Qaxda Yunus Əmrə və Hacı Tapdığın məzarlarını ziyarət

 

Avqustun 17-də Türkiyə Prezidenti Abdullah Gül Zaqataladan Şəkiyə gələrkən yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişdir.

Prezident Abdullah Gül hər iki məzarın üzərinə gül dəstəsi qoydu.

Sonra qəbiristanlığı gəzən ali qonağa məlumat verildi ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir. XIII-XIV əsrlərdə yaşayan Yunus Əmrənin yaradıcılığı türk şeirinin inkişafına çox böyük təsir göstərmişdir. Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı vardır. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax rayonu ərazisində, Oncallı kəndindəki oğuz qəbiristanlığıdır. Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanı gəzmiş, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu ehtimal edilir. Onların məzarları sonradan müridləri tərəfindən abadlaşdırılmışdır. Yerdən bir metr hündürlüyündə çay daşından tikilmiş, hörgü ilə əhatələnmiş hər iki məzar müqəddəs sayılır və ziyarət edilir.

Anadolu türkcəsində yazan Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonu əhalisinin dil xüsusiyyətləri ilə eynilik təşkil edir. Şairin ədəbi və ictimai fəaliyyəti ilə əlaqədar mərkəzlərdən birinin XIII-XIV əsrlərdə Oncallı kəndində meydana gəlməsi, müqəddəs məkan kimi bu günyad edilməsi bir daha Azərbaycan türkləri ilə Anadolu türklərinin eyni mədəniyyətli qardaş xalq olduğunu sübut edir. Yunus Əmrənin və Hacı Tapdığın məzarları bu günyerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir.

Sonra Türkiyə Prezidenti Abdullah Gülonu müşayiət edən şəxslər Şəki şəhərinə gəlmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 avqust.- S. 2.