Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana
rəsmi səfəri
Türkiyə Prezidenti Abdullah Gülün nitqi
- Hörmətli
Prezident, dəyərli qardaşım İlham Əliyev!
Dəyərli qonaqlar!
Bu gün Azərbaycanda
olmaqdan və bu rəsmi səfəri etməkdən böyük
məmnunluq duyuram. Gəldiyimiz andan bəri mənə və
heyətimə göstərilən yüksək dostluq,
qardaşlıq və qonaqpərvərlik üçün
Sizin şəxsinizdə bütün azərbaycanlı
qardaşlarıma təşəkkür edirəm.
Türkiyə ilə Azərbaycan
arasındakı dostluq və qardaşlıq münasibətləri
sözlə ifadə olunandan daha da yüksəkdədir.
Çünki hamımız bilirik ki, biz çox böyük
bir millətin parçalarıyıq. Yəni, vahid bir millətin
iki ayrı dövlətiyik. Bu mənada əlaqələrimiz
də bir millətə sahib olan, kökü, dili, dini, soyu bir
olan iki dövlətin münasibətlərinə aid edilə
biləcək şəkildə olmalıdır.
Azərbaycan müstəqilliyini
bərpa etdiyi andan etibarən Türkiyə ilə Azərbaycan
arasındakı münasibətlər daim bu səviyyədə,
bu anlayışda və ruhda davam etməkdədir. Əvvəlki
illərdə də bütün türk gəncliyinin
könlündə və qəlbində Bakı və Azərbaycan
olmuşdur. Bəlkə o zaman bunları açıq ifadə
edə, gedib-gələ bilmirdilər. Bu gün bunu bilirik ki, hər
sahədə - siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik
və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin
birgə təhsili və bir-birilərinə köməyi sahəsində
iki ölkə böyük bir həmrəylik içərisindədir.
Beynəlxalq platformalarda daim iki ölkə sanki bir ölkə
kimi hərəkət edir və hər ikisi bir-birini daim
gözübağlı dəstəkləyir və dəstəkləməkdə
də davam edəcəkdir.
Şübhəsiz ki, Azərbaycanın problemi Türkiyənin problemidir. Türkiyənin dərdi Azərbaycanın
dərdi olacaqdır.
Sizin uğurunuzla biz daim öyünəcəyik. Bizim uğurlarımız
da sadəcə bizim üçün deyil, sizin üçün
də qürur mənbəyi olacaqdır.
Azərbaycanın ərazi bütövlüyü,
Azərbaycanın işğal
altındakı torpaqlarının
azad edilməsi sadəcə sizin məsələniz deyil, hamımızın məsələsidir. Bu barədə birgə müzakirələr aparır,
birgə fəaliyyət
göstəririk. Qafqazda sabitliyin,
sülhün və əmin-amanlığın bərqərar
olması, işğalın
sona çatması üçün Türkiyə
əlindən gələn
bütün səyləri
göstərməyə davam
edəcəkdir.
Bakıya hər gəlişimdə
şəhərin həqiqətən
çox dəyişdiyini
və sürətli bir yeniləşmə prosesi içərisində
olduğunu görmüşəm. Bu səfər də eyni şəkildə oldu. Bu səfər çərçivəsində Sizin yay sarayında
günorta toplantılar
keçirdik, oradan Fəxri xiyabana, rəhmətlik atanız Heydər Əliyevin məzarını ziyarətə
və Milli Məclisə görüşə
gedərkən Bakıda
gördüklərimiz həqiqətən
bizi çox qürurlandırdı. İnşası başa çatmış
binalar, yeni salınmış yollar Azərbaycandakı, Bakıdakı
tərəqqi və inkişafı açıq-aydın
göstərir. Bunun üçün
başda Zati-aliləri
olmaqla hamınızı
təbrik etmək istəyirəm.
Bakının gündüzü gözəldir,
amma gecəsi daha çox gözəldir. Qayıdanda təbii ki,
bu gözəlliyi daha çox yaşayacağıq, hər
tərəf aydınlıq
olacaqdır. Bunlar sadəcə
sizi deyil, təbii ki, bizi də qürurlandırır.
Bütün qardaş respublikaların,
böyük millətin
bütün dövlətlərinin
uğurları hamımız
üçün qürur
qaynağıdır.
Birlikdə böyük layihələr
həyata keçirdik. Bunları bir
zamanlar yuxu adlandıranlar, bunlar həyata keçməz deyənlər bu gün bunların iki ölkəni bir-birinə necə birləşdirdiyini heyrətlə
görürlər. Enerji sahəsində
neft-qaz kəmərləri,
nəqliyyat sahəsində
dəmir yolu, - artıq Naxçıvanla
İğdırı birləşdiririk,
- bütün bunlar çox böyük layihələrdir. Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə üç ölkəni bir-birinə bağlamır,
əslində Orta Asiyanı, Çini İngiltərəyə bağlayır.
"Mərmərə
ray" xəttinin başa
çatması ilə
qatarlar birbaşa Bakıdan çıxacaq,
La-Manş boğazını
keçərək Londona
yetişəcəkdir. Qazaxıstanın, Çinin bu
layihəyə nə qədər böyük maraq göstərdiyini hamımız bilirik.
Bunun təməlini birlikdə Qarsda atmışdıq, inşallah, 2012-ci ildə də açılışını
hamımız birlikdə
həyata keçirəcəyik.
Avtomobil yolları, avtobanlar, bütün bunlar yenə də ölkələrimizi birləşdirməyə
davam etməkdədir.
Sizin Türkiyədə, bizim burada qoyduğumuz sərmayələr hər
kəsin gözünü
qamaşdırır. Bütün bunlar
hər kəsə bölgəni örnək
göstərəcək fəaliyyətlərdir.
Bunların hamısı ilə
qürur duyuram. İnanıram ki, bu həmrəyliyimiz daha çox gözəl layihələrin ortaya çıxmasına səbəb
olacaqdır.
Bu gün imzaladığımız
strateji tərəfdaşlıq
və qarşılıqlı
yardım haqqında müqavilə hər bir məsələdə həmrəy və bərabər olmağımızı
nəzərdə tutur. Bu müqavilə bütün
bölgə və dünya üçün çox önəmlidir.
Bu müqavilədə nəzərdə tutulanlar
sülh, sabitlik, əmin-amanlıq gətirəcəkdir
və bunlardan da əlavə böyük iqtisadi dirçəlişə səbəb
olacaqdır.
Mən bir daha türk
xalqının bütün
azərbaycanlı qardaşlarına
sevgilərini və məhəbbətlərini ifadə
edirəm. Ramazan bayramınız mübarək
olsun! Bu gözəl, mübarək aylar sadəcə türk respublikalarına və islam ölkələrinə
deyil, bütün insanlığa xeyir gətirsin.
Göstərdiyiniz yüksək qonaqpərvərliyə
görə dostlarım
və heyətim adından bir daha təşəkkür
edirəm.
AzərTAc
Azərbaycan.- 2010.- 18 avqust.- S. 1.