Sərhəd bölgəsi
gündən-günə böyüyür
və gözəlləşir
Sədərək ölkəmizin inzibati ərazi bölgüsünə düz iyirmi il bundan əvvəl - 1990-cı ilin avqust ayında daxil olub. Geostrateji mövqeyi nəzərə alınaraq yeni rayonun yaradılmasında başlıca məqsəd sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və inkişaf etdirməkdən ibarət idi. Bununla belə, o dövrdə respublikamıza başçılıq edən səriştəsiz rəhbərlərin Naxçıvana laqeyd münasibətlərindən ən çox əzab çəkən bölgələrdən biri də elə Sədərək olub. Bu səbəbdən bəzi anlarda o, hətta "olum, ya ölüm" dilemması qarşısında qalıb.
1990-cı ilin 20 Yanvar faciəsindən bir gün əvvəl erməni hərbi birləşmələri Sədərək kəndinə hücum etdi. Təbii ki, başlıca məqsəd xalqın milli-azadlıq istəyini, istiqlal duyğusunu yerindəcə boğmaq idi. Naxçıvan Muxtar Respublikası bu hərəkatda öncül mövqe tutduğundan Moskvadan idarə olunan hakimiyyət də camaatı cəzalandırmaq istəyirdi. Bakıda siyasi hakimiyyət böhranı yaranmazdan əvvəl sərhəd bölgələrində vəziyyət daha da ağırlaşmışdı. Həmin günlər Sədərək şəhid oğulların qanı və canı bahasına qorundu.
"1990-cı il yanvarın 18-dən 1993-cü il avqust ayının 13-dək Sədərək 14 dəfə xain ermənilərin güclü hücumuna məruz qalıb. Gün ərzində kəndə üç yüzə yaxın top mərmisinin atıldığı günlər də olub. Beş yüzə yaxın yaşayış evi, bir çox ictimai binalar, sosial obyektlər dağıntılara məruz qalsa da, yüzdən artıq şəhidin qanı bahasına qorunub Sədərək torpağı...". Bu sözlər sədərəkli yazıçı-publisist, tarix elmləri namizədi Vaqif Məmmədovun yazılarının birindən götürülüb.
Ümummilli lider Heydər Əliyev rayon sakinləri ilə 2000-ci ilin avqust ayının 14-də görüşəndə o günləri xatırlayaraq demişdir: "Yəqin xatirinizdədir ki, 1992-ci ilin martın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər... Bizim oradakı əsgərlərimizdən 8 nəfər həlak oldu. 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq o körpüdən Türkiyədən nə qədər müxbirlər tökülüb Naxçıvana, həmin döyüş yerinə gəldilər. Onda bizim nəyimiz vardı? Ordumuz yox idi, silah-sursatımızı oradan-buradan yığmışdıq. Amma o döyüşdə... onda mən buraya bütün Naxçıvanı tökmüşdüm, hamı bir yerdə döyüşürdü, - onları susdurduq".
...Sədərəkdə üç ərazi vahidi var: Sədərək, Qarağac kəndləri və Heydərabad qəsəbəsi. Sərhəd xəttində yeni qəsəbənin salınması ideyası ötən əsrin 70-ci illərinin sonlarından ortaya atılıb. 1978-ci ilin oktyabr ayının 15-də Ermənistanın paytaxtı Yerevan şəhərindən avtomaşınla Naxçıvana səfər edən ulu öndər sərhəd xəttində qarşılanma mərasimindən sonra bir qədər ətrafdakı boş və sahibsiz qalan torpaqları seyr edərək orada böyük bir qəsəbənin salınması ideyasını irəli sürmüşdür. Sonralar müdrik siyasətçi qəsəbənin yaranması barədə belə demişdir: "Mən Azərbaycanın başçısı olduğum zaman kənddən, yəni Sədərəkdən aralı bir qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir, deyirdilər".
Ulu öndər yeni qəsəbənin salınması üçün öz dəstəyini də əsirgəmədi. Bu səbəbdən də qısa vaxt ərzində hər biri iki mərtəbədən ibarət olan 400 yerlik nümunəvi yaşayış obyektinin respublikadan kənarda layihə-smeta sənədləri hazırlandı. Həmin sənədlərdə burada müasir tipli sosial obyektlərin, xidmət sahələrinin, emal sənayesi müəssisəsinin yaradılması da əksini tapdı.
80-ci ilin əvvəllərindən qəsəbədə inşaat işlərinə başlandı. Plana uyğun olaraq sərhəd xəttində tutumu 10 min ton olan üzümün ilkin emalı müəssisəsi inşa olundu. Qəsəbə ərazisində müasir tipli orta məktəb, uşaq bağçası binaları tikildi. Amma çox təəssüf ki, sonrakı illərdə burada başlanan böyük quruculuq işləri yarımçıq qaldı, inşa olunan evlərin sayı 75-i ötmədi, bir çox sosial obyektlərin tikintisinə isə heç başlanılmadı. Amma bunlarla bərabər sərhəd xəttində düşmənlərimizə göz dağı ola bilən bir yaşayış məskəninin təməli qoyuldu.
Onu da qeyd edək ki, Sədərək təkcə Naxçıvanın deyil, bütün məmləkətimizin ən ucqar bölgələrindən biridir və 24 kilometr ərazidə bədxah qonşumuz Ermənistanla həmsərhəddir. Sərhəd xətləri uca və çılpaq dağların, hündür təpələrin tən ortasından keçib gedir. Məmləkətimizə həmişə dost və qardaş ölkə olan Türkiyə ilə 11 kilometrlik sərhəd xətti də bu ərazidə - Araz çayı boyunca yerləşir.
Erməni yaraqlıları tərəfindən torpaqlarımıza təcavüz ediləndən bu qəsəbənin başına olmazın bəlalar gəlib. Düşmənin ağır və uzaqvuran texnikasından açılan mərmi qırıntıları buradakı evlərin, ictimai binaların bağrını yarıb, onları yararsız hala salıb. Sakinlər bir müddət öz ev-eşiklərindən, mənzillərindən uzaq düşüblər. Burada həyat, yaşayış müvəqqəti olsa da dayanıb. Sonrakı illərdə ümummilli liderin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə olunan atəşkəs rejimi erməni təcavüzünə məruz qalan və dağıdılan evlərin bərpasına imkan verib. Top-tüfəng səslərini quruculuq işləri əvəz edib. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər sayəsində yaşayış evləri əsaslı təmir olunub, digər infrastruktur layihələri həyata keçirilib.
Sərhəd bölgəsi sakinlərinin başlıca dərd-səri tarixən su ilə bağlı olub. İstər içməli su, istərsə də suvarma suyu sarıdan onların bəxti gətirməyib. Elə bu səbəbdən də bölgədə uzun illər boyu belə bir deyim formalaşmışdı ki, su problemini kim həll etsə, o, ürəklərdə həmişə xeyirxah insan kimi yaşayacaq. Çünki iqtisadiyyatını əsasən aqrar sahə təşkil edən bölgənin su problemini həll etmədən onun gələcək sosial-iqtisadi inkişafından, xoş güzəranından danışmaq da əbəs idi. Belə bir xeyirxah missiyanı da ulu öndər Heydər Əliyev yerinə yetirdi.
Ötən əsrin doxsanıncı illərinin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən bərpa etdiyi quruculuq xətti uğurla davam etdirilməyə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında" 2001-ci il 15 mart tarixli sərəncamı bölgədə sosial infrastrukturun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcını qoyub. Məhz bu sərəncama uyğun olaraq sərhəd bölgəsində təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı, iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən quruculuq tədbirləri isə qəsəbəyə yeni büsat gətirib. Rayon təşkilatlarının Heydərabad qəsəbəsində cəmləşdirilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir. Rayon icra hakimiyyəti, prokurorluq, məhkəmə, maliyyə şöbəsi, əhalinin sosial müdafiə mərkəzi, DSMF-in rayon şöbəsi, hərbi komissarlıq, vergilər şöbəsi, YAP rayon təşkilatı, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inşa olunan inzibati binalar əraziyə xüsusi gözəllik gətirir. 504 şagird yerlik orta məktəb binasında aparılan əsaslı təmir işləri burada tədrisin səviyyəsini artırmağa imkan yaradıb. 3 nəfər müharibə əlilinə, 13 qaçqın ailəsinə fərdi yaşayış evləri tikilib. Ötən il sərhəd xətti yaxınlığında hər biri iki mənzildən ibarət olan səkkiz ikimərtəbəli yaşayış evi hərbçi ailələrinin ixtiyarına verilib.
Bu ilin yazından isə Heydərabad qəsəbəsi başdan-başa quruculuq-inşaat meydançasına çevrilib. Tikinti-abadlıq işlərinin aparılması "Gəmiqaya" MMC ilə bərabər rayon tikinti-quraşdırma idarəsinin kollektivinə həvalə olunub. Tikinti-inşaat işlərinin yüksək səviyyədə aparılması üçün burada operativ qərargah təşkil edilib. Muxtar respublika baş nazirinin birinci müavini Asəf Məmmədovun sözlərinə görə, səkkiz yüz nəfərdən artıq işçi qüvvəsi, 30-a yaxın maşın-mexanizm buradakı inşaat obyektlərinə cəlb olunub. İlk növbədə qəsəbədə sovet dönəmində inşa olunmuş 50-yə yaxın ikimərtəbəli yaşayış evində əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Bunun üçün evlər boşaldılıb, sakinlər müvəqqəti olaraq başqa yerlərdə yerləşdirilib. Mənzillərin ara divarları sökülərək yenidən qurulub, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub. Bu dəfə mənzillərin sanitariya qovşaqları da onların daxilində yerləşdirilib, hər bir obyekt su qızdırıcısı, mərkəzləşdirilmiş televiziya-kabel sistemi ilə təmin olunub. Qəsəbənin digər bir küçəsində isə 16 yeni mənzilin tikintisinə başlanıb. Müasir layihə əsasında inşa olunan evlərin hər biri ikimərtəbəlidir. Qısa vaxt ərzində onların xeyli hissəsində tikinti işləri başa çatdırılıb, digərlərində isə son tamamlanma işləri həyata keçirilir. Hər bir ailə üçün 1200 kvadratmetr həyətyanı torpaq sahəsi ayrılıb. Həmin sahələrin hasara alınması, yardımçı binaların tikilməsi, həyətdə abadlıq işlərinin aparılması da görülən işlər sırasındadır.
Rayon mərkəzində sosial obyektlərin tikintisi sürətlə aparılır. Tarix-diyarşünaslıq muzeyi üçün ikimərtəbəli bina inşa olunur. Obyektin hər mərtəbəsində geniş bir ekspozisiya yerləşəcək. Son illər arxeoloji qazıntılar nəticəsində rayon ərazisində tariximizin enolit və tunc dövrlərinə, orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri aşkara çıxarılmış, yüzlərlə eksponat əldə olunmuşdur. Həmin maddi-mədəniyyət nümunələrinin xeyli hissəsi rayon tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasında nümayiş etdiriləcək.
Ticarət mərkəzi əsasən sənaye və ərzaq məhsullarının satışı üçün nəzərdə tutulub. 12 yerlik üstüörtülü bazar da sakinlərin ixtiyarına veriləcək. Burada əsasən kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək. Heyvandarlıq məhsullarının - süd və ətin satışı üçün xüsusi mağaza yaradılıb.
Rabitə evində isə 200 nömrəlik elektron tipli ATS-lə yanaşı poçt bölməsi də fəaliyyət göstərəcək. Elektrik, qaz, icməli və suvarma su təsərrüfatlarında aparılan əsaslı təmir və yenidənqurma işləri də sakinlərin ürəyincədir. Qəsəbə daxili avtomobil yollarının müasir tələblər səviyyəsində qurulması gündəmdədir. Heydərabad qəsəbəsi ilə Sədərək kəndi arasında sərhəd xətti istiqamətində 3 kilometr uzunluğunda olan avtomobil yolu yenidən qurulacaq.
Təbii ki, ulu öndərin adını daşıyan Heydərabad qəsəbəsinə yeni görkəm bəxş edən amillər təkcə yeni sosial obyektlərin inşası ilə bitmir. Sərhəd bölgəsində yeni bağların, parkların salınması da diqqət mərkəzindədir. Qəsəbə ərazisində 8 subartezian quyusu işlək vəziyyətə gətirilib, məhəllə və evlərə yeni su xətləri çəkilib. Beləliklə, bir vaxtlar mərmi qırıntılarının səpələndiyi ərazidə indi böyük yaşıllıq zolaqları, meyvə bağları salınıb. 3,2 hektar ərazini əhatə edən mədəniyyət və istirahət parkının inşası da hamının ürəyincə olub. Burada xeyli həcmdə həmişəyaşıl ağac və gül kolu əkilib.
Rayonda aparılan quruculuq tədbirləri 8 min nəfərdən artıq sakini olan Sədərək kəndini də öz ağuşuna alıb. 3 korpuslu, yarımzirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan 630 şagird yerlik təhsil ocağı sərhəd xəttinin yaxınlığında inşa edilir. Müasir layihə əsasında inşa olunan obyektin yarımzirzəmi təbəqəsində kitabxana, hərbi kabinet, qarderob, anbarla yanaşı digər yardımçı otaqlar da yerləşəcək. Birinci mərtəbədə ibtidai siniflər üçün 10 otaq, 140 kvadratmetr həcmində müasir tipli örtülü idman zalı fəaliyyət göstərəcək. Digər mərtəbələrdə isə 25 sinif, bir neçə fənn kabineti və laboratoriyalar, elektron lövhəli sinif, kompüter otağı yerləşəcək. Hazırda obyektdə tikinti-inşaat işləri tamamlanmaq üzrədir.
Cari ilin ən böyük yadigarlarından biri də kənddə rayon mərkəzi xəstəxanası üçün inşa olunan 26 çarpayılıq səhiyyə müəssisəsidir. Zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarət olan bu obyektdə artıq tikinti işləri tam başa çatdırılıb. Avropa standartları əsasında inşa olunan bu səhiyyə ocağı öz fəaliyyətini stasionar, təcili təxirəsalınmaz yardım və poliklinika şöbələri əsasında quracaq. Stasionar şöbədə doğum, terapiya, pediatriya, cərrahiyyə və yoluxucu xəstəliklər bölmələri fəaliyyət göstərəcək.
Bir sözlə, bu gün cəmi üç ərazi vahidi - rayon mərkəzi olan Heydərabad qəsəbəsi, Sədərək və Qarağac kəndlərini əhatə edən rayon böyük inşaat-quruculuq meydanına çevrilib. Yaxın günlərdə 87 kilometr uzunluğunda olan, beynəlxalq standartlar əsasında yenidən qurulan Naxçıvan-Sədərək magistral avtomobil yolu da istifadəyə veriləcək. Başlıca məqsəd sərhəd bölgəsinin daha da möhkəmlənməsinə, onun iqtisadi gücünün artırılmasına yönəldilib.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2010.-18 avqust.- S. 5.