Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Avqustun 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın 2010-cu il 3 avqust tarixli iclasının protokolu təsdiqlənmişdir.

Sonra aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi ilə əlaqədar MSK sədri komissiya üzvlərinə geniş məlumat vermişdir. Sədr bildirmişdir ki, "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Prezidentin 2006-cı il 28 dekabr tarixli sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının sədr və üzvləri üçün Milli Məclisə qarşıdan gələn seçkilərlə əlaqədar yeni kursların təşkil edilməsinə dair müvafiq hazırlıq işlərini başa çatdırmışdır. Kurslar dörd qrupa bölünməklə avqustun 23-dən 29-dək dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, sentyabrın 1-dən 3-dək isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçiriləcəkdir.

İclasda "Mövcud seçki dairələrinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun yaradılmasına və aşağı seçki komissiyalarının müvafiq hesab edilməsinə dair" məsələ müzakirə olunmuşdur. Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 125 seçki dairəsinin yaradılması qərara alınmışdır.

Sonra "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə qərar qəbul olunmuşdur.

Mərkəzi Seçki Komissiyası 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 122 saylı Xankəndi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda Avropa Şurasının Bakı ofisinin təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 19 avqust.- S. 4.