Azərbaycanda cərrahiyyənin inkişaf tarixi
Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V.İ.Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25-30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922-1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B.Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B.Finkelşteyn) birinci assistent azərbaycanlı M.Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir. Aparılan əməliyyatlar əsasən xroniki və kəskin kor bağırsağına və yırtıqlara görə olmuşdur. Mədə və öd yollarında icra edilən əməliyyatlar isə palliativ xarakter daşımışdır.
1930-cu ildə müstəqil Tibb İnstitutu və Bakı kliniki xəstəxanaların cərrahiyyə şöbələrinin yaradılması, onların cərrahiyyə kafedralarından kliniki bazalar kimi istifadə olunması bu sahənin inkişafına təkan verdi. Həmin dövrdə M.Mirqasımov və M.Topçubaşov artıq tibb elmləri doktorları idilər. İstər M.Mirqasımov, istərsə də M.Topçubaşov Azərbaycanda cərrahiyyənin inkişaf tarixində böyük xidmətləri olan alim-cərrahlardırlar.
Azərbaycan Tibb İnstitutunun cərrahiyyə kafedrasına rəhbərlik (1931-1958-ci illər) edən professor Mirəsədulla Mirqasımovun ali təhsilin cərrahiyyə məktəbinin və böyük bir elmi pedaqoji və praktik həkim - cərrah kadrlarının hazırlanmasındakı rolu misilsizdir. Tibb elmləri doktorları, professorlar B.Mahmudbəyov, M.Əlikişibəyov, B.Frankenberq, H.Əliyev, T.Həbibli, G.Məmmədzadə, Ə.Ağalarov, M.Tağıyeva, dosentlər F.Muradov, R.Şahbazov, K.Qədimova bu kafedranın müxtəlif illərdə yetişdirmələri olmuşlar. Onlardan bəziləri isə (professor B.Mahmudbəyov, H.Əliyev, B.Frankenberq, Ə.Ağalarov) sonralar cərrahiyyə kafedralarında müdir vəzifələrində çalışmışlar.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və nevrologiya kafedralarının müdiri, akademik M.Cavadzadənin, ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri akademik B.Ağayevin, Moskva Stomatoloji İnstitutunun Travmatologiya kafedrasının müdiri professor A.İmaməliyevin cərrahiyyədə ilk praktik fəaliyyətə başlamaları da institutun qeyd olunan Hospital cərrahiyyə kafedrasında olmuşdur.
1930-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Cərrahiyyə kafedralarında istər yüksək peşəkar pedaqoji-praktik kadrların hazırlanması, istərsə də aparılan əməliyyatların həcmi və nəticələri baxımından bura keçmiş SSRİ məkanında qabaqcıl təhsil ocaqlarından birinə çevrilmişdir. İkinci Dünya müharibəsi (1941-1945-ci illər) illərində Tibb İnstitutunun cərrahiyyə üzrə elmi-pedaqoji kadrları ön cəbhədə və arxada hərbi hospitallarda fədakarlıqla çalışmış və onlardan çoxu orden və medallarla təltif olunmuşlar.
Azərbaycanda digər qabaqcıl cərrahiyyə məktəbinin yaranması akademik Mustafa bəy Topçubaşovun adı ilə bağlıdır. XX əsrin 30-cu illərindən başlayaraq onun qarın və köks boşluqlarında apardığı və yüzlərlə xəstələrin sağalması ilə nəticələnən əməliyyatları bu alimin keçmiş Sovetlər İttifaqında yüksək ixtisaslı klinisist cərrah kimi tanınmasına və xalqın rəğbətini qazanmasına səbəb olmuşdur.
1938-ci ildə Mustafa bəy tərəfindən təklif olunmuş inyeksionanelgeziya narkozunun əsasını təşkil edən analgeziya ideyası (fizioloji yuxuya yaxın) bu gün dünyada tətbiq olunan bütün narkoz növlərinin işlədilməsində istifadə edilir.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranır və onun ilk prezidenti professor Mirəsədulla Mirqasımov seçilir. M.Topçubaşov isə akademiyanın 16 həqiqi üzvündən biri olur. Azərbaycan Tibb İnstitutunun 2 professor-cərrahının respublika Elmlər Akademiyasına prezident və həqiqi üzv seçilmələri o dövrdə tibbin, habelə cərrahiyyənin yüksək səviyyədə olmasının göstəricisi idi. Akademik M.Topçubaşov ömrünün axırına qədər (1986) ATU-nun Fakültativ cərrahiyyə kafedrasının müdiri, bir çox dünya elmi cərrahiyyə cəmiyyətlərinin üzvü, əməkdar elm xadimi olmuşdur. 1975-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Bu gün respublikada Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzi bu böyük şəxsiyyətin adını daşıyır.
XX əsrin 60-cı illərinin ikinci yarısı, 70-ci illərdə yeni nəsil elmi-pedaqoji kadrların yetişməsi və cərrahiyyənin təkmilləşdirilmiş sahələrinin yaradılması ilə xarakterizə olunur. Tibb elmləri doktorları, professorlar B.Abbasov, H.Kərimov, N.Rzayev, B.Ağayev, E.İbrahimov, F.Mirsəlimov, M.Qarayev, N.Hacıyev, M.Tağıyeva, T.Həbibli, H.M.Abdullayev, F.Zərgərli, Ş.Quliyev, X.Quliyeva və başqaları cərrahiyyənin bir çox sahələrinin təşkilində, elmi axtarışların aparılmasında və dərsliklərin yazılmasında böyük işlər görmüş və bununla da respublikada cərrahiyyə xidmətini yeni inkişaf səviyyəsinə qaldırmışlar.
Tibb İnstitutunun cərrahi xəstəliklər kafedrası (kafedra müdiri akademik B.Ağayev) qarın boşluğu orqanlarının, xüsusi ilə qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərinin diaqnostikasında və cərrahi müalicəsində yeni texnologiyaların tətbiqi ilə bu sahədə aparılan minlərlə əməliyyatlar, yeni ixtiralar, çap olunmuş elmi məqalələr, dərsliklər və monoqrafiyalar yeni cərrahiyyə məktəbinin yaradılmasına imkan verdi. Bu sahədə onlarla tibb elmləri doktorları və namizədləri yetişdirildi. Respublikada ilk dəfə (Sovetlər Birliyində birincilərdən) bir sıra diaqnostika metodlarının: lifli endoskopların (qastro-duodeno, kolonoskopiya, retroqrad xolangiopankreatoqrafiya), ultra səs müayinəsi, laporoskopiya, rentgentelevizion inter-operasion kontrast müayinələri, bir sıra təkmilləşdirilmiş cərrahi əməliyyat metodlarının praktikada tətbiqi bu kafedranın gərgin və səmərəli fəaliyyəti nəticəsində mümkün olmuşdur.
1961-ci ildə Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu yaradıldı (hazırda akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi). Bu institutun təşkilində onun birinci direktoru və İkinci fakültativ cərrahiyyə kafedrasının müdiri Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor F.Ə.Əfəndiyevin çox böyük rolu olmuşdur. Respublikada bir sıra hematoloji xəstəliklərin cərrahi müalicəsi, köks cərrahiyyəsinin ilkin təşkili və inkişafı, vəzi diaqnostika sınaqlarının ixtira olunması bu böyük alimin adı ilə bağlıdır.
Bu gün ölkədə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kliniki cərrahiyyənin təkmilləşmiş elmi-praktik şöbələri - ürək (professor F.Abbasov), damar (tibb elmləri doktoru N.Abışov), endokrin (professor A.Ağayev), qastroenterologiya (tibb elmləri doktorları R.Ağayev, Z.Şirinov, M.Məmmədov, İ.Kazımov) və başqa şöbələr fəaliyyət göstərir.
1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı. Təhsil ocağının cavan cərrah kadrlarının ölkənin elmi mərkəzlərində praktiki təcrübə toplamaları və elmi yeniliklərlə yaxından tanış olmaları üçün uğurlu tədbirlər həyata keçirildi.
1980-1990-cı illərdən universitetin kafedralarında yüksək peşəkarlıqları ilə fərqlənən elmi pedaqoji kadrların (tibb elmləri doktorları, professorlar Ç.Cəfərov, H.Sultanov, S.Hadıyev, B.Musayev, Ç.Quliyev, G.Rüstəmov, R.Ağayev, R.Quliyev) hazırlanmasına praktik işlərdə yeni diaqnostika və cərrahi əməliyyat metodlarının tətbiqinin (perkatan xolangioqrafiya, endoskopik cərrahlıq, angioqrafiya, ürəkdaxili müayinələr və s.) aparılması və cərrahi aktivliyin artmasına proktologiya, köks cərrahiyyəsi səbəb oldu. Bu illərdə Tibb İnstitutunun yüksək səviyyəli elmi pedaqoji fəaliyyəti ölkənin ən önəmli mükafatlarından biri olan "Qırmızı Əmək Bayrağı" ordeni ilə mükafatlandırıldı. O zaman ulu öndər Heydər Əliyev tərəfindən bu orden təhsil ocağının bayrağına sancılmışdır.
1985-ci ildə Səhiyyə Nazirliyinin Diaqnostika Mərkəzinin (direktor O.K.Şirəliyev) açılması və burada ölkədə barmaqla sayıla bilinən kompüter tomoqrafiyanın quraşdırılması və istifadəyə verilməsi bütövlükdə tibb aləmində, o cümlədən cərrahiyyədə tətbiq olunan ən dəqiq diaqnostika metodlarından biri oldu. Respublikada yeni texnologiya ilə aparılan endoskopik diaqnostikanın və endoskopik cərrahlığın təbliği də bu mərkəzin fəaliyyəti ilə bağlı idi.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və nevrologiya üzrə beynəlxalq göstəricilər səviyyəsinə qaldırılması, respublikada ilkin olaraq hemodializin təşkili və böyrək köçürülməsi akademik M.Cavadzadənin adı ilə bağlıdır.
Cərrahiyyə xidmətinin böyük bir sahəsini onkoloji xəstəliklərin cərrahi müalicəsi təşkil edir. Milli Onkologiya Mərkəzi (direktor akademik C.Əliyev) və Tibb İnstitutunun Onkologiya kafedrasının (müdiri akademik Ə.Əmiraslanov) kliniki bazalarında müasir diaqnostika və müalicə metodları ən yüksək səviyyədə təşkil olunmuşdur. Bu yaxınlarda Milli Onkologiya Mərkəzinin istifadəyə verilmiş kliniki bazasının istər müasir tibbi texnologiya ilə təmin olunması, istərsə də xəstələrin müalicəsi və tibb işçilərinin normal fəaliyyəti üçün yaradılmış şərait baxımından Avropada analoqu yoxdur.
Respublikada cərrahiyyənin inkişafı onun beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Tibb Universiteti və cərrahiyyə kafedraları dünyanın onlarla tibb universitetləri və tibbi mərkəzləri ilə elmi, praktik əlaqələr yaratmışdır.
Azərbaycan Elmi-Praktik Cərrahi Assosiasiyanın və Tibb Universitetinin təşəbbüsü ilə 1997-2008-ci illərdə keçirilmiş Avrasiya cərrah və qastroenteroloqların 4 konqresi ölkəmizə dünyanın ən məşhur cərrah-alimlərinin gəlməsinə və yeni əlaqələrin yaradılmasına səbəb olmuşdur. Bununla əlaqədar gənc cərrah kadrlara bu ölkələrin tibb mərkəzlərində yeni texnologiya, müasir diaqnostika metodları ilə tanış olmaq və praktiki təcrübələrini artırmaq imkanı yaranmışdır.
Hazırda öz fəaliyyətlərini davam etdirən onlarla tibb elmləri doktorları, professor-cərrahlar, eləcə də respublikamızın şəhər və rayonlarında, xarici ölkələrdə çalışan yüzlərlə həkim-cərrahlar Azərbaycan Tibb Universitetinin 80 illik yubileyini sevinclə qarşılayırlar.
2005-ci ildən "Cərrahiyyə" jurnalının çapına başlanılması, respublikada bu sahənin elmi-praktik fəaliyyətini əks etdirən bir mətbu orqanın yaradılması və nəşrin bir sıra xarici ölkələrə göndərilməsi də bizim uğurlarımızın göstəricisidir.
Azərbaycan Tibb Universitetində həkim kadrların hazırlanması sahəsində gedən islahatlar, rezidentura sistemi ilə yüksək peşəkar kadrların yetişdirilməsi, respublika Prezidenti İlham Əliyevin dəstəyi ilə artıq tikintisi başa çatmış və istifadəyə hazır olan terapevtik və inşası davam edən cərrahiyyə korpuslarının yaxın gələcəkdə açılışı bizim tibb təhsilində və eləcə də cərrahiyyə xidmətində yeni inkişaf mərhələsinin başlanmasına səbəb olacaqdır.
Böyükkişi AĞAYEV,
ATU-nun II cərrahi xəstəliklər
kafedrasının müdiri,
M.A.Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzinin direktoru,
akademik
Azərbaycan.- 2010.- 20 avqust.- S. 4.