Mübarizin mübariz ruhu daim yaşayacaq

 

Yurdun, el-obanın üzünü , başını uca edən onun oğullarıdır. Belələri göstərdikləri igidliyə, qəhrəmanlığa görə, bir evdən çıxsalar da, sonradan bir xalqın, millətin oğlu, fəxri olurlar. Çox yox, 2 ay bundan əvvəl Biləsuvarın Əliabad kəndi adi yaşayış məntəqələrimizdən biri idi. Bu gün isə respublikamızın müxtəlif bölgələrindən Əliabada ardı-arası kəsilmədən axın-axın insanlar gəlir. Onların içində alim, müəllim, həkim, sadə kəndli, dövlət məmuru, deputat - bir sözlə, cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar var. Hamını buraya bir məqsəd, bir istək gətirir. İstəyirlər ki, əfsanəvi qəhrəmanlıq göstərərək öz canından-qanından keçən, erməniləri vəlvələyə salan Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu kəndi, ocağı ziyarət edib belə bir oğul böyütdükləri üçün valideynləri Ağakərim kişiyə, Şamama anaya öz minnətdarlıqlarını bildirsinlər.

 

Magistral şosedən Əliabad kəndinə dönənə yaxın əllərində Azərbaycan bayrağını, Mübarizin böyüdülmüş fotoşəkillərini tutmuş bir qrup gəncin qəhrəmanın kəndinə piyada yürüş etdiklərini gördük. Yaxınlaşdıqda onlara mane olmamaq, sıralarını pozmamaq üçün maşını yolun kənarına verib, sürəti də tamam azaltdıq. Yaşıllıqların içi ilə uzanan kənd yolunda dalğalanan bayraqları seyr etdikcə düşüncələrin qanadlarında müqəddəs bir ruhla görüşə gedirik. Kiçik çaylar axıb dənizlərə, ümmanlara qovuşduğu kimi, Mübarizi də qəhrəmanlığa aparan yol bu yaşıllıqların ağuşunda uyuyan vətəndən başlayır. Niyyəti Vətən torpağını, Qarabağı yağı düşmən tapdağından azad etmək olub. Qəhrəmanlıqla başa çatmış qısa və mənalı bir ömrün dastanını vərəqləməli oluruq. 22 yaşlı gənc şəhidlik məqamına yüksəlib. Bu yüksək pilləyə, məqama hər kəs ucala bilmir. Onun üçün sinəndə odlu ürək, varlığında, vücudunda sonsuz Vətən, torpaq, yurd sevgisi olmalıdır. Və bu yanğı, bu məhəbbətlə sən lazım gələndə özünü fəda etməlisən. Şəhidliyin başlıca məqamı düşünülmüş şəkildə Vətən uğrunda ölümə doğru getməkdir. Milli Qəhrəman Mübariz İbrahimov da belə etdi. Ermənilərin öz havadarlarının yaxından köməyi ilə torpaqlarımızı zəbt etməsi, qız-gəlinlərimizi girov götürməsi ona dinclik vermirdi. Necə olursa-olsun, bunun heyifini çıxmaq üçün fikirləşir, yollar arayırdı. Bunu qarşısına məqsəd qoyan Mübariz əsgəri xidmətini başa vurduqdan sonra Biləsuvar Rayon Hərbi Komissarlığına gələrək yenidən orduya qayıtmaq fikrində olduğunu bildirdi. İstəyini nəzərə aldılar. Hərbi təlim keçərək "N" hərbi hissəsində gizir kimi fəaliyyətə başladı. Lakin bu onun ürəyincə deyildi. Cəbhə bölgəsində olmaq, düşmənlə üzbəüz dayanmaq istəyirdi. Ermənilərin atəşkəsi pozaraq öz torpaqlarımızdan özümüzə atəş açması, əsgərlərimizi qətlə yetirməsi, hətta dinc adamlara belə, divan tutması onu hövsələdən çıxarırdı. Ata-anasına da yazmışdı ki, mən ölsəm, ağlamayın! Bilin ki, müqəddəs bir üçün, Vətən, torpaq, namus yolunda qurban gedirəm! Ehsan verəndə də bu niyyətlə verin.

 

Yurdun oğulları var,

Dünya olub ona dar.

Qarabağın qisasın

Almağa məqam arar.

 

Belə bir məqam yetişdi. İyunun 18-də gecə düşmən atəşkəs rejimini pozaraq hücuma keçdi. Erməni faşistlərinin həmlələrinin qarşısı alınıb düşmən geri oturduldu. Son nəfəsinə kimi döyüşüb öz qisasını da qabaqcadan alan Mübariz qəhrəmancasına həlak oldu. Erməni tərəfi pəhləvan cüssəli gizirin meyitindən qorxurlar, onun misilsiz rəşadətləri qarşısında acizdirlər. Azərbaycan əsgərinin qisas qəzəbi erməniləri vahimələndirib, onlar səksəkədədir. İndi erməni səngərlərində hər bir əsgər Mübarizin qəhrəmanlığı qarşısında bütün erməni ordusunun acizliyini dərk edir. Hər gecənin qaranlığında onlar üstlərinə gələn Mübarizi görüb vahimələnirlər.

Bizim şəhid balamızın ruhu uca Tanrı yanındadır. Bu ruh hər bir azərbaycanlının ürəyindədir. Bu ruh həm də hamımızı düşməndən qisas almağa səsləyir, ruhlandırır, birləşdirir bizi.

Əliabad kəndində Mübarizin doğulduğu, uşaqlıq illərini keçirdiyi həyətə gəlirik. Sadə, amma sadə olduğu qədər də adama doğma gələn bir kənd evi. Gəlib-gedənlər dəstələrlə bir-birini əvəz edir. Həyətdəki talvarın altı 2 aya yaxındır ki, hər gün dəfələrlə dolub boşalır. Burada pəhləvan cüssəli qəhrəmanın fotoşəkilləri bir lövhədən asılıb. Keçmiş günləri, ayları, illəri əks etdirən, yaşadan bu şəkillərin hər biri Mübarizin sağlam mənəviyyata malik olduğunu əks etdirir. Şəkillərdən görünür ki, boş vaxtlarını boks, güləş məşqlərində keçirib. "Sağlam bədəndə sağlam ruh olar" - deyiblər. Mübarizdə mübarizlik, cəngavərlik ruhunun formalaşmasında sevə-sevə məşğul olduğu idmanın mühüm rolu olmuşdur.

Mübarizin ata ocağında masanın üstünə qoyulmuş xatirə kitabını vərəqləyirik. Onu həyəcansız oxumaq qeyri-mümkündür. Burada bütün bölgələrimizlə yanaşı, Rusiyadan, Ukraynadan, Latviyadan və digər yerlərdən gəlmiş soydaşlarımız gənc qəhrəmanın ruhu qarşısında baş əydiklərini, belə Vətən oğulları ilə fəxr etdiklərini yazırlar.

Baxşeyiş Abbasoğlunun Ağdam döyüşçüləri adından xatirə kitabındakı ürək sözlərini oxuyuruq: "Şəhidliyin mübarək, əziz qardaşım. Səninlə bütün Azərbaycan qürur duyur, fəxr edir. Həyatda əbədi izin qaldığı üçün xoşbəxtsən. Sənin üçün ölüm son deyil. Sən əbədiyyət günəşisən".

Elməddin Behbud, Xırdalan şəhər sakini: "Belə bir deyim var: "Ən yaxşı nümunə şəxsi nümunədir." Mübariz torpaqlarının 20 faizi işğal altında olan bütün Azərbaycan vətəndaşlarına, xüsusilə də, gənclərə necə döyüşmək barədə şəxsi nümunə göstərdi".

İxtiyar Əhmədov: "Ağcabədi rayonunun Şərəfxanlı kənd camaatının adından sənə rəhmət diləyirəm. Səninlə həmişə fəxr edəcəyik! Sən vətənin qürur mənbəyisən".

Sabir Abdinov, Bakı şəhəri: "Azərbaycanın, böyük türk dünyasının qəhrəman oğlu Mübarizin ruhu önündə, valideynlərinin, onun böyüyüb boya-başa çatdığı bu ocağın qarşısında diz çökürəm və ona Tanrıdan rəhmət diləyirəm. Mübariz vətəndaşlığın, vətənsevərliyin, azərbaycançılığın zirvəsidir. Onun əfsanələşən igidliyi Azərbaycanın hərb tarixinə əbədi həkk olundu. Onun igidliyini, şəxsi nümunəsini yüksək dəyərləndirən Ali Baş Komandana - möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm."

Cəmşid Mürsəlov, İlham Bayramov Biləsuvar gəncləri adından: "Əziz qardaşımız Mübariz! Biz səninlə fəxr edirik. Sənin əməlini təkrarlayacağımıza söz veririk. Bütün biləsuvarlılar səninlə fəxr edir. O uca şəhidlik zirvəsini qəhrəmanlıqla fəth etdin. Biz səni özümüzə örnək bilirik!"

Mübarizin ruhunu ziyarətə gələnlər atası Ağakərim kişiyə cəngavər qeyrətli oğul böyütdüyü üçün təşəkkürlərini bildirirlər. Afət Ələkbərov, Salyan ziyalıları adından: - Oğul itkisi ağırdır, - deyir, - lakin Vətən yolunda qurban getmək, şəhid olmaq Allah məqamında ən yüksək zirvəyə ucalmaqdır. Mübariz cəmi 22 il yaşadı. Lakin bu qısa ömrü ilə tarixə düşdü. Ömrün mənası illərin çoxluğunda yox, necə yaşanmasında, məntiqi sonluğundadır.

Ələşrəf Niftiyev, Masallı Rayon Ağsaqqallar Şurasının üzvü:

- Uzun müddət rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində işləmişəm. 1990-cı ildən 1994-cü ilin ortalarınadək bütün rayonlarımız kimi, Masallıya da tez-tez şəhid tabutlarını gətirərdilər. Biz həyatın gözəlliklərindən doyunca zövq almayan şəhid balalarımızı ürək ağrısı ilə dəfn edərdik. Axı, özündən yaşda kiçiyi torpağa tapşırmaq asan deyildi! Yeganə təsəllimiz bu idi ki, onlar Vətən yolunda şəhid olublar. Əfsuslar olsun ki, aradan 20 il ötməsinə və atəşkəs rejiminə baxmayaraq, yenə günahsız dinc sakinlər cəbhə bölgələrində həlak olurlar.

Qarabağ probleminin həlli beynəlxalq təşkilatlar tərəfindən süni şəkildə yubadılır. Havadarlarının qoltuğuna sığınan Ermənistan rəhbərləri dünən dediklərini bu gün inkar edirlər. Həmsədr ölkələrin başçıları buna göz yumaraq konkret mövqe nümayiş etdirmirlər. Dövlət başçısı beynəlxalq danışıqlarda siyasi dözüm nümayiş etdirdiyi qədər də, Azərbaycan xalqının işğal altında qalan torpaqları xilas etmək haqqını müdafiə edir.

Mübariz kimi oğullar sübut etdilər ki, düşmənin qan qusacağı döyüşlər və Azərbaycan xalqının şah Qələbəsi qaçılmazdır. "İgid ölər, adı qalar" deyiblər. Prezident cənab İlham Əliyev 22 iyul 2010-cu il tarixdə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzaladı.

Artıq Biləsuvar şəhərindəki mərkəzi küçələrdən biri M. İbrahimovun adını daşıyır. Şəhərdəki xüsusi istedada malik uşaqlar üçün lisey-məktəbə onun adı verilmişdir.

Bəli, bundan belə üstünə Biləsuvar Şəhəri Milli Qəhrəman Mübariz İbrahimov küçəsi, filan nömrəli ev, mənzil sözləri yazılmış neçə ünvana məktub gələcək. Bu küçədə neçə-neçə körpə dünyaya göz açacaq. Neçə-neçə uşaq çiynində çanta qəhrəmanın adını daşıyan təhsil ocağına yollanacaq. Yaşadıqları ünvanla, oxuduqları məktəblə fəxr edəcək, qürur hissi keçirəcəklər. Bax beləcə xatirələrdə yaşayacaq Mübariz İbrahimov. Bunları fikir süzgəcindən keçirdikcə şəhidlər haqqında yazdığım şeir yadıma düşür:

 

Dağılar duman da, dağılar çən ,

Həm Tanrı sevinər, həm ki bəndə.

Dava qurtaranda, üzlər güləndə

Şəhidlər qayıdar yenə bu yurda.

 

***

 

Torpaq rahatlanıb nəfəs alanda,

Durular əhval da, durular qan da.

Arzu cücərdikcə ürəkdə, canda

Şəhidlər qayıdar yenə bu yurda.

 

***

 

Bir oğul evlənsə, bir gəlin köçsə,

Aşıq sinəsində sazıyla ötsə,

İgidlər, ərənlər girəndə bəhsə

Şəhidlər qayıdar yenə bu yurda.

 

***

 

Bir dəli gülüşün uğultusunda,

Körpə bir uşağın qığıltısında,

Elin toy günündə, elin yasında

Şəhidlər qayıdar yenə bu yurda.

 

***

 

Yananda hər evdə toy-bayram şamı,

Sevinər el-oba, sevinər hamı...

Həftədə bir dəfə - cümə axşamı

Şəhidlər qayıdar yenə bu yurda.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2010.- 18 avqust.- S. 7.