Tarixə bir baxış

 

Şair-jurnalist Məmməd Əfşanın yeni kitabı "Haqqın divanı" adlanır. Əsərdə böyük türk xaqanı, orta əsrlər dünyasının yenilməz cahangiri Əmir Teymurun yaratdığı böyük bir imperiyanı ədalətlə idarə etməsindən, oğlu Miranşahın bəd əməllərə qurşanmasından, nəticədə, onun və tərəfdarlarının hökmdar tərəfindən cəzalandırılmasından bəhs olunur.

Böyük Əmir hakimiyyəti dövründə çaparlara, qasidlərə yüksək səlahiyyət vermişdi. Bunun müqabilində onlardan tələb edirdi ki, ölkədə baş verən hadisələr barədə onu vaxtlı-vaxtında məlumatlandırsınlar. Onlar öhdələrinə düşən bu vəzifəni ləyaqətlə yerinə yetirirdilər. Əmir də onlara inanırdı. Bir dəfə bu inamdan istifadə edən qasid növbəti hərbi səfərdən qayıdan Böyük Əmirə oğlu Miranşahın və onun başına toplaşanların Azərbaycanda törətdikləri bəd əməllərdən danışır. Onların heç bir əndazəyə sığmayan qeyri-etik hərəkətləri barədə məlumat verir, ölkənin və rəiyyətin halının fəna olduğunu bildirir. Bildirir ki, Miranşah bir dəfə uğurlu ovdan sonra bulaq başında əylənərkən etik normalara sığmayan hərəkət edib. O, baş vəzir naxələf Həzrə bəyin təhriki ilə bulaqdan su aparmağa gələn bir qızçığaza sataşır. Miranşahın cəngindən qurtaran qızcığaz bu biabırçılığa dözməyib özünü sıldırım qayadan atıb.

Miranşahın bu qeyri-insani hərəkəti, Həzrə bəyin bəd əməlləri Əmir Teymuru hiddətləndirir. Miranşahın və onun dövrəsinə cəm olanların cəzasını vermək üçün gözlənilmədən Azərbaycana gəlir. Bu qəfil gəliş Miranşahın qəlbinə sevinc qarışıq şübhə toxumu səpir. O, düşüncələr aləminə qərq olur. Düşünür ki, onun barəsində Əmirə nəsə deyiblər. Yoxsa xəbərsiz-ətərsiz gəlməzdi. Əgər on il görmədiyi oğluna baş çəkmək istəyirdisə, onda bu qoşun-ləşgər nəyə lazım idi?! Yox! Bu gəlişin ayrı səbəbi var.

Miranşahın narahatçılığı yersiz deyildi. Dogrudan da, Böyük Əmir baş fərraşına - asayiş vəzirinə göstəriş verir ki, Miranşahın Həzrə bəy qarışıq bütün məmurlarını göz altına alsınlar! Özü ilə gətirdiyi səriştəli adamlara tapşırır ki, vilayətin idarəçiliyində vergi yığımından tutmuş rəiyyətin dolanışığına qədər, hər şeyi diqqətlə yoxlasınlar. Beləliklə, əmir "Haqq divanı" qurur. Nəticədə oğlu Miranşahın və əlaltılarının bəd əməlləri məlum olur. Məlum olur ki, o, idarəçiliyi başlı-başına buraxıb, yüngül əyləncələrə aludə olub. Böyük bir vilayəti xainlərin, talançıların, yalançıların ixtiyarına verib, ölkəni xarabalıga çevirib. Bu azmış kimi, hələ xalqın namusuna da təcavüz edib. Əmir Teymur belə bəd əməl sahiblərinin qənimi olub. Ona görə də qanunu pozanları ciddi cəzalandırır. Oğlu Miranşahı da kişilik ləyaqətindən məhrum edir.

Müəllif əsərin inandırıcı olması üçün tarixi faktlara müraciət etmiş, onları yerli-yerində işlətmişdir. O, böyük Əmirin dövlətçilik və əvəz olunmaz sərkərdəlik məharətini canlandırmağa çalışmışdır. Əsərə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik haqqında dediyi müdrik kəlamı epiqraf seçmişdir. Bu müdrik kəlam müəllifin qarşıya qoyduğu məqsədi - o dövrün hadisələrini inandırıcı boyalarla işıqlandırmaq üçün mayak rolunu oynamışdır. Həmin kəlamda deyilir: "Dövlət iki şeydən sarsıla bilər: Günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə".

Əsər sadə və oxunaqlı dillə qələmə alınmışdır. İnanırıq, oxucular tərəfindən də rəğbətlə qarşılanacaqdır.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.- 2010.- 18 avqust.- S. 8.