Sahibkarlığa qayğı siyasəti səmərəli nəticələr verir

 

Son illərdə Azərbaycanda müşahidə olunan yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqiiqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən 7 ildə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri sonrakı mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə yüksək sadiqlik nümayiş etdirmişdir.

Cənab İlham Əliyevin ötən illərdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və digər fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına güclü təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Prezident İlham Əliyevin 2007-ci il 30 aprel tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı isə çoxpilləli biznesə başlama prosedurlarının sadələşdirilməsini, bu sahədə mövcud olan bürokratik əngəllərin, süründürməçilik hallarının aradan qaldırılmasını nəzərdə tutmuşdur. Fərmana əsasən, müvafiq dövlət qurumları vahid kodlaşdırmanın tətbiqi ilə sahibkarlıq subyektlərinin fəaliyyətinin "bir pəncərə" (vahid qeydiyyat orqanı) prinsipi əsasında təşkilini təmin etmişlər. Belə bir fərmanın imzalanması göstərir ki, ölkədə sahibkarlığın inkişafına mane olan bütün sədlərin aradan qaldırılması üçün qətiyyətli addımlar atılır.

Dövlət başçısının 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğunlaşdırılması, bu zaman səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, istehlakçıların hüquqlarının effektiv müdafiəsinin təşkili məqsədi daşıyır. Sənədə əsasən Nazirlər Kabineti istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Fərmanla eyni zamanda sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin forması və aparılması qaydalarının hazırlanması nəzərdə tutulur. Sahibkarlıq sahəsində aparılan yoxlamalar isə həmin reyestrdə qeydə alındıqdan sonra həyata keçirilə bilər.

Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası göstərdi ki, hökumət adamlarının fəaliyyətinə dəstək siyasətini uğurla davam etdirir. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilmişdir. bunun da 74 faizi aqrar infrastruktur sahələrinin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilmişdir. Ümumilikdə, 2010-cu il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8733,5 milyon manat təşkil etmişdirbu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.

Maliyyə böhranının hələ tam səngimədiyi şəraitdə - dünya ölkələri arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasiiqtisadi sabitlik investorların ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırır. Ötən 6 ayda Azərbaycan iqtisadiyyatına 3,8 milyard dollar sərmayənin qoyulması deyilənlərin əyani təsdiqidir. Respublikamıza "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinqin verilməsi də bunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, iqtisadiyyata yatırılmış 3,8 milyard sərmayənin 3 milyardı məhz yerli investisiyalardır. Daxili sərmayələrin həcmcə artımının müsbət nəticələri özünü həm də onda göstərir ki, hesabat dövründə qeyri-neft sektorunda 15,3 faiz artım qeydə alınmışdır. Bu, respublikada sahibkarlar sinfinin əhəmiyyətli dərəcədə gücləndiyini, iqtisadiyyatın lokomotiv qüvvəsinə çevrildiyini göstərir.

2010-cu ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxış edərkən demişdir: "Sahibkarlığa Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir. Bu gün burada məlumat verildi ki, artıq ilin əvvəlindən müəyyən məbləğlər verilibdir, ancaq əsas məbləğ hələ ki bölünməmiş qalır. Hesab edirəm ki, üçüncü rübdə kreditlərin əksəriyyəti verilməlidir ki, heç olmasa ilin sonuna qədər sahibkarlar bu il onlardan istifadə edə bilsinlər. Bu proqram artıq bir neçə ildir ki, aparılır və bu, çox səmərəli təşəbbüsdür. Artıq verilən kreditlərin məbləği qayıdır və o qayıdan məbləğ yenidən işə salınır və beləliklə, biz böyük bir məbləği əldə etmişik. Bu il 100 milyon manatdan çox kreditlər veriləcəkdir. Gələn il, yəqin ki, bu məbləğ artacaqdır. Əsas odur ki, konkret, real layihələr, yəni ciddi layihələr təqdim olunsunonlar tezliklə, keyfiyyətlə icra olunsun".

Güzəştli kreditlərlə təmin olunmuş sahibkarlıq subyektlərinin əsasən regionlarda yerləşməsi də hökumətin bu sahədə yeritdiyi siyasətin ardıcıllığına və sistemliliyinə dəlalət edir. Dövlət başçısı 2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasını son 6 ayda da inamla davam etdirmiş, bölgələrin tərəqqisi naminə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır.

Respublikada sahibkarlığın inkişafı üçün görülmüş tədbirlər həm də adamlarının məsləhət-informasiya ilə təmin edilməsi, mütəşəkkil qüvvə kimi təşkilatlanması məqsədinə xidmət edir. Bu baxımdan Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradır.

Sahibkarlığın inkişafı təkcə ölkənin sosial-iqtisadi inkişafına deyil, həm də ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan verən mütərəqqi prosesdir. Eyni zamanda adamlarının sayının çoxalması bir çox sosial problemlərin həllinə yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hərtərəfli dəstəyi müqabilində öz məsuliyyətini düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərinin həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 20 avqust.- S. 1.