Mustafa Kabakçı:
"Türkiyə-Azərbaycan əlaqələrinin sağlam
zəmində inkişaf etdiyini bir daha gördük"
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri zamanı nümayəndə heyətinin tərkibində olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı bildirmişdir ki, bu mühüm səfər zamanı biz iki ölkə arasında əlaqələrin sağlam zəmində inkişaf etdiyini bir daha gördük.
Türkiyəli millət vəkilinin sözlərinə görə, nümayəndə heyəti qardaş Azərbaycanda böyük hörmət və qonaqpərvərliklə qarşılanmışdır. Prezidentlər İlham Əliyev və Abdullah Gülün imzaladıqları "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" isə siyasi sahədə əməkdaşlığımızın zirvə nöqtəsi olmuşdur. Hazırda ikitərəfli əlaqələrimiz siyasi, iqtisadi, mədəni sahələrdə durmadan inkişaf edir. Səfər zamanı bu əlaqələrin daha da gücləndirilməsinin perspektivləri müzakirə olunmuşdur.
Mustafa Kabakçı daha sonra demişdir ki, Azərbaycanın və türk dünyasının qanayan yarası olan Dağlıq Qarabağ probleminin həlli və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün istər beynəlxalq arenada, istərsə də Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesində Türkiyə hökuməti və parlamenti hər zaman qardaş Azərbaycanın yanında olacaqdır. Bu münaqişənin nizama salınması təkcə Azərbaycanın deyil, Türkiyənin də yaxından maraqlandığı məsələdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.- 20 avqust.- S. 2.