Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir

 

Avqustun 20-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

Dövlət və hökumət qurumları nümayəndələrinin, təhsil işçilərinin də iştirak etdikləri tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Prezident sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən danışan nazir bildirmişdir ki, indiyədək 512 nəfər azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdir. Onlar Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya, Koreya Respublikası, Sinqapur və digər ölkələrin universitetlərində respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil alırlar. Gənclərdən 17-si doktorantura pilləsində sosial elmlər, mühəndislik, tibbinformasiya-kommunikasiya texnologiyaları üzrə oxuyur. Proqram çərçivəsində bu il 200-dək tələbənin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur.

M.Mərdanov növbəti tədris ilindən etibarən informasiya-kommunikasiya texnologiyaları, tibb, riyaziyyat, fizika, biologiya, kimyas. ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına daha çox üstünlük veriləcəyini də diqqətə çatdırmışdır.

Proqram çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir.

Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Dövlət Proqramının əhəmiyyətindən danışmışdır. O, tələbələri təhsildə yüksək nailiyyətlər əldə etməyə, Vətənə layiqli övlad olmağa çağırmış, onlara öz tövsiyələrini vermişdir.

Müasir şəraitdə təhsilin mühüm rolunu vurğulayan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov gənclərə doğma Azərbaycanın adını daim uca tutmağı tövsiyə etmiş, onların təhsildə uğur qazanacaqlarına əminliyini bildirmişdir. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tələbələri təbrik etmişlər.

Fransa, Sinqapur, Koreya Respublikası və digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələr çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-21  avqust.- S. 2.