Xaricdə təhsil alan və məzun olmuş
azərbaycanlı gənclərin VIII Beynəlxalq Forumu başlamışdır
Avqustun 20-də Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu öz işinə başlamışdır.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, forum 2001-ci ildən başlayaraq keçirilir. Artıq xaricdə təhsil alan gənclərin sayı xeyli artmışdır. Azərbaycan gəncliyi dünyanı fəth edir. Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində və ölkəmizin beynəlxalq nüfuzunun gücləndiyi dövrdə cəmiyyətdə gənclərin rolu artmaqdadır.
Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir.
Azərbaycan əhalisinin böyük bir hissəsinin gənclərdən ibarət olması gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir. Bu istiqamətdə bir sıra dövlət proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilmişdir. İndiyədək 500 gənc bu proqramdan yararlanmışdır. Bu il isə 200 gənc xaricdə təhsil almaq imkanı əldə edəcəkdir. Azərbaycan gəncliyi öz ölkəsini xaricdə layiqincə təmsil edir. Xaricdə təhsil alan hər bir gəncimiz əsl mütəxəssis olmalı, qazandığı bilikləri Azərbaycanın inkişafı naminə istifadə etməlidir.
Tədbirin rəsmi hissəsindən sonra çıxışlar olmuş, plenar iclasda məruzələr dinlənilmiş və qrupda müzakirələr aparılmışdır. Forumun ikinci günü isə Azərbaycanın dilbər guşələrindən olan Qəbələyə səyahət təşkil olunması nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 21 avqust.- S. 2.