Məhkumlara göstərilən tibb xidmətinin
yaxşılaşdırılması daim
diqqət mərkəzindədir
Bu ilin iyulunda Avstriyanın Vyana şəhərində "Vərəm İnsanın İmmun çatışmazlığı Virusuna (İİV) qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi" mövzusunda I Avropa regional müşavirəsi və Beynəlxalq Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) Cəmiyyətinin təşkilatçılığı ilə XVIII beynəlxalq konfrans keçirilmişdir. Tədbirlərdə ölkəmiz geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunmuşdur. Tədbirlərdə iştirak etmiş Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti polkovnik-leytenant Rəfail Mehdiyev bununla bağlı suallarımızı cavablandırmışdır.
- Beynəlxalq konfranslarda
hansı məsələlərə toxunuldu
və bunun ölkəmiz üçün
faydası nədən ibarətdir?
- Vyanada Avropada Vərəm İİV-yə, həmçinin QİÇS-in yayılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə və inkişaf etmiş ölkələrin bu məsələyə dəstəyinin artırılmasına həsr olunmuş mühüm beynəlxalq tədbirlər keçirilmişdir. Beş mindən çox iştirakçının, o cümlədən Avropa və postsovet ölkələri nümayəndələrinin, BMT, Ümumdünya Səhiyyə Təşkilatı, Qlobal Fond, Beynəlxalq Qızıl Xaç Komitəsi, Sərhədsiz Həkimlər təşkilatının təmsilçilərinin qatıldığı konfranslarda qeyd olunan məsələlər üzrə faydalı müzakirələr keçirilmiş, müvafiq mübarizə tədbirlərinin həyata keçirilməsi və qabaqcıl iş təcrübələri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Konstruktiv və səmimi dialoq şəraitində aparılmış müzakirələrdə Azərbaycanın nümayəndə heyəti fəal iştirak edərək, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm vermişdir. Ölkəmizdə həyata keçirilən mütərəqqi proseslərdə qabaqcıl təcrübənin tətbiqinə dair səmərəli danışıqlar aparılmış, qarşılıqlı fəaliyyətin gələcək perspektivləri müəyyənləşdirilmişdir.
Tədbirlərdə həmçinin Azərbaycanın penitensiar sistemində aparılan köklü islahatlardan danışılmış, məhkumlar arasında vərəmə və QİÇS-ə qarşı mübarizə üzrə tədbirlər və əldə olunmuş nailiyyətlər vurğulanmış, bütün bəşəriyyəti narahat edən bu xəstəliklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasının əhəmiyyəti qeyd olunaraq, təkliflər irəli sürülmüşdür. Beynəlxalq qurumlar ölkəmizdə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı tədbirlərə böyük maraq göstərərək, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişlər.
Səfər çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə səmərəli görüşlər keçirilmiş, respublikada İİV/QİÇS-lə mübarizə sahəsində vəziyyət, o cümlədən penitensiar müəssisələrdə aparılan işlər barədə ətraflı məlumat verilmiş, bu sahəyə dəstəyin artırılması, mütəxəssis hazırlığı məqsədilə xüsusi təlimlərin keçirilməsi və digər məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.
- Eşitdiyimizə
görə son illər penitensiar
sistemdə vərəmlə mübarizə üzrə
görülən işlər beynəlxalq qurumlar
tərəfindən yüksək qiymətləndirilir və
Azərbaycanın bu sahədəki təcrübəsi
digər ölkələr üçün
nümunə göstərilir.
- Bəli, son illər Azərbaycanda penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra ictimai həyatın bütün sahələrində əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, insanların sağlamlığı, vərəmlə mübarizə məsələləri də diqqətdən kənarda qalmamışdır. Bu sahədə yeni strategiya işlənib hazırlanmışdır. 2000-ci ildə ilk dəfə olaraq bu xəstəliklə mübarizənin əsaslarını müəyyən edən müvafiq qanun qəbul edilmişdir. Hazırda həmin humanist strateji kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vərəmlə mübarizəyə xüsusi diqqət göstərilərək, bu xəstəliyə düçar olmuş məhkumlar üçün xüsusi İxtisaslaşdırılmış müalicə müəssisəsi yaradılmış, müasir avadanlıqlarla təçhiz olunmuş laboratoriya və yeni müalicə korpusları istifadəyə verilmişdir. Yeri gəlmişkən qeyd edim ki, bu ilin mayında ixtisaslaşdırılmış müalicə müəssisələrində yeni inşa edilmiş 20 nəfərlik kamera tipli rejim korpusunun əsaslı təmiri başa çatmış və müasir tibbi avadanlıqlarla təchiz edilmiş cərrahiyyə şöbəsinin, dispanser müşahidə, yeni müayinə-diaqnostika, eləcə də fizioterapiya bölmələrinin açılışı olmuşdur. Tədbirdə iştirak etmiş beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri yeni istifadəyə verilən müalicə bölmələri ilə tanış olmuş, müəssisədə yaradılmış saxlanma şəraitini və müalicə prosesini müsbət qiymətləndirmişlər.
Müalicə müəssisəsində cəzanın növündən asılı olaraq məhkumların saxlanılması üçün vərəmin müxtəlif formalarına aid şöbələr yaradılmışdır ki, bu da xəstəliyin müəssisə daxilində yayılmasının qarşısını kəskin şəkildə almışdır. Eyni zamanda, vərəm sahəsində layihələrin həyata keçirilməsi və beynəlxalq təşkilatların dəstəyi ilə məhkumlar vərəmə qarşı dərmanlarla tam təchiz olunurlar.
Vərəmli məhkumlar bir cəzaçəkmə müəssisəsində yerləşdirilərək Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun, tam səmərəli müalicə kursu alır və xəstə sağaldıqdan sonra cəza çəkdiyi müəssisəyə qaytarılmadan orada tələb olunan müddətdə müşahidə altında saxlanılır. Bu da təbii ki, qeyd olunan sahədə çox önəmli nailiyyətlərdən biri hesab olunur. Görülən işlərin nəticəsində hazırda penitensiar müəssisələrdə yeni aşkarlanmış vərəm hallarının sayının aşağı enməsi, 1995-ci illə müqayisədə vərəmdən ölüm hadisələrinin 32,5 dəfə azaldığı müşahidə edilir.
Ölkəmizin bu sahədə əldə etdiyi müsbət irəliləyişlər və səmərəli nəticələr Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Fondun və digər nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən təqdir olunmuşdur. Vərəm və Ağciyər Xəstəlikləri ilə mübarizə üzrə Beynəlxalq Birliyin Parisdə keçirilən 39-cu Ümumdünya Konfransında "Yaşıl işıq" komitəsi tərəfindən Azərbaycanın penitensiar müəssisələrində vərəmlə mübarizə sahəsində aparılan layihə və infeksiyaya nəzarətin təmin olunması digər ölkələr üçün model kimi təklif edilmiş və ölkəmizin təcrübəsinin öyrənilməsi tövsiyə olunmuşdur.
Ölkəmizin bu sahədə qabaqcıl təcrübəsinin öyrənilməsinə və əldə etdiyimiz nailiyyətlərə maraq göstərilərək, təcrübə mübadiləsi məqsədilə postsovet ölkələrinin, o cümlədən Tacikistanın nümayəndə heyəti Bakıda olmuş, vərəmlə mübarizə sahəsində Azərbaycanın təcrübəsindən bəhrələnmək niyyətini bildirmişdir. Eyni zamanda, Vyanada keçirilən I Avropa regional müşavirəsi ərəfəsində Qırğızıstanın nümayəndə heyəti də bu məqsədlə respublikamıza səfər etmək arzusunda olduğunu vurğulamışdır.
- Ölkəmiz xarici dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm verirmi və vərəmlə mübarizə sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə səmərəli əməkdaşlıq edirmi?
- Ümumiyyətlə, penitensiar sistemdə vərəmlə mübarizəyə BQXK-nın dəstəyi hələ 1995-ci ildən başlanmışdır. Son illər bu sahədə əldə olunmuş nailiyyətlər nəticəsində həmin qurum bu fəaliyyətdən tədricən çəkilir və yalnız kiçikhəcmli texniki dəstək və tövsiyə xarakterli köməklə öz işini məhdudlaşdırır. Ancaq biz onlarla birgə fəaliyyətimizi davam etdirir və yüksək nəticələr əldə edirik. 1995-ci ildə BQXK ilə birgə cəzaçəkmə müəssisələrində DOTS layihəsinin tətbiqinə başlanılmış və bu günədək 10 mindən artıq məhkum bu üsulla vərəmdən müalicə olunmuşdur. 2007-ci ildən isə respublikamızda ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan "multirezistent" xəstə məhkumların DOTS-plus müalicəsinə başlanılmış, 280-dən artıq rezistent formalı vərəmi olan məhkum müalicəyə cəlb olunmuş və nəticələr Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hədəfdən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bu istiqamətdə işlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında xüsusi proqramla həyata keçirilir və Qlobal Fondun layihələri də bu işin həyata keçirilməsinə yönəldilir.
BQXK ilə aparılan birgə işləri ümumiləşdirərək, yaxın gələcəkdə ixtisaslaşmış vərəm müəssisəsinin nəzdində beynəlxalq treninq mərkəzinin yaradılması və yerli mütəxəssislərlə yanaşı, digər ölkələrin penitensiar sistemlərinin həkimlərinin hazırlığı və təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində Avropa Şurası və Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyətə önəm verilərək birgə proqramlar və layihələr təşviq olunur. 2010-cu ildən etibarən Avropa Komissiyası ilə birlikdə "Ədliyyə İslahatlarına Dəstək Proqramı"nın həyata keçirilməsinə başlanılmışdır, bunun da əsas istiqamətlərindən birini penitensiar sistemin müasirləşdirilməsi təşkil edir. Proqrama uyğun olaraq məhkumların təhsil, idman və sağlamlaşdırıcı tədbirlərdə iştirak etmək imkanlarının artırılması, yeniyetmə məhkumların rifahının yüksəldilməsi, məhkumlara göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması və digər mühüm tədbirlərin görülməsi planlaşdırılır.
- Cəzaçəkmə müəssisələrində
xəstəliklərin vaxtında aşkarlanması istiqamətində
hansı işlər görülür və
vərəmin laborator diaqnostika
xidməti hansı səviyyədədir?
- Cəzaçəkmə müəssisələrində məhkumlar arasında xəstəlikləri erkən aşkar etmək məqsədilə ədliyyə nazirinin göstərişi əsasında Tibb Baş İdarəsi tərəfindən kütləvi müayinələr həyata keçirilir, hospital və poliklinikanın, o cümlədən müalicə müəssisələrinin müxtəlif ixtisaslı həkimləri cəlb olunur və bir sıra diaqnostik metodlar tətbiq edilir. Xəstəliklərin profilaktikası və vaxtında aşkar olunması məqsədilə müasir USM aparatı, kliniki və biokimyəvi analizlər, rəqəmsal rentgen flüoroqrafiya, göz dibinin müayinəsi və bir çox müasir müayinə cihazlarından istifadə olunur. Cəzaçəkmə müəssisələrinə xüsusi səyyar laboratoriyalar göndərilərək, məhkumlar yerindəcə müayinədən keçirilirlər. 2009-cu ildə 13 cəzaçəkmə müəssisəsində 9000-ə yaxın məhkum müayinədən keçirilmişdir. Kütləvi müayinələr zamanı bütün məhkumlar arasında xüsusi sorğunun keçirilməsi vərəmə şübhəli olan məhkumların aşkar olunmasına əlverişli imkan yaradır.
İxtisaslaşmış müalicə müəssisəsində vərəmin diaqnostikası üzrə ən qabaqcıl laborator müayinə metodları tətbiq edilən laboratoriya fəaliyyət göstərir. Qeyd etmək istərdim ki, penitensiar sistemdə əvvəllər vərəmin diaqnozu bakterial müayinə nəticəsində 4 ay müddətində təsdiq edilirdisə, hazırda yeni laborator avadanlıqlar sayəsində bir neçə saat müddətində bu xəstəliyi müəyyən etmək mümkündür. İxtisaslaşdırılmış müalicə müəssisəsində ilk dəfə olaraq 1-1,5 saat müddətində vərəm çöplərinin aşkarlanmasına və həssaslığın müəyyən edilməsinə imkan yaradan daha müasir diaqnostik metodun tətbiqinə başlanılmışdır.
- Vərəmlə yanaşı,
digər infeksiyalarla mübarizənin effektivliyinin artırılması ilə
bağlı hansı yeniliklər əldə olunmuşdur?
- Vərəmlə mübarizə sahəsində həyata keçirilən işlər 2006-2007-ci illərdən daha intensiv xarakter almış, ikinci sıra vərəm əleyhinə dərmanların tətbiqinə başlanılmışdır. 2007-ci ildən etibarən cəzaçəkmə müəssisələrində həm vərəmə, həm də QİÇS-ə yoluxmuş məhkumların müalicəsi müvəffəqiyyətlə həyata keçirilir. İstintaq təcridxanalarına və vərəm müəssisəsinə daxil olan məhkumların müayinədən keçirilməsi penitensiar müəssisələrdə bu xəstəliklərə düçar olmuş məhkumları aşkarlamaq, onların sağlamlıq vəziyyətini müşahidə etmək və tibbi göstəriş olduqda müalicəyə cəlb etmək imkanı verir. QİÇS-lə mübarizəyə xüsusi diqqət yetirilərək, bu sahədə müalicə, profilaktika, kütləvi-mədəni və maarifləndirmə tədbirləri həyata keçirilir.
Ümumiyyətlə, bu gün penitensiar müəssisələrdə kəskin yayılmış infeksiya mövcud deyil, bütün respublikada olduğu kimi, hər bir infeksiya halına ciddi nəzarət olunur, zəruri əks-epidemik, dezinfeksiya və digər mühüm tədbirlər görülür.
- Cəzaçəkmə müəssisələrində
tibb xidmətinin keyfiyyətinin yüksəldilməsi
istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Penitensiar sistemin müasirləşdirilməsi, o cümlədən məhkumlara göstərilən tibb xidmətinin yaxşılaşdırılması Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir. 2004-cü ildə tibb xidmətinin Penitensiar xidmətin nəzdindən çıxarılaraq, birbaşa Ədliyyə Nazirliyinin tabeçiliyinə keçirilməsi, həmin şöbəyə sonradan baş idarə statusunun verilməsi, müstəqil fəaliyyət üçün normativ-hüquqi bazanın yaradılması bu sahədə görülən işlərə çox önəmli dəstək olmuşdur. Ölkə başçısı tərəfindən 2009-cu il fevralın 6-da "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi Azərbaycan ədliyyəsinin, o cümlədən Penitensiar xidmətin inkişafı üçün əsaslı zəmin yaratmışdır. Dövlət proqramının müstəsna əhəmiyyəti nəzərə alınaraq, onun düzgün və vaxtında icra olunması məqsədilə ədliyyə nazirinin əmri ilə geniş tədbirlər planı hazırlanmışdır. Proqramda penitensiar sistemin müasirləşdirilməsi, o cümlədən məhkumların hüquqlarının qorunmasına, saxlanma şəraitinə, sanitariya və gigiyena, maddi-məişət təminatına nəzarətin təmin olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və digər mühüm, kompleks tədbirlər öz əksini tapmışdır.
Dövlət proqramına uyğun olaraq tibb xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni müasir laborator avadanlıqlar alınmışdır. Məhkumlar tələb olunan bütün dərman preparatları ilə təmin edilir, onlara müasir diaqnostika və müalicə metodları tətbiq olunur. Əksər cəzaçəkmə müəssisələrində müasir stomatoloji avadanlıqlar quraşdırılmış və onlar həkim stomatoloqlarla təmin olunmuşlar. Narkoloji və psixiatrik xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər həyata keçirilir. Kadr potensialı güclənir, şəffaf üsullarla yeni həkimlər işə qəbul olunur.
Eyni zamanda, bu sahədə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı işlərdə beynəlxalq və yerli humanitar, eləcə də qeyri-hökumət təşkilatları yaxından iştirak edirlər. Penitensiar sistemdə şəffaflığın təmin olunmasına və ictimai nəzarətin həyata keçirilməsinə xüsusi önəm verilərək, artıq 4-cü ildir ki, ədliyyə naziri yanında ictimai komitə fəaliyyət göstərir. İctimai komitə hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti arasında səmərəli əməkdaşlığın həyata keçirilməsində nümunəvi model kimi beyənlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir.
Sonda onu da vurğulamaq istərdim ki, bu sahədə görülən ardıcıl və kompleks tədbirlər bundan sonra da uğurla davam etdiriləcək və ölkə rəhbərliyinin, Ədliyyə Nazirliyinin daimi diqqət və qayğısı nəticəsində qarşıya çıxan problemlərin həllinin mümkünlüyünə nail olunacaqdır.
Müsahibəni apardı: Akif CABBARLI
Azərbaycan.- 2010.- 20 avqust.- S. 5.