Azərbaycanın böyük
sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunmuşdur
Avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günündə maestronun xatirəsi anılmışdır.
Dövlət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək cənazəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Moskvadan gətirilərək Bakıda doğma torpağa tapşırılmış Müslüm Maqomayevin məzarını ziyarət etmiş, üzərinə təzə-tər güllər düzmüşlər.
Xalq artistinin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlər arasında dövlətimizin başçısının qızları - Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva, habelə SSRİ xalq rəssamı Tahir Salahov, müğənninin həyat yoldaşı Tamara Sinyavskaya, məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov da var idi.
Azərbaycanın
görkəmli opera və estrada
müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakı şəhərində
anadan olmuşdur. Birinci dəfə 14 yaşında dənizçilər
klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi
ilə tələbə və gənclərin Helsinkidə
keçirilən VIII Ümumdünya
Festivalına yollanan Müslüm
oradan medalla
qayıtmışdır. Bu münasibətlə
populyar "Oqonyok"
jurnalı onun portretini
və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc
etmişdi. M.Maqomayev
XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet
Teatrının solisti olmuş,
"
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilmişdir.
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynamışdır. Orkestrin rəngarəng proqramlarında Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olmuşdur.
Maqomayevin milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ölümündən iki il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 18 avqust.- S. 5.