Azərbaycan modern inkişaf yolunda inamla irəliləyir

 

Ötən əsrin sonlarında kifayət qədər mürəkkəb sayılan bir şəraitdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycan bir çox ölkələrin onilliklər boyu qət etdiyi inkişaf mərhələsini daha qısa zaman kəsiyində dəf etmiş, sosial-iqtisadi tərəqqi sahəsində uğurlarla zəngin bir modelin əsasını qoymuşdur. Zamanın sınaqlarına qarşı bu modelin dayanıqlı xarakter daşıması ötən il özünün zirvə nöqtəsinə çatan, əvvəlcə maliyyə, daha sonra isə iqtisadiyyatın real sektorunu silkələyən qlobal böhran dövründə əyani şəkildə təsdiq olunmuşdur. Əgər keçən il dünyanın əksər ölkələrində, o cümlədən inkişaf etmiş Qərb dövlətlərində iqtisadiyyatın sürətlə geriləməsi, məcmu istehsalın azalması baş vermişdisə, Azərbaycanda ümum daxili məhsulun artım səviyyəsi 9,3 faiz təşkil etmişdir.

 

Bu, bir daha Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının nə dərəcədə uzaqgörən xarakter daşıdığını və elmi əsaslara söykəndiyini, eləcə də digər sahələrdə olduğu kimi sosial-iqtisadi sferada da həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirilərək uğurla davam etdirildiyinin bariz göstəricilərindəndir. Yaşanan sürətli sosial-iqtisadi inkişafın bilavasitə əhalinin maddi rifah halının yüksəlməsində öz əksini tapması isə Azərbaycanda bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulması prosesində qazanılan ən mühüm nailiyyətlər sırasında yer alır. İlk növbədə ona görə ki, yeni ictimai-iqtisadi formasiyaya keçid dövründə Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən, sosial əsaslara söykənən bazar iqtisadiyyatının qurulmasını əsas strategiya kimi qarşıya qoyan Heydər Əliyev Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdir. Təsadüfi deyil ki, ulu öndərin təşəbbüs və müəllifliyi ilə hazırlanan, ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında da bu prinsip dövlətin ali məqsədi kimi ön plana çəkilmişdir. Ölkəmizdə qurulan yeni ictimai sistemin hüquqi tanınmasını özündə ehtiva edən Konstitusiya dövlətin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığını ən yüksək səviyyədə bəyan etmişdir. Bazar münasibətləri əsasında qurulan iqtisadiyyatın tələblərinə uyğun yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sisteminin həyata keçirilməsi və atılan digər addımlar əhalinin sosial təminatının daha yüksək səviyyəyə gəlməsini təmin etməklə yanaşı, Azərbaycan vətəndaşlarının sivil dünyanın qəbul etdiyi aparıcı dövlətlərdəki kimi normal fəaliyyət və yaşam tərzinə yiyələnməsinə, öz maddi rifahını daha da yaxşılaşdırmaq üçün əlverişli imkanlar qazanmasına səbəb olmuşdur.

Həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar, maliyyə vəziyyətinin sabitləşməsi, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artması isə inkişaf prosesini sürətləndirən önəmli faktorlar kimi çıxış etmişdir. Müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının hərtərəfli yüksəldilməsi naminə neft-qaz amilindən səmərəli istifadə olunması ulu öndərin hakimiyyətinin bütün dövrlərində uzaqgörən, düşünülmüş bir siyasət olaraq daim ön planda gəlmişdir. Məhz Heydər Əliyevin böyük müvəffəqiyyətlə həyata keçirdiyi yeni neft strategiyası mövcud prinsiplər və tələblər üzərində qurulan Azərbaycan iqtisadiyyatının qarşılaşdığı problemlərin ardıcıl həlli funksiyasını yerinə yetirmiş və uzaq perspektivləri əhatə edən nailiyyətlərə gedən yolun başlanğıcı olmuşdur.

Ulu öndərin müəyyənləşdirdiyi inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi ona gətirib çıxarmışdır ki, son 6 ildə Azərbaycan ümum daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edən ölkəyə çevrilmiş, eyni zamanda iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Bu, cənab İlham Əliyevin iqtisadi islahatları yeni dövrün tələbləri səviyyəsində davam etdirməsinin, verdiyi vədləri konkret işlərlə doğrultmasının, insanlara yüksək qayğı prinsipinə əsaslanan sosialyönümlü siyasət strategiyası həyata keçirməsinin məntiqi nəticəsi hesab oluna bilər. Azərbaycanda möhkəm özüllər üzərində qurulan, dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitlik, milli həmrəyliyin, vətəndaş sülhünün mövcudluğu, qeyri-neft sektorunun ümum daxili məhsulda xüsusi çəkisinin artırılması, paytaxt və regionların proporsional inkişafı, yeni istehsal sahələrinin yaradılması, sahibkarlara, fermerlərə xüsusi dövlət qayğısı, ölkəmizin dünya miqyasında nüfuz və mövqelərinin güclənməsi iqtisadi sahədə keçid dövrünün daha tez baş çatmasına töhfə verən mühüm amillər olmuşdur.

Digər tərəfdən iqtisadi sahədə keçid dövrünün qlobal maliyyə böhranının tüğyan etdiyi bir dönəmdə sona çatması Azərbaycanın bu sahədəki inkişaf yolunun nə dərəcədə uğurlu olduğunun ən bariz göstəricilərindən biri kimi qeyd olunmalıdır. Ötən ilin noyabrında Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bununla əlaqədar bildirmişdir: "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır".

Beləliklə, qlobal böhranın özünü daha açıq şəkildə büruzə verdiyi dövrdə Azərbaycan nəinki onun təsirlərini minimum həddə endirməyi bacarmış, həm də dinamik inkişaf tempini qoruyub saxlamışdır. İnkişaf dinamikasının davamlı xarakter almasına təsir göstərən əsas məqamlar heç şübhəsiz ki, ilk növbədə, Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin ən xırda detallarına qədər zərgər dəqiqliyi ilə düşünülməsi və uğurla reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, onun neftdən asılılığının aradan qaldırılması və vaxtında görülən digər zəruri tədbirlərdir. Moskvada çıxan, təsisçisi və naşiri "Rodina" jurnalı olan "Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye" jurnalının 23-cü nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" adlı məqaləsində bu məqam dolğun şəkildə şərh olunmuş, ölkəmizin Azərbaycanın fəaliyyət qabiliyyətini sınağa çəkən iqtisadi böhrandan şərəflə çıxmasına yol açan əsas səbəblər dəqiqliklə göstərilmişdir: "Enerji daşıyıcılarının qiymətinin kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə kəsirini aşağı səviyyədə, dövlətin xarici borcunu tənzimlənən səviyyədə saxlamaq, milli valyutanın sabitliyini və valyuta ehtiyatlarının qorunmasını təmin etmək sahəsində özünün əsas vəzifələrini yerinə yetirmişdir. Dövlət xərclərinə münasibətdə məqsədyönlü və mühafizəkar siyasət, böhrana qarşı vaxtında görülmüş tədbirlər sayəsində ölkəmiz beynəlxalq maliyyə təsisatlarının kreditlərini cəlb etmək zərurətindən xilas olmuş, bu isə milli iqtisadiyyatın sabit və davamlı olmasını bir daha təsdiqləmişdir. 2009-cu ilin yekunları göstərir ki, keçən il Azərbaycanda ÜDM 9,3 faiz artmışdır. Bundan əlavə, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmişdir. Dünya iqtisadiyyatının heç də ürəkaçan olmayan xarakteristikaları fonunda 9,3 faiz rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olmuşdur. Hələ 2008-ci ildə ölkəmizin iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının üçdə iki hissəsini təşkil edirdi".

Qeyd edilənlərin nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri olaraq qarşıya qoyulmuş sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunması sahəsində Azərbaycan kifayət qədər ciddi uğurlar əldə etmişdir və bütün bunlar beynəlxalq səviyyədə də açıq etiraf edilir. İqtisadi sferada həyata keçirilən sabit və dinamik inkişaf məntiqinə əsaslanan siyasətin uğurla reallaşdırılması ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasında, regionlarla paytaxt arasında tərəqqi fərqinin aradan qalxmasında, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsində, əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşmasında, strateji valyuta ehtiyatlarının daim artmasında və bu qəbildən olan digər uğurların əldə olunmasında mühüm rol oynayır.

Ölkəmizdə çoxmülkiyyətli iqtisadiyyatın, azad rəqabət və liberal qiymətlər şəraitinin formalaşdırılması iqtisadi transformasiya prosesinin uğurla başa çatmasının önəmli göstəriciləri kimi çıxış edir. Azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın yaranması, özəl sektorun xüsusi çəkisinin artması, sosial sahədə mövcud problemlərin həllinə kompleks şəkildə yanaşılması və onların həlli istiqamətində qazanılan nailiyyətlər, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyinin təminatı və digər belə amillər ölkəmizin iqtisadi sferada yeni inkişaf mərhələsi yolunda da müvəffəqiyyətlə irəlilədiyini göstərir. Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatmasına toxunan akademik Ramiz Mehdiyev yazır ki, ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil, davamlı iqtisadiyyat qurulmuşdur. Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur: "Biz belə güman edirik ki, bu, ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxaracaq, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, "azad vətəndaş - güclü dövlət" konseptinin şüurlu şəkildə başa düşülməsinə şərait yaradacaqdır".

Həqiqətən də iqtisadi keçid dövrünün sona yetməsi və yeni mərhələnin başlanması ilə bağlı olaraq ölkənin qarşısında yeni vəzifələr durur ki, burada əsas hədəflər sırasında yer alan önəmli məsələlər sırasında milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyaya nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi xüsusi qeyd oluna bilər. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında və digər iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Həmin vəzifələrə misal olaraq ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi, bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılığın minimuma endirilməsi, innovativ iqtisadiyyata keçidin təmin edilməsi, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük verilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılmasını göstərmək olar. Bununla yanaşı, sosial-iqtisadi inkişafın yeni mərhələsinə müvafiq olaraq ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi, enerji, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, biznes mühitinin daha da təkmilləşdirilməsi, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması istiqamətində görülən işlərinin həcminin daha da genişləndirilməsi vacib şərt kimi çıxış edir.

Təbii ki, sadalananlar fonunda gündəmə gələn əsas məsələlərdən biri də Azərbaycanın kadr potensialının artırılması, elm, təhsil səviyyəsinin yüksəldilməsi və bu sahədə müvafiq dünya standartlarının gözlənməsidir. Çünki müasir dünyamızda ixtisaslı kadrlar olmadan, səmərəli idarəçilik həyata keçirilmədən, elmtutumlu sahələr inkişaf etdirilmədən, qabaqcıl informasiya-kommunikasiya texnologiyaları tətbiq edilmədən nəinki iqtisadiyyatda, heç digər sahələrdə də davamlı inkişafdan söz açmaq mümkün deyil. Mövcud dünya təcrübəsi də göstərir ki, sabit inkişafın ümdə şərtlərindən biri məhz intellektual dirçəliş faktoru ilə üzvi surətdə bağlıdır. Milli inkişafda intellektual dirçəliş məsələsinə toxunan akademik Ramiz Mehdiyevin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual səviyyəsini daim artırmaq zəruridir. Akademik bildirir ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin yerinə yetirilməsinə xidmət edir. Həmin proqram çərçivəsində Dövlət Neft Fondunun vəsaitləri hesabına təqribən 5000 nəfərin xaricdə ən yeni ixtisaslar üzrə təhsil alması nəzərdə tutulur. Bu isə öz növbəsində gənclərin ümumi intellektual səviyyəsini artırır, onlarda müasir dünyagörüşünün formalaşmasına, Qərb standartlarına cavab verən menecerlik qabiliyyətinin yaranmasına imkan verir. Dünya və Azərbaycan reallıqları fonunda dövlətin maraqlarını müdafiə etməyə qadir olan, yüksək intellekt və düşüncə sahibi kimi çıxış edən, ixtisaslı kadr kimi yetişən gənclər təbəqəsinin formalaşması, yüksəkixtisaslı kadrların hazırlanması ölkəmizdə diqqət yetirilən mühüm vəzifələrdəndir. Bu məqsədlə görülən tədbirlərin miqyası təkcə gənclərin inkişaf etmiş xarici ölkədə təhsil alması istiqamətində müvafiq işlərin aparılması ilə məhdudlaşmayaraq daha geniş xarakter daşıyır. Belə ki, ölkə daxilində də təhsilin səviyyəsinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, elmtutumulu sahələrin inkişafı istiqamətində önəmli addımlar atılır, təhsil ocaqlarının maddi-texniki bazası müasir standartlara cavab verən səviyyəyə gətirilir, zəruri avadanlıqlarla təmin edilir. Bütün bunlar Azərbaycan insanının və onun təmsil olunduğu cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsində kifayət qədər mühüm rola malikdir.

Hazırda daha böyük sürətlə gedən qloballaşma prosesində elmi-intellektual sahədə əldə olunan nailiyyətlər hər bir dövlətin inkişaf potensialını müəyyən edən önəmli faktor olmaqla bərabər ümumi tərəqqini sürətləndirən əsas meyarlar sırasında yer alır. Azərbaycanın mövcud inkişaf yolunun təhlili göstərir ki, ölkəmizin ümumi inkişafında, o cümlədən iqtisadi tərəqqisində qabaqcıl texnologiyaların tətbiqi, elmtutumlu sahələrin yaradılması getdikcə öz xüsusi çəkisini artırır.

Bazar münasibətlərinə əsaslanan yeni iqtisadi inkişaf, demokratik dövlət quruculuğunun həyata keçirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, onların intellektual qabiliyyətlərinin dünya tələblərinə cavab verən tərzdə formalaşması istiqamətində dövlət tərəfindən görülən işlər, eləcə də gənclərin savadlılıq dərəcəsinin artırılması ilə bağlı atılan addımlar və digər bu məzmunlu hallar təbii olaraq Azərbaycanın həm də bir cəmiyyət olaraq tərəqqisinə zəruri töhfə verir. Bütün bunlar həm də sağlam ictimai şüurun formalaşması və demokratikləşməsinə mühüm təsir göstərir. Bununla Azərbaycanda iqtisadi və siyasi, demokratik inkişaf paralel şəkildə həyata keçir və son nəticə olaraq ölkənin tərəqqisi kompleks xarakter alır. Belə vəziyyət Azərbaycanın bir dövlət, cəmiyyət olaraq daha sürətli inkişafını təmin edən əsas məqamlardan biri kimi çıxış edir və akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi "azad vətəndaş - güclü dövlət" konseptinin şüurlu şəkildə başa düşülməsinə şərait yaradır.

Beləliklə, ölkəmizdə demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması prosesinin uğurla reallaşdırılması Azərbaycanın modern inkişafını şərtləndirən əsas cizgilər olmaqla bərabər, onun sürətli, sabit tərəqqisini də təmin edir.

 

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 21 avqust.- S. 2.