Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri

 

Xəbər verdiyimiz kimi, avqustun 16-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Hörmətli cənab Prezident, əziz qardaşım!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən Sizi, əziz cənab Prezident, Azərbaycanda bir daha ürəkdən salamlayıram. Sizə bir daha "Xoş gəlmisiniz" deyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, dostun, qardaşın səfəridir. Şübhə yoxdur ki, bu səfər Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə çox müsbət təsir göstərəcəkdir. Gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün bu səfərin çox böyük əhəmiyyəti vardır.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr xüsusi xarakter daşıyır. Bu, iki dost, qardaş xalq arasında olan münasibətlərdir. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamışlar, yaratmışlar, həmişə bir-birinə dəstək, dayaq olmuşlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil ölkə kimi ilk tanıyan Türkiyə olmuşdur. O gündən bugünə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf etmiş, demək olar ki, bütün sahələri əhatə etmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə qalxmışdır.

Bu illərdə həm siyasi, həm iqtisadi sahələrdə, mədəni sahədə, bütün sahələrdə çox gözəl nəticələr vardır. Biz beynəlxalq təşkilatlarda daim bir-birimizə dəstək oluruq. Bütün beynəlxalq təşkilatlarda daim bir mövqedən çıxış edirik. İstər BMT, istər İslam Konfransı Təşkilatı, digər təşkilatlarda həmişə, bütün zamanlarda Türkiyə və Azərbaycan vahid mövqedən çıxış etmişlər. Bölgədə gedən proseslərə də baxışlarımız eynidir, heç bir fikir ayrılığı yoxdur. Daim məsləhətləşmələr aparırıq və regional əməkdaşlığın dərinləşməsi üçün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr həlledici rol oynayır. Məhz bizim irəli sürdüyümüz təşəbbüslər nəticəsində bu gün bölgədə tam yeni və müsbət vəziyyət yaranmışdır.

Regional əməkdaşlıq prosesləri müsbət istiqamətdə davam edir. Bizim tərəfimizdən irəli sürülmüş konkret layihələr öz bəhrəsini verir, bölgəyə rifah və təhlükəsizlik gətirir. Bunların içərisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin xüsusi yeri vardır. Məhz bu kəmər vasitəsilə bu gün bütün bölgədə əməkdaşlıq dərinləşir. Regional çərçivədə bu kəmərin tikintisində iştirak etmiş bütün ölkələr öz xeyrini götürürlər.

Bu kəmərin tikintisi nəticəsində bölgədə geosiyasi və geoiqtisadi vəziyyət müsbət istiqamətə doğru dəyişmişdir. Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər layihələr dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirdi. Bu gün bu, artıq mövcud reallıqdır. Bu reallıq bütün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bizim - Türkiyə və Azərbaycanın təsir imkanları genişlənir. Mən əminəm ki, gələcək illərdə bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Bu, artıq bir yoldur, bir dəhlizdir. Bu dəhliz bizə yeni layihələri həyata keçirməyə imkan verir. Bu gün biz Sizinlə bu barədə geniş fikir mübadiləsi apardıq. Gələcək illərdə birgə fəaliyyətlə bağlı bütün planlar nəzərdə tutulub və qarşılıqlı addımlar atılacaqdır.

Mən çox şadam ki, strateji müttəfiqliyimiz, münasibətlərimiz bax, belə uğurla davam edir. Bu gün isə bu əlaqələrin gələcək inkişafı üçün çox mühüm və tarixi sənəd imzalanmışdır. Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdır. Bu müqavilənin həyata keçirilməsi nəticəsində, şübhə yoxdur ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir. Bu müqavilənin çox böyük əhəmiyyəti vardır və əminəm ki, hamımız bu gözəl nəticələri görəcəyik.

Bu gün biz, eyni zamanda, türkdilli ölkələrin birgə fəaliyyəti haqqında da geniş fikir mübadiləsi apardıq. Bu məsələ ilə də bağlı mövqeyimiz üst-üstə düşür. Biz bütün məsələlərdə işlərimizi qarşılıqlı anlaşma əsasında qururuq.

Sizi, əziz qardaşım, Bakıda görmək bizim hamımız üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Biz Sizi Azərbaycanın böyük dostu kimi tanıyırıq. Əvvəlki vəzifədə çalışdığınız dövrdə Siz Azərbaycanda dəfələrlə olmusunuz. Prezident kimi bir neçə dəfə səfərə gəlmisiniz. Mənim Türkiyəyə səfərlərim də mütəmadi xarakter daşıyır. Belə də olmalıdır. Biz bir ailənin üzvləriyik. Bizim tariximiz münasibətlərimizin bugünkü və gələcək inkişafı üçün əsas şərtdir. Bu, böyük, möhkəm təməldir. Bizi birləşdirən tarix, mədəniyyət, din, dil, siyasi maraqlar - bütün bu amillər nadir vəziyyət yaradır. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada analoqu olmayan münasibətlərdir. Bu münasibətlər nəinki ölkələrimizi gücləndirir, eyni zamanda, bölgədə və dünyada gedən proseslərə də müsbət təsir göstərir.

Bir daha Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı ürəkdən salamlayıram. Sizə və bütün türk xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

 

 

Azərbaycan.- 2010.- 18 avqust.- S.1.