Nüfuzlu alman qəzeti
Azərbaycan qazını Nabukko kəməri
üçün açar
adlandırmışdır
Almaniyanın gündəlik tirajı 365 min olan nüfuzlu "Algemaine Zeitung" qəzeti "Nabukko layihəsində tranzit sazişlərinin imzalanması mərhələsi" başlıqlı məqaləsində bildirir ki, Avropa İttifaqı üçün mühüm olan bu boru kəmərinin çəkilməsinin açarı Azərbaycan təbii qazıdır.
Enerji məsələləri üzrə ekspert Verner Sturbekin məqaləsində vurğulanır ki, 3 min 300 kilometr uzunluğunda olacaq Nabukko kəmərinin Almaniyanın "RWE" şirkətinin də daxil olduğu 6 ortağı 3 tranzit ölkəsi ilə danışıqlar aparır. Bu yaxınlarda tranzit sazişlərinin imazlanacağına ümidləri artıran bir amil də Azərbaycan ilə Türkiyə arasında imzalanan sazişdir. Nabukko konsorsiumu tranzit sazişlərinin gələn ay imzalanacağını planlaşdırırlar. "RWE" şirkətinin idarə heyətinin sədri Yurqen Qrossman Azərbaycan, Türkmənistan və İraqla danışıqlar aparıldığını bildirmişdir. Beləliklə, 2014-cü ildən Bakıdan, Orta Asiyadan və İraqdan təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli mümkün olacaqdır. Digər tərəfdən, Azərbaycan ilə Türkiyənin müvafiq sənədlər imzalaması 8 milyard avroya başa gələcək bu boru xəttinin Brüsseldən maliyyə dəstəyi almaq ehtimalını da xeyli artırmışdır.
Alman şirkətinin başçısı onu da vurğulamışdır ki, mətbuatda guya "RWE" şirkətinin Nabukkodan vaz keçməsi və "Cənub axını" layihəsinə üstünlük verməsi ilə bağlı gedən xəbərlər də həqiqətə uyğun deyildir. Nabukko layihəsi şirkət üçün ən mühüm layihədir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.- 21 avqust.- S. 1.