Strateji müttəfiqlik münasibətlərinin
keyfiyyətcə yeni mərhələsi
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri uğurlu nəticələrlə yadda qaldı. Səfərin yekunları iki dost və qardaş dövlətin əsrlərin sınağından çıxan, analoqu olmayan strateji müttəfiqlik münasibətlərinin yüksək dinamizmlə inkişaf etdiyini, mühüm geosiyasi reallıqlarla şərtləndiyini əyani şəkildə təsdiqləyir. Səfərin təhlili xarici siyasətdə oxşar mədəni-tarixi köklərə bağlı türkdilli dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsi xəttinə üstünlük verən rəsmi Ankaranın bu kontekstdə Azərbaycanla strateji əlaqələrə xüsusi diqqət yetirdiyini göstərir.
Səfərin gedişində bir daha təsdiqləndi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləşdirilməsini zəruri edir.
Xüsusi vurğulamaq lazımdır ki, ölkələrimiz arasında münasibətlərin analoqu olmayan strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təmələ söykənir. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ən yüksək səviyyəyə yüksələrək əbədi və dönməz xarakter almışdır. Çağdaş dünyanın siyasi mənzərəsini dəyişən "Əsrin müqaviləsi", "Böyük İpək yolu", TRASEKA, TASİS kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, "Türksoy"un, Türk Yazarlar Birliyinin yaranmasında da ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Türk dövlət başçılarının zirvə görüşlərinin təşkili, Azərbaycanda Atatürk Elmi Araşdırmalar Mərkəzinin yaradılması da ulu öndər Heydər Əliyevin ümumtürk birliyinə verdiyi böyük töhfələrdir.
Bütün bunların nəticəsidir ki, hazırda hər iki müttəfiq ölkə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. İki qardaş ölkənin iqtisadi əməkdaşlığından danışarkən Böyük Atatürkün "yurdda sülh, cahanda sülh" devizinə uyğun hər il keçirilən Avrasiya İqtisadi Zirvələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Avrasiya İqtisadi Zirvələri barış, zənginlik və paylaşma layihəsi olaraq daha geniş coğrafi zolaqda əməkdaşlıq imkanları açır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 7 illik fəaliyyəti ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsini təmin etmişdir. Dövlət başçısının ilk rəsmi səfərlərindən birini məhz qardaş Türkiyəyə etməsi, eləcə də qardaş ölkə rəhbərlərinin Azərbaycana müntəzəm səfərləri mövcud əməkdaşlığın ən müxtəlif müstəvilərdə inkişafına təkan vermişdir. Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə Türkiyə üçün müstəsna əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Türkiyə-Yunanıstan qaz kəmərləri istifadəyə verilmiş, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşasına başlanılmışdır. Ölkələrimiz arasında əlaqələr sadəcə, enerji sektorunda əməkdaşlıqla məhdudlaşmır, digər sahələri də əhatə edir. Türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirmələrinə bütün zəruri imkanlar yaradılmışdır. Hazırda respublikamızda 230-dan artıq türk şirkəti fəaliyyət göstərir, həmin şirkətlərdə 30 mindən artıq Azərbaycan vətəndaşı çalışır. Türk iş adamları indiyədək ölkəmizə 2 milyard dollardan artıq sərmayə yatırmışlar. Ölkəmizdə fəaliyyət göstərən türk iş adamlarının 1994-cü ildə yaratdıqları Türkiyə Sənayeçi İş Adamları Birliyi (TÜSİAB) ölkəmizin iqtisadi həyatında fəal iştirak edir.
Qarşılıqlı iqtisadi əlaqələrin mövcud səviyyəsi də qənaətbəxşdir. 2003-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dolları təşkil etdiyi halda, hazırda bu rəqəm 2 milyard dollara çatmışdır. Qarşıdakı illərdə əmtəə dövriyyəsinin həcminin 3 milyard dollara çatdırılması isə başlıca məqsəd kimi irəli sürülmüşdür.
Strateji müttəfiq ölkələr
müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin
mövqeyini dəstəkləyir, ortaq maraqlardan
çıxış edirlər. 2005-ci ilin
iyulundan başlayaraq
Azərbaycanla Türkiyə arasında münasibətlərdə
"ikinci nəfəs"
açılmışdır. Azərbaycanın Şimali Kiprlə iqtisadi əlaqələrin
qurulmasına razılıq verməsi iki
ölkə arasında münasibətlərdə yeni mərhələnin əsasını qoymuşdur. Bu, Türkiyə
üçün əsl hədiyyə, Kipr türkləri üçün
isə iqtisadi diplomatiya
sahəsində mühüm nailiyyət olmuşdur. Azərbaycan bir
tərəfdən BMT-nin Baş
katibinin çağırışına uyğun hərəkət edərək beynəlxalq
hüquqa sadiqliyini nümayiş etdirmiş, o biri tərəfdən
Türkiyə qarşısında qardaşlıq borcunu yerinə yetirmişdir.
Rəsmi Bakı bu məsələyə
BMT mövqeyindən yanaşmaqla,
münaqişənin həllində də məhz BMT Təhlüksizlik
Şurasının qətnamələrinə və beynəlxalq
hüquqa istinad edilməsinin
zəruriliyini önə çəkmişdir. Bu
həm Şimali Kiprin,
həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın xeyrinə olan məqam idi. Eyni zamanda, rəsmi Bakı 2010-cu
ildə qondarma "erməni
soyqırımı"nın ABŞ Konqresinin
Nümayəndələr Palatasının Xarici
Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin
"Azadlıq" donanmasına hücumu
məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.
Bütün bunların müqabilində qardaş Türkiyə də regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana növbəti rəsmi səfərinin yüksək səviyyədə təşkili də müəyyən mənada ümumtürk birliyinə qarşı yönəlmiş təhdidlərə, qısqanc yanaşmalara layiqli cavab reaksiyası kimi də qəbul oluna bilər.
Prezident İlham Əliyev türkiyəli həmkarı ilə görüşündə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin mövcud səviyyəsindən razılığını ifadə etmiş, xüsusən də iqtisadi sahədə əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulamışdır. Dövlət başçısının bəyan etdiyi kimi, bu gün regionda həyata keçirilən beynəlxalq miqyaslı layihələr məhz ölkələrimiz arasında səmərəli və faydalı əməkdaşlığa əsaslanır. Bölgədə, Cənubi Qafqazda gedən proseslər Azərbaycan və Türkiyənin iştirakı və bilavasitə təşəbbüsləri ilə həyata keçirilir: "Bu kəmərin tikintisi nəticəsində bölgədə geosiyasi və geoiqtisadi vəziyyət müsbət istiqamətə doğru dəyişmişdir. Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər layihələr dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirdi. Bu gün bu, artıq mövcud reallıqdır. Bu reallıq bütün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bizim - Türkiyə və Azərbaycanın təsir imkanları genişlənir. Mən əminəm ki, gələcək illərdə bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Bu, artıq bir yoldur, bir dəhlizdir. Bu dəhliz bizə yeni layihələri həyata keçirməyə imkan verir. Bu gün biz Sizinlə bu barədə geniş fikir mübadiləsi apardıq. Gələcək illərdə birgə fəaliyyətlə bağlı bütün planlar nəzərdə tutulub və qarşılıqlı addımlar atılacaqdır".
Səfər çərçivəsində iki ölkə arasında imzalanmış bir sıra mühüm sazişlər də ölkələrimiz arasında əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradır. Dövlət başçılarının imzaladıqları "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" bu baxımdan möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından fundamental əhəmiyyətli sənəddir.
Türkiyə Prezidentinin Azərbaycana 2 gün çəkən səfərinin rəngarəng və maraqlı proqram əsasında təşkil olunması da kifayət qədər diqqətçəkən məqamdır. Məsələn, Abdullah Gül Azərbaycana hələ birinci səfəri zamanı Gəncəyə gedən ilk Türkiyə Prezidenti olmuşdu. Budəfəki səfəri zamanı isə qardaş ölkənin rəhbəri Zaqatala, Şəki və Qax rayonlarında olmuş, bir sıra görüşlər keçirmiş, respublikamızın bölgələrinin sürətlə inkişaf etdiyini razılıqla vurğulamışdır.
Nəhayət, cənab Abdullah Gülün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri də səfərin ən yaddaqalan məqamlarından biri kimi vurğulana bilər: "Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi sadəcə, sizin məsələniz deyil, hamımızın məsələsidir. Bu barədə birgə müzakirələr aparır, birgə fəaliyyət göstəririk. Qafqazda sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olması, işğalın sona çatması üçün Türkiyə əlindən gələn bütün səyləri göstərməyə davam edəcəkdir".
Ümumiyyətlə, yüksək nəticələrlə başa çatmış səfərin gedişi göstərdi ki, iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəruri potensial mövcuddur. İndi həm Türkiyə, həm də Azərbaycan yeni dünya nizamının reallıqlarına nəzərən ikitərəfli əlaqələrin mövcud səviyyəsi ilə qane olmaq istəmir, mövcud potensialdan tam səmərəli istifadəni təşkil etmək məqsədilə yeni imkanlar arayırlar. Proseslərin gedişi göstərir ki, hər iki müttəfiq ölkənin birgə həyata keçirdiyi layihələr yaxın perspektivdə bütövlükdə Avropanın siyasi-iqtisadi taleyində mühüm geosiyasi faktora çevriləcəkdir.
S.ELMANOĞLU
Azərbaycan.- 2010.- 21 avqust.- S. 1.