İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir

 

İslam İnkişaf Bankı (İİB) ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir.

Bu sözləri AzərTAc-a müsahibəsində deyən İİB-nin icraçı direktoru Səlim Cəmil Karataş bildirmişdir ki, qurum yaxın illərdə Azərbaycanda bir sıra layihələr həyata keçirəcəkdir. Dünyada ciddi maliyyə və iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı uğurla davam etdirilir. Azərbaycanın bu uğurlara nail olmasında ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin xüsusi rolu vardır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidmətləri də yüksək qiymətləndirilir. Çünki bu qurum ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq mövcuddur. Bankın xətti ilə Azərbaycanda həyata keçirilən layihələr özünü doğrultmuşdur.

1970-ci ildən İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə işləyən S.C.Karataş qeyd etmişdir ki, Azərbaycana bugünədək dörd dəfə səfər etmişdir. Hər dəfə gəldikdə isə yeniliklərin şahidi olduğunu demişdir.

İİB-nin icraçı direktoru bildirmişdir ki, 1992-ci ildən Azərbaycan ilə sıx əməkdaşlıq edən qurum ötən müddətdə ölkəmizlə 528 milyon dollar məbləğində 28 bank əməliyyatı yerinə yetirmişdir. O, bundan əlavə, Azərbaycan hökuməti ilə 450 milyon dollar vəsait qoyuluşu nəzərdə tutan 11 layihəni əhatə edən üçillik işçi layihənin də qəbul edildiyini demişdir.

S.C.Karataş gələcəkdə də bu əməkdaşlığın davam edəcəyini vurğulamışdır.

 

 

Azərbaycan.- 2010.- 21 avqust.- S. 1.