Əsl həkim idi
...Rayondan Bakıya Topçubaşovu deyib gələn xəstə qadının böyük təbibi görcək ürəyində ümid qığılcımı yanır. Həkim bunu dərhal duyur və mehribanlıqla soruşur: "Haranız ağrıyır? Şikayətiniz nədəndir?" Xəstə həyəcanla cavab verir: "Sən ki Topçubaşovsan, hər şeyi özün bilirsən. Daha məndən niyə soruşursan?" Həkim sualı bir də təkrarlayır. Qadın da cavabında israrlı olur və inanmır ki, Topçubaşov onun üzünə bircə dəfə baxan kimi xəstəliyini müəyyən etməsin! İlk baxışdan adi, bəlkə də sadəlövh görünən bu hadisə dərin bilikli və fitri istedadlı həkim, professor, akademik haqqında böyük həqiqətləri dərk etmək üçün açar rolunu oynamağa qadirdir.
Ötən əsrin 20-ci illərinin əvvəlindən başlayaraq fasiləsiz altmış ildən çox bir zaman kəsiyində az qala əfsanələşən təbibə xalq məhəbbətinin əks-sədası bizim günlərədək gəlib çatır. Zaman keçir və 115 il əvvəl doğulmuş, 29 il əvvəl isə dünyasını dəyişmiş bu insanın xatirəsi qəlblərdən, yaddaşlardan silinmir.
Topçubaşov insanlar üçün əli şəfalı həkim, bütün dərdlərə çarə tapacaq loğman həddini keçərək artıq əfsanəvi bir varlığa çevrilmişdi. İnsanlar onu az qala ilahiləşdirir, mifləşdirirdilər. Xəstə onun yanına gələndə mütləq şəfa tapacağı barədə düşünürdü. Topçubaşovun adı gələndə ürəklər arxayınlaşır, üzlərə məmnunluq ifadələri qonurdu. Topçubaşov ümid və inamın ünvanı idi. Və bütün bunlar elə-belə, əsassız, səbəbsiz deyildi...
Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 5-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağa bəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Gələcəkdə necə mükəmməl bir insan olacağı isə bu gəncin hələ təhsil aldığı illərdə özünü büruzə verib. Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub. Çətinliklərə dözüb, səylə dövlət imtahanlarına hazırlaşıb. Nə aclıq, nə də ölüm qorxusu onu yolundan döndərə bilib. Mustafa ata-anasının ona göndərdiyi cib xərcliyini tətilə gələndə geriyə qaytarırmış ki, mən orada təkəm, aldığım təqaüdlə dolana bilirəm. Nəhayət, dövlət imtahanlarını verib diplom alıb. Vətənə geri dönmək üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçib, gah qatarla, gah da gəmi ilə yol gəlib. Yollarda isə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Axır ki, Vətəninə yetişib, onu gözləyən doğmaları ilə görüşüb.
1919-cu ildə təhsilini başa çatdıran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920-1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin cərrahiyyə kafedrasında ordinator, 1923-1930-cu illərdə isə assistent vəzifələrində çalışır. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirir.
Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmır. Odur ki, dünya tibb elmində bir sıra yeniliklər də məhz bu Azərbaycan aliminin adı ilə bağlıdır.
M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - anelgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.
Müharibədən söz düşmüşkən: Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.
Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri - öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.
Mustafa bəyin tutduğu vəzifələri və qazandığı titulları saymaqla qurtarmaz. Maraqlıdır ki, onun keçdiyi həyat yolundan bəhs edən sənədlərin özündə də təltifləri və fəxri adları sadalanarkən ardıcıllıq pozulur.
Müharibədən sonra professor M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə təyin edilir. 1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilir. 1947-1949-cu illərdə Azərbaycan Respublikası Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956 və 1969-1981) Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.
1954-cü ildə
özü işlədiyi kafedrada operasion-auditoriya təşkil
edir.
Əməkdar
elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı
ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri
Akademiyasının akademiki seçilir. O, 1953-cü ildə
Stalin mükafatı laureatı olur və 1975-ci ildə
Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.
Yazıçı Anar
çıxışlarının birində deyib: "Sovet
dövründən əvvəl hörmətli adamlara müxtəlif
cür xitab edirdilər, bəy, mirzə və ya əfəndi
çağırırdılar. Məsələn, Əlimərdan
bəy, Əbdürrəhim bəy, Üzeyir bəy, yaxud Mirzə
Ələkbər Sabir, Mirzə Cəlil, Cavid əfəndi,
Şaiq əfəndi və s. Sovet dövründə bu adlar
get-gedə unuduldu, aradan qaldırıldı. Mənim xatirimdə
yalnız iki adam qalıb ki, onlara "bəy"
deyirdilər: Mustafa bəy Topçubaşov, bir də
Üzeyir bəy Hacıbəyli".
Bəlkə bu adların
yanaşı çəkilməsində də bir
qanunauyğunluq var. Axı, bu adların sahibinin hər biri
öz sahəsinin ən yüksək zirvəsinə
çatmış şəxsiyyətlər idi.
Topçubaşovun musiqiyə
olan sonsuz marağı onu Üzeyir bəy Hacıbəyli ilə
yaxın dost etmişdi. Üzeyir bəy onu "təbabətin
filosofu və bəstəkarı" adlandırırdı. Məclislərin
birində dahi bəstəkar deyib:
- Əgər təbabəti
musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim
Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından
biri olardı.
Akademik Heydər Hüseynov
ona etiraz edib:
- Təbabətin filosofu
adı Mustafa bəyə daha çox yaraşır.
Üzeyir bəy cavab verib:
- Məncə, təkliflərimizi
birləşdirsək, bizim doktorumuz narazı qalmaz. Qoy Mustafa bəy
"təbabətin filosofu və bəstəkarı"
olsun.
Üzeyir bəyin məsləhəti
ilə M. Topçubaşov cərrahiyyə əməliyyatlarının
əksəriyyətini musiqinin müşayiəti ilə
keçirirmiş və bunun olduqca faydalı olduğunu dəfələrlə
qeyd edirdi. O deyirdi: "Təbabət və musiqi bir-biri ilə
qırılmaz tellərlə bağlıdır və bir zaman
gələcək bir çox dərmanları musiqi ilə əvəz
edib, insanları müalicə edəcəklər".
Mustafa bəyin qızı
Zemfira xanım atalı günlərini belə
xatırlayır: "Xəstələri müayinə və
müalicə etməyə o öz həkimlik peşəsinin
yalnız bir hissəsi kimi baxırdı. Həm də əhali
arasında səhiyyə ilə bağlı təbliğat
işləri aparır, yığıncaqlarda, cərrahların
simpoziumlarında, iclaslarda iştirak edirdi. Onun iş vaxtı
səhər saat 7-də başlayırdı. Axşamlar isə
evə saat 7-dən tez gəlmirdi. Gecələr də gah xəstəxanada
növbələrdə olur, gah təcili cərrahiyyə əməliyyatlarına
çağırılırdı.
İllər keçirdi.
Artıq evdə onun yolunu yalnız həyat yoldaşı yox,
həm də üç övlad gözləyirdi. Ailəmizin
ilki İbrahim bəy ana babamızın adını
daşıyırdı. Biz əkiz qızlar - mən və
bacım Elmira ondan üç yaş kiçik idik.
Ağlımız kəsəndən evdə ab-havanı belə
gördük: atam bütün günü məşğul idi.
Evə gəlib yemək yeyəndən sonra iş
masasının arxasına keçirdi, ya da təcili xəstələrə
baxmağa çağırılırdı. Atamın işləri
çox olduğundan bizimlə əsasən anamız məşğul
olurdu. Tez-tez muzeylərə, teatra gedirdik. Anam özü də
tanınmış rəssam, əməkdar incəsənət
xadimi idi".
El məsəli var ki,
böyük şəxsiyyətlərin böyük də
düşmənləri, bədxahları,
gözügötürməyənləri olur. Mustafa bəyin
də şan-şöhrətindən narahatlıq hissi
keçirənlər, xalqın sevgisinə qısqananlar həmişə
çox olub. Lap cavanlıq yaşlarından böyük gələcəyini
görənlər Topçubaşovu "KQB"nin
"çəngi"nə salmaq ehtirası ilə
yanıblar. Hər kəlməsində, hər hərəkətində
siyasi səhv axtarır, onu xalq düşmənləri
sırasına qoşmaq istəyirdilər. Gənc həkim və
alimə damğa vurmaq üçün o qədər səbəb
tapırdılar ki!.. Bunun üçün elə onun
soyadından "yapışmaq" kifayət edirdi. Həkimin
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuş
Əlimərdan bəy Topçubaşovla qohumluq əlaqələrini
aydınlaşdırmağa, təsdiqləməyə can
atırdılar. 1930-cu illərdə gənc
Topçubaşovu incitməkdən ötrü bundan
yaxşı bəhanə ola bilərdimi? Odur ki, günlərin
bir günü Mustafa həkimi DTK-ya çağırıb
sorğu-suala tuturlar: "Əlimərdan bəy
Topçubaşovla qohumsunuz?" "Yəqin ki, qohumuq, -
deyir. - Amma mən onu şəxsən tanımıram".
Bu söz-söhbət o zaman
Azərbaycana rəhbərlik edən Mircəfər
Bağırova çatır. Bağırov Mustafa bəyə
böyük hörmət bəsləyirmiş. Ona görə
də qətiyyətlə deyib: "Bizim bircə
Topçubaşovumuz var. Onu rahat buraxın". Bu isə
Mustafa bəyi həbs etdirmək üçün onun hər
sözündə, hər kəlməsində siyasi səhv
axtaranlara sərt mesaj olub.
M.Topçubaşov repressiya
illərinin bəlalarından salamat qurtarsa da, çox təəssüflər
olsun ki, bəzilərinin böyük təbibi ləkələmək
cəhdi sonrakı illərdə də davam edib. Onun
paxıllığını çəkənlər, fürsət
düşdükcə incidən, haqqını tapdalamaq istəyənlər
kifayət qədər idi. Hətta bu şəxsiyyətin sadəlik
və təvazökarlıq kimi yüksək keyfiyyətlərində
də mənfi çalarlar axtarırdılar. Belələri
görkəmli alimi respublikanın rəhbərinin
gözündən salmaq üçün də çox cəhd
ediblər. 1995-ci ildə M.Topçubaşovun 100 illik yubiley mərasimində
çıxış edən ulu öndər Heydər Əliyev
böyük təbibin şəxsiyyətini açıqlayan
bir neçə məqamı xüsusi
vurğulamışdı: "Mustafa bəy Topçubaşov
anadan ziyalı kimi doğulubdu. Onun ziyalılığı təkcə
elmində yox, xasiyyətində, davranışında,
insanlara münasibətində idi... Xatirimdədir, bir dəfə
bir nəfər mənim yanıma gəlib dedi ki, Mustafa bəy
Topçubaşov akademiyada özünü elə aparır
ki, elə bil heç vitse-prezident deyildir. Mən dedim, nə
olubdur ki? O dedi ki, Mustafa bəy Topçubaşov akademiyanın
bufetində oturur, hamı ilə birlikdə yemək yeyir.
Dedim, burada nə var ki?.. Demək, insanlar başqa cür də
düşünürlər.
Bu, onun alicənablığının,
ziyalılığının parlaq təzahürüdür.
İnsanlar var ki, bir xırda vəzifə tutan kimi ya evində,
ya da dövlət işində özlərinə xüsusi
xidmət tələb edirlər... Lakin xalqına bu qədər
xidmət etmiş adam, həmin o Elmlər Akademiyasının
bünövrəsini qoyanlardan biri bu cür təvazökar həyat
keçirirdi".
Ulu öndər o zaman həmin
mülahizələri söyləyənlərə təəccüb
edir və bu böyük insanın təvazökarlığına
görə ona hörməti bir qədər də artır.
Lakin bədxahlar "fəaliyyət"lərindən
əl çəkmirdilər. Respublika rəhbərinə dəfələrlə
deyirdilər ki, Mustafa bəy Topçubaşov artıq
qocalıb. Bəlkə o, istefaya getsin, yaxud kafedra
müdirliyini başqa adama tapşırsın?
Topçubaşov akademiyanın vitse-prezidenti olduğu zaman da
Heydər Əliyevə belə "təklif"lərlə
müraciət edirdilər.
Ulu öndər isə belələrinə
qətiyyətlə cavab verirdi: "Dediyiniz o qanun-qaydalar
Mustafa bəy Topçubaşova aid deyil. O, elə bir insandır
ki, o, elə bir fədakar adamdır ki, həyatının,
yaşının son dəqiqəsinə qədər göstərdiyi
fəaliyyət bizim üçün gərəkli və əhəmiyyətlidir".
Ümummilli lider Heydər Əliyev
Mustafa bəy Topçubaşovu həmişə yüksək
qiymətləndirmiş, onun Azərbaycan xalqı
qarşısındakı xidmətlərini və dünya təbabət
elminə verdiyi töhfələri layiqincə dəyərləndirmişdir.
Bu səbəbdən də həmişə böyük təbib
və alimi yersiz hücumlardan və təqiblərdən
qorumuşdur. Topçubaşovun 100 illik yubileyi qeyd edilərkən
ulu öndər demişdir: "Mustafa bəy
Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur.
Adamlar üçün ən vacib olan sahə - onların
sağlamlığının qorunması, insanların xəstəliklərdən
xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət
üçün həm keçmişdə, həm indi, həm
də gələcəkdə mühüm olan sahədir.
Mustafa bəy Topçubaşovun öz fəaliyyətini məhz
bu sahəyə həsr etməsi heç də təsadüfi
deyil. Bu, onun daxili mənəviyyatı ilə
bağlıdır. Bütün həyatı,
yaradıcılığı, fəaliyyəti göstərir
ki, o, şüurlu olaraq bu sənətdən
başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət
dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim
olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün
inkişafında, xalqımızın ağır xəstəliklərdən
qurtarmasında, elmimizin, təhsilimizin inkişafında
böyük xidmətlər göstəribdir".
M.Topçubaşov
güclü iradəyə, zəngin mənəvi aləmə
malik şəxsiyyət idi. Bütün həyatı sevgidən
ibarət idi - millətinə, xalqına, insanlara sevgidən!
1969-cu ildə böyük alimin yeganə oğlu,
tanınmış cərrah İbrahim bəy ürək xəstəliyindən
45 yaşında vəfat etdi. Oğlunun yeddisi
gününün səhəri ömür-gün
yoldaşı dünyasını dəyişdi. Qızı
Zemfira xanım xatirələrində yazır ki: "Atama
onlarsız çox ağır oldu. O, yeganə oğlunu deyil,
həm də tələbəsini, həmkarını
itirmişdi. Saatlarla içinə qapanar, dərdləri ilə
baş-başa qalardı. Nə etsək də, faydasız idi.
Sanki o, həyatının hər anında yenə anamla,
qardaşımla birlikdə idi. Öz-özünü
ovundurardı, acılarından bir kimsəyə zərər gəlməsini
istəməzdi". Həyat yoldaşı Reyhan xanım həmişə
deyərmiş ki, Mustafa bəy öyünülməyə
nifrət edərdi. Vətənə, millətə sevgi və
xidmət haqqında heç danışmazdı, amma
bütün həyatı boyu Vətəninin, millətinin xidmətində
idi.
Akademik M.Topçubaşov 62
illik əmək fəaliyyəti dövründə 100 minə
yaxın cərrahiyyə əməliyyatı aparıb. O,
faktiki materialları, elmi səviyyəsi və təsvirləri
ilə seçilən 5 cildlik "Xüsusi cərrahlıq"
kitabının, 7 monoqrafiyanın, 200-dən artıq elmi
işin müəllifi olub.
Maraqlıdır ki, bu gün
heç kəs Topçubaşov haqqında keçmiş
zamanda danışmır. Çünki ondan dərs
almış yüzlərlə gözəl həkimimiz və
onların arasında Topçubaşov ailəsinin yeni
nümayəndələri də var. Çünki onun
sağaldıb həyata qaytardığı insanların
özləri dünyasını dəyişmiş olsa da,
övladları, nəvələri yaşayır və
yaddaşlarında böyüklərdən eşitdikləri həkim
əfsanəsini (əslində, həqiqətini)
yaşadırlar. Qısası, Mustafa bəy
Topçubaşovun unudulmamasının çox səbəbləri
var. Fikrimizcə, bunların ən başlıcası onun
gerçək həyatda yaratdığı əsl həkim
obrazıdır.
İradə ƏLİYEVA
Azərbaycan.- 2010.- 20 avqust.- S. 4.