26 avqust Kanadada Beynəlxalq Azərbaycan muğamı günü elan olunmuşdur

 

26 avqust Beynəlxalq Azərbaycan muğamı günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunmuşdur. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Bu barədə AzərTAc-a festivalın Azərbaycan üzrə rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Mikayıl Hacıyev məlumat vermişdir. M.Hacıyev demişdir ki, bundan sonra hər il avqustun 26-da Niaqarada Azərbaycan muğamları səslənəcəkdir. Avqustun 24-dən 28-dək isə TorontodaNiaqarada keçiriləcək 12-ci Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisi və muğamı günləri keçiriləcəkdir.

Əməkdar incəsənət xadimi, Niaqaranın fəxri beynəlxalq artisti İsmayıl Hacıyevin bədii rəhbəri olduğu Kanadanın "İpək yolu" kamera orkestrinin və 12-ci Niaqara musiqi festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankasın iştirakı ilə keçiriləcək Azərbaycan musiqisi günlərində Güllü Muradova (xanəndə), Sahibə Paşazadə (tar) və amerikalı Jefri Verbaxdan (kamança) ibarət muğam triosunun ifasında Azərbaycan muğamlarının bənzərsiz nümunələri səslənəcəkdir.

Konsertlər çərçivəsində "Qarabağ şikəstəsi", "Cahargah", "Heyratı" muğamları ilə yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın "İpək yolu" kamera orkestrinin ifasında səsləndiriləcəkdir. Qeyd edək ki, festival iştirakçıları Azərbaycan klassiklərinin əsərlərini yalnız dinləməklə kifayətlənməyəcəklər.

Musiqi günləri çərçivəsində ilk dəfə olaraq TorontoNiaqara şəhərlərində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgilər də keçiriləcəkdir. Heykəltəraşın əsərlərindən ibarət fotoşəkillərdə türk dünyasının iki böyük lideri - Heydər Əliyevin və Atatürkün heykəllərinin portreti, Azərbaycanın birinci xanımı, milli musiqimizin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Mehriban Əliyevanın, musiqi sənətimizin korifeyləri - Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, habelə Füzulinin, Hüseyn Cavidin, Səttar Bəhlulzadənin və digərlərinin portretləri nümayiş olunacaqdır.

Mikayıl Hacıyev beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək tədbirləri tarixi hadisə adlandıraraq Kanadanın mədəni həyatında çox əlamətdar hadisə olacağına əminliyini söyləmişdir. Ümumiyyətlə, Kanada ilə ABŞ-ın sərhədində yerləşən Niaqarada, müxtəlif mədəniyyətlərin qovuşduğu və turistləri özünə ən çox cəlb edən bu bölgədə Azərbaycan son 5-6 ildə böyük nüfuz qazanmışdır. Hər il biz Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə çıxış edirik. Azərbaycan musiqisinin, incəsənətinin təbliği Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri sayəsində mümkün olmuşdur.

Ötən il festival rəhbərliyinin keçirdiyi sorğuya əsasən Azərbaycan günləri çərçivəsində təşkil edilən konsertlər ən maraqlı hesab olunmuşdur. Avqustun 24-dən 28-dək keçiriləcək tədbirlər Heydər Əliyev FonduNiaqara festivalının təşkilat komitəsi rəhbərliyinin, Azərbaycanın Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaqdır. Azərbaycan musiqi və incəsənəti ilə bağlı tədbirlər "Ümumi sülh naminə mədəniyyətlərin dialoqu" beynəlxalq layihəsi çərçivəsində həyata keçiriləcəkdir.

Azərbaycan simfonik musiqisi və muğamı günləri ilə bağlı tədbirlərə Kanadanın yüksək səviyyəli hökumət və dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri dəvət olunmuşlar. Kanadanın Ontario əyalətinin Baş naziri Dalton Makqinti artıq Azərbaycanın təşkilat komitəsinə təbrik məktubu göndərmişdir. Azərbaycan günlərinin təşkilində Torontonun Beynəlxalq Mədəni Dialoq İnstitutunun Türkiyə mədəniyyət mərkəzi də fəal rol oynayır.

 

 

Azərbaycan.- 2010.- 21 avqust.- S. 3.