Hərbi tibbi
kadrların hazırlanması çətin və şərəfli
vəzifədir
Dağlıq Qarabağ və onun ətrafında gedən müharibənin ilk günlərindən hərbi həkim kadrlarının kəskin çatışmazlığı probleminin praktiki həlli zərurətindən hərbi tibbi təhsil sisteminin yaradılması ordu quruculuğunun vacib atributlarından birinə çevrildi.
Aydındır ki, müasir şəraitdə bu işin təşkilati əsaslarına tibb heyətinin diplomaqədərki hazırlığının yüksək hərbi intizam, sərbəstlik, məsuliyyət, kadrların postdiplom təhsilinin isə fasiləsizlik, çoxsəviyyəlilik, "ömürlük təhsil əvəzinə, ömrü boyu təhsil" müddəalarına uyğun yenidən qurulması aid oluna bilərdi. Göstərilən tələblərin yerinə yetirilməsi milli ordunun hərbi səviyyəsini NATO standartlarına yaxınlaşdırmaq məqsədi daşıyan vaxtı çatmış islahatlar kimi qiymətləndirilməlidir.
Hərbi əməliyyatların gedişində sovet ordusundan Azərbaycan Silahlı Qüvvələrinin sırasına həqiqi hərbi xidmətə cəlb olunmuş hərbi həkim korpusunun təxminən 12-15 faizini təşkil edən peşəkar tibb xidməti zabitlərinin idarəetmə orqanı, hərbi tibb müəssisələri və qoşunlarda səmərəli yerləşdirilməsi nəticəsində döyüşlərin tibbi təminatını təşkil etmək mümkün olmuşdu. Bununla belə, həmin dövrdə tibb məntəqələrinin ştatında feldşerlərin və sanitar-xərəkçilərin çatışmazlığı yaralıların döyüş meydanından çıxarılması, onlara həkiməqədər tibbi yardım göstərilməsi, təxliyəyə hazırlığı sahəsində neqativ cəhətlərə də rast gəlinirdi.
Hərbi həkimlərin yaşlı nəsil nümayəndələrinin əksəriyyətinin yaxın gələcəkdə ordu sıralarından tərxis olunacağı təqdirdə peşəkar hərbi həkim hazırlığı ilə bağlı rəy və təkliflər müharibə və dinc dövrdən asılı olmayaraq prioritet məsələ kimi daim diqqət mərkəzində dururdu. Hərbi həkim hazırlığının xarici dövlətlərin müvafiq bazalarında təşkilinin iqtisadi çətinlikləri, mədəni-maarif-təhsil əlaqələrinin, hətta MDB məkanında belə, bərqərar olmaması fonunda hərbi tibb fakültəsinin ölkədaxili ehtiyatlara və imkanlara arxalanaraq yaradılması alternativi nəzərdən qaçırılmırdı.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xaos və pərakəndə içərisində olan respublikanı bu vəziyyətdən xilas etdi. Həmin dövrdə iqtisadiyyatın tənəzzül içərisində olmasına baxmayaraq, ordu quruculuğu, onu güclü kadr potensialı ilə təmin etmək kimi aktual məsələlər ümummilli liderin daim diqqət mərkəzində olmuşdur. Məhz buna görə də ordunun hərbi tibbi kadrlara olan ehtiyacını ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 25 may 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Tibb Universitetinin bazasında hərbi tibb fakültəsi yaradıldı. Bu tarixi sərəncam Azərbaycan Silahlı Qüvvələrini tələbata uyğun olaraq professional hərbi həkimlə, orta tibb ixtisaslı hərbi feldşerlərlə təmin etmək məqsədi daşıyırdı. Bununla yanaşı, fakültə qarşısında başqa vəzifələr də qoyulurdu. Bu, hərbi həkim kadrların təkmilləşdirilməsi, adyunktura və rezidentura fəaliyyəti, hərbi tibbi elmi kadrların yetişdirilməsi, Silahlı Qüvvələrin tibb xidmətinin əməli fəaliyyətini tənzimləyən mexanizminin hazırlanması, elmi-təcrübi konfranslar, simpoziumlar, seminarlar və müxtəlif forumların keçirilməsi kimi prioritet tapşırıqlar idi.
Əlahiddə fəaliyyət göstərən hərbi tibb heyətinin təkmilləşdirmə kursları, hərbi tibb məktəbi hərbi tibb fakültəsinin tərkibinə daxil edildi. Kursant və dinləyicilərə müasir təbabətin əsaslarını aşılamaq, nəzəri tibbi bilikləri praktiki vərdişlərlə sıx vəhdətdə öyrətmək üçün şübhəsiz, güclü maddi-texniki bazası olan klinikalara ehtiyac duyulurdu. Bu baxımdan hərbi tibb fakültəsinin əsas kliniki bazası olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalının yeni korpuslarının inşası və istifadəyə verilməsi böyük əhəmiyyət kəsb etdi. 2007-ci ildə müasir standartlara cavab verən yeni inşa edilmiş cərrahiyyə korpusunun respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən açılması hərbi tibbi kadrların yetişdirilməsinə dövlət qayğısının təcəssümü kimi qiymətləndirilməlidir.
Hərbi tibb fakültəsinin başlıca istiqaməti bu fakültənin Azərbaycan Tibb Universitetinin digər fakültələri kimi uzunömürlü və dayanıqlı olması, bura vətənpərvər gənclərin qəbulunu təmin etməkdir. Bu məqsədlə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin və Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanovun birgə gərgin əməyi sayəsində fakültəyə qəbul birinci kursdan aparılmağa başlandı ki, bu da hazırda öz bəhrəsini verməkdədir. Artıq Silahlı Qüvvələrin hərbi həkim, hərbi feldşer kadrlarına olan ehtiyac problemi həll edilmişdir.
Hərbi tibb fakültəsində təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmaq, NATO sisteminin qabaqcıl hərbi tibbi təcrübəsindən istifadə edərək öyrətmək qarşımızda duran əsas vəzifələrdəndir. Fakültənin zabit-müəllim heyəti qardaş Türkiyə Respublikasının, Almaniya Bundesferinin Hərbi Tibb Akademiyalarında xidməti ezamiyyət və təkmilləşmə kurslarında olmuşlar. Kursant və dinləyicilər NATO xəttilə keçirilən çoxşaxəli hərbi tibbi təlimlərdə fəal iştirak edərək, böyük təcrübə toplamışlar. Hazırda fakültədə dinləyici və kursantlarla yanaşı, Azərbaycan Tibb Universitetinin praktiki olaraq bütün fakültələrinin tələbələri hərbi təbabət fənləri üzrə diplomaqədərki hazırlıq, habelə qoşun və hərbi tibb müəssisələrinin hərbi həkimləri və qulluqçu-həkimləri ixtisaslaşma və təkmilləşmə kursları keçirlər.
Fakültənin mürəkkəb strukturu müəllim heyətini tədrisin təşkilinə və aparılmasına aid vəzifələrin metodoloji cəhətdən differensə olunması zərurəti ilə qarşı-qarşıya qoyur. Hətta tək bir xüsusiyyətin, kursant, dinləyici və tələbələrin intellektual səviyyəsinin fərqli olmasının real fakt kimi nəzərdən qaçırılması tədris qruplarının hər biri üçün seçilən xüsusi metodika və pedaqoji yanaşma üsullarının qeyri-adekvatlığına gətirib çıxara bilər. Odur ki, zabit-müəllimlər geniş nəzəri və praktiki materialdan istifadə etmək, ümumiləşdirmək və düzgün nəticə çıxarmaq qabiliyyətli, peşəkar mütəxəssislər sırasından təyin olunmalı, hərbi-tibbi kadrların müxtəlif kateqoriyalarına sərbəst fəaliyyətdə lazımi sayılan bilik və vərdişləri aşılamaq bacarığı ilə seçilməlidirlər. Məhz buna görə fakültənin təlim-tədris prosesində çalışan zabit-müəllim heyəti əsas etibarilə keçmiş sovet ordusunda zəngin təcrübə toplamış, Azərbaycan ordusunun hərbi tibb müəssisələrində aparıcı və məsul vəzifələrdə qulluq etmiş şəxslər hesabına formalaşmışdır.
Hərbi tibbi təhsil həm də yeni elmi kadrların hazırlanması deməkdir. Cəmi 10 illik tarixi olan fakültədə 3 doktorluq, 6 namizədlik dissertasiyası müvəffəqiyyətlə müdafiə olunmuşdur. Əməkdaşlarımızın elmi-tədqiqat işlərinin nəticələri onlarla məqalə şəklində respublikamızda və xarici ölkələrin dövri elmi mətbuatında dərc edilmişdir. Tədris məqsədilə 10 dərs vəsaiti, 20-dən çox monoqrafiya işlənib hazırlanmışdır.
Təsis olunması və yaradılmasının 80 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Tibb Universitetinin gənc fakültəsi olan hərbi tibb fakültəsinin 10 yaşı var. 10 il ərzində hərbi tibb fakültəsinin 8 buraxılışı olmuş, onlarla hərbi həkim, hərbi feldşer hazırlanıb Silahlı Qüvvələrə yola salınmışdır.
Qarabağ müharibəsi bitməmişdir. Azərbaycan xalqı erməni işğalına məruz qalmış torpaqlarımızın hərb yolu ilə azad olunması barədə son sözünü deməmişdir. Gündən-günə güclənən ordumuz Ali Baş Komandanın əmrinə müntəzir dayanmışdır. Hərbi qulluqçuların sağlamlığı keşiyində dayanan hərbçi həkimlər istənilən ekstremal şəraitdə üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək əzmindədirlər.
Rafiq QULİYEV,
ATU-nun hərbi tibb
fakültəsinin rəisi
tibb xidməti polkovniki,
tibb elmləri doktoru
Azərbaycan.- 2010.-18
avqust.- S. 7.