilə də bağlı səmərəli tədbirlər görülür. Bu məqsədlə Abşeron yarımadasında modul tipli lokal çirkab sutəmizləyici qurğulardan ibarət 16 stansiya qurulub. Bunun nəticəsində Pirallahıdan Novxanıyadək çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmış, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Azərbaycanda ekoloji sağlamlığın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasını Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin Ekologiya ili elan edilməsi də təsdiqləyir. Ekologiya ilinin prioritet istiqamətləri üzrə müvafiq layihələr hazırlanaraq hazırda uğurla həyata keçirilir. Bu il Abşeron yarımadasında neft tullantıları və digər zərərli maddələrlə çirklənmiş torpaqların və göllərin bərpası əsas istiqamət seçilmişdir. Burada həm göllər, həm də onların ətrafı təmizlənir, torpaqların rekultivasiyası hesabına ərazilər reabilitasiya olunur.

Ekologiya ili çərçivəsində 4 min hektar yaşıllığın salınması nəzərdə tutulur. İndiyədək görülmüş işlər hesabına artıq bunun bir qisminə nail olunub. Yaşıllaşdırma tədbirləri nəticəsində yaxşı davamlı ağaclar yetişdirilir. Artıq bu il ərzində bütün bölgələri əhatə etməklə bir neçə milyon ağac əkilib. Təkcə Bakı və Abşeron yarımadasında 800 min ağac əkilib. Ümumiyyətlə, yaşıllaşdırma işləri ilə əlaqədar bu il ərzində 20 layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Ekoloji sağlamlıqla bağlı əsas istiqamətlərdən biri atmosfer havasının mühafizəsidir. Bu məsələ Ekologiya ilində də xüsusi diqqət mərkəzindədir. Məlum olduğu kimi, bütün dünyada atmosferin çirklənməsi daha çox avtonəqliyyat vasitələri ilə bağlıdır. Azərbaycanda da atmosferə atılan karbon birləşmələri və çirkləndiricilərin həcminin böyük hissəsi nəqliyyatın payına düşür. Bu problemi həll etmək üçün bu ildən ölkəmizdə Avro-2 standartları tətbiq olunmağa başlamışdır. Artıq bu standarta cavab verməyən avtonəqliyyat vasitələrinin idxalı qadağandır.

Əhalinin ekoloji baxımdan maarifləndirilməsi və məlumatlandırılması da mühüm məsələlərdən biridir. Çünki hazırkı dövrdə insanlar arasında ekoloji təbliğatın aparılmasının çox böyük əhəmiyyəti var. Uzun illərdən bəri yaranmış ekoloji problemlər, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, şəhərlərimizdə atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitkiheyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması, ekoloji problemlərin təxirə salınmadan həllinin vacibliyi ekoloji biliklərin artırılmasını da zəruri edir.

Prezident Kitabxanasının əməkdaşlarının bu məqsədlə Ekologiya ilində hazırladıqları "Azərbaycan ekologiyası" adlı beş fəsildən ibarət sənəd-informasiya resursu diqqəti cəlb edir. Resursun "Ümumi məlumat", "Ekoloji problemlər", "Ekoloji maarifçilik", "Qanunvericilik bazası", "Elektron resurslar" adlı fəsillərində ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətləri təhlil edilir, ekoloji-coğrafi rayonlaşdırmanın təsviri verilir, Abşeron yarımadasının, Xəzər dənizinin, çayların ekoloji problemləri, habelə atmosferin çirklənməsi, səhralaşma, torpaqların eroziyası, qlobal istiləşmə, ozon qatının qorunması problemlərinə toxunulur. Resursda, həmçinin, Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən indiyədək ekologiya və ətraf mühitə dair qəbul edilmiş rəsmi sənədlər toplanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekologiyaya aid keçirdiyi müşavirələrin materiallarının tam mətnləri, iştirak etdiyi tədbirlərdəki çıxışları, müsahibələri, ekologiyaya dair söylədiyi fikirlər də resursda toplanmışdır.

Azərbaycanda ekoloji sağlamlaşdırma tədbirləri yalnız Ekologiya ili çərçivəsində yekunlaşmayaraq növbəti illərdə də davam etdiriləcək. Dövlətimizin maliyyə imkanları artdıqca, təbii ki, ekologiyamızın mühafizəsi ilə bağlı tədbirlər də özündə yeni keyfiyyət göstəricilərini əks etdirəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 17 avqust.- S. 6.