Türkiyə Prezidenti
"Azər-Türk Bank"ın Bakıda yeni
baş inzibati
binasının açılışında iştirak
etmişdir
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də "Azər-Türk Bank"ın Bakıda yeni baş inzibati binasının açılışında iştirak etmişdir.
"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Mehmet Sami Acarözmen, bankın müşahidə şurasının sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Türkiyənin Ziraat Bankının müşahidə şurasının sədri Müharrem Karslı ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1995-ci ildə açılmış "Azər-Türk Bank"ın ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını bildirmişlər.
"Azər-Türk Bank"ın respublikamızda dörd filialının fəaliyyət göstərməsi və yeni baş inzibati binasının açılışı Prezident İlham Əliyevin Azərbaycanda sahibkarlığın inkişafına hərtərəfli qayğısının əyani təzahürü kimi yüksək qiymətləndirilmişdir.
Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu, "Azər-Türk Bank" və digər iqtisadi qurumların timsalında iqtisadi əlaqələrin durmadan genişləndiyini vurğulamışdır.
Bankın fəaliyyətini xüsusi qeyd edən Abdullah Gül demişdir: "Bu bank balığı tutub vermir, hər kəsə balıq tutmağı öyrədir. Yəni iş adamı, təşəbbüsçü, sahibkar formalaşdırır, onların sayını artırır".
Sonra rəmzi açılışı bildirən lent kəsilmişdir.
Türkiyə dövlətinin başçısı yeni inzibati binada yaradılmış iş şəraiti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, "Azər-Türk Bank"
Açıq Səhmdar Cəmiyyəti "Aqrarkredit"
Səhmdar Kredit Təşkilatı - Azərbaycan
Respublikasının keçmiş Səhmdar
Kommersiya Aqrar-Sənaye Bankı və
Türkiyənin Ziraat Bankı Anonim Şirkəti tərəfindən 1995-ci
ildə təsis edilmiş və həmin il iyulun 11-dən fəaliyyətə
başlamışdır. Hazırda bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bankın dörd filialı
vardır. Onlardan ikisi
Bakıda, digərləri
isə Gəncə və Naxçıvanda fəaliyyət göstərir.
Bildirilmişdir ki, ötən 15 ildə
"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın
bank sektorunda fəal mövqeyi ilə seçilmiş, ildən-ilə
aktivlərini, kredit qoyuluşunu, mənfəətini
və kapital ehtiyatlarını artıraraq
müsbət inkişaf
dinamikası nümayiş
etdirmişdir.
Türkiyə dövlətinin başçısı
"Azər-Türk Bank"ın
əməkdaşlarına yeni
uğurlar arzulamışdır.
Sonda mərasim iştirakçıları
Prezident Abdullah Gül
ilə xatirə şəkli çəkdirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 18 avqust.- S. 2.