Xan Şuşinskinin səs
möcüzəsi
İnsan dünyaya göz açandan musiqi ilə dostlaşır. Musiqi onu bütün həyatı boyu müşayiət edir. Ana laylasını eşidəndə oxumaq istəyi baş qaldırır. Körpə uşaq anasının laylası altında rahatlıq tapır və yuxuya gedir. Bəzən də elə olur ki, anasının laylasını özünün körpə zümzüməsi ilə müşayiət edir. Hərdən körpə böyüyəndən sonra da oxumaq həvəsini itirmir. Elə bir adam tapmaq olmaz ki, oxumağa meyilli olmasın... Səsi olan da, olmayan da oxuya bilməsə də, zümzümə etməyi xoşlayır. Və bu oxumaq həvəsi onu hətta müğənniliyə də aparır.
Hamı nə vaxtsa səs tellərinin açılacağı xəyalı ilə yaşayır, müxtəlif "səsaçan vasitələrin" tətbiqinə çalışır. Səsi olan xanəndələr qida rasionlarında səsə ziyanlı yeməklərdən boyun qaçırırlar. Deyilənlərə görə, sənət aləmində səsinin gözəlliyinə, diapazon genişliyinə görə tayı-bərabəri olmayan Xan Şuşinski düyü xörəyi yemirmiş. Deyirmiş ki, düyü səs tellərini qurudur, oxumağa əngəl törədir. Xan əmi rütubətli havada müəyyən muğamları oxumaqdan vaz keçirmiş. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinski danışırdı ki, Tərtər rayonunda çal-çağır, şənlik məclislərinin birində Xan əmidən "Çahargah" muğamı oxumasını xahiş edibmiş. Firudinin sözünə həmişə hörmətlə yanaşan Xan əmi bu dəfə Firudinin təklifinə əməl etməyib deyib ki, "Firi bala, rütubətli hava həmin muğamın oxunması üçün məsləhət deyil. Ona görə ki, səs telləri rütubətli havada çevikliyini itirir və xanəndənin "sözünə baxmır".
Xan əminin səs dərmanı ətirli Azərbaycan
çayı idi. O, oxumağa
başlamazdan qabaq stəkandakı
təzədəm, ətirli çayı qoxulamaqla
səsini kökləyərdi. Xan əmi radioya canlı konsert verməyə gələndə də özü ilə gətirdiyi kəmşirin
çayın "dadına baxandan" sonra oxumağa
başlardı. Ötən əsrin 50-ci illərində radio ilə verilən konsertlərdə xanəndələr
indikindən fərqli olaraq canlı ifa edərdilər. Müğənnilər
öz səslərinə arxayın olduqdan sonra oxuyardılar. Xan əminin səsi İlahidən gələn
səs idi. Oxuyanda bəzi müasir xanəndələr
kimi qışqırıq qoparmazdı. Məlahətli
səsi dinləyənləri heyran
qoyardı. Tarın zil pərdələrində
oxuyanda da
ağzını elə açardı ki,
badamcıqları yox, cəmi 4-5 qabaq dişi görünərdi.
Onun bal səsi öz mənbəyini sanki
kosmik fəzadan götürürdü.
Ona görə də özü
kimi yaraşıqlı, bənzərsiz səsi
qəlbləri riqqətə gətirirdi. Yaşlı
qohumlarım danışırdılar ki, Xan Şuşinski Mircəfər
Bağırovun göstərişi ilə Bakıya
köçəndən sonra ilk konsertinə insan
axını çox güclü
olduğundan növbədə
dayananların sırasına atlı milisionerlər nəzarət
edirmiş. Saysız-hesabsız
fanatları səhərçağı Xan əmini hətta kənardan
görmək üçün filarmoniyaya gedən yol boyu düzülüb böyük xanəndənin gəlib keçməsini
gözləyirdilər. Ötən əsrin ortalarında
Moskvanın konsert salonlarının birindən
televiziya ilə yayımlanan bir konsertdən qabaq
ifaçılara paylanan not
kağızlarında oxunan əsərin
not klavirlərində kişi
və qadın səsləri üçün
nəzərdə tutulmuş tonallıqlar
qarışıq salındığından Xan
əmi qadın səsləri tonallığında oxumalı olmuşdu. Bundan xəbər
tutan təşkilatçılar çox dərin narahatlıqlar keçirsələr
də, konkret tədbir görə bilməmişdilər.
Konsert başlamışdı. Həmin
konsertin efirə yayımlanan lent yazısına
indi də baxa bilirik. Söhbət Şövkət Ələkbərova,
Sara Qədimova və Xan Şuşinski kimi mahir sənətkarların
iştirak etdiyi konsertdən gedir. Səid Rüstəmovun dirijorluq etdiyi xalq çalğı
alətləri orkestrinin
müşayiəti ilə
"Qarabağ şikəstəsi"
yuxarı tonallıqda
ifa olunurdu. Xan əmi heç bir şey olmayıbmış
kimi, qadın səs tonallığında
çox rahat və çətinlik çəkmədən oxuyurdu.
Həmin
konsertin şahidi olan böyük bəstəkar Tofiq Quliyev bu hadisəni
heyranlıq hissi ilə nağıl edirdi. O deyirdi: "Həmin konsertdə Xan əmi özünə
xas arxayınlıqla və çox gözəl oxudu. Səsi yüksək registrlərdə
insanı heyrətə
gətirən çalarlara
bürünmüşdü. Əsasən ruslardan və xarici ölkə vətəndaşlarından
ibarət dinləyici auditoriyası Şövkət
Ələkbərovanın, Sara Qədimovanın və ən başlıcası,
Xan Şuşinskinin tamaşaçıları heyran
qoyan səs tembrinin bənzərsizliyindən
vəcdə gələrək
Azərbaycanın mahir
ifaçılarının ifa mədəniyyətini sürəkli alqışlarla
dəyərləndirmişdilər. Hamını
Xan əminin İlahidən gələn
səsi məftun qoymuşdu.
Xan əmi gənc ifaçılara səslərini
soyuqdan qorumağın
vacibliyini başa salmağı özünə
borc bilirdi".
Qarabağda çox baməzə musiqiçi yaşayırmış. Bəy nəslindən
olan həmin kişinin adı Abbasqulu ağa imiş. Özünü bolşeviklərin təqiblərindən qorumaq
üçün tarzənlik
edirmiş. O, səsinin
açılması üçün
çıxış yolunu
daim yumurta içməkdə görən
ortabab xanəndənin
rəvan səslə oxuya bilməməsinin səbəbini soruşanda
həmin "xanəndə"
demişdi: "Evimizdə
təzə yumurta olmadığına görə
yumurta içə bilməmişəm, odur ki, səsim yaxşı işləmir".
Qeyzini güclə saxlayan Abbasqulu ağa belə deyibmiş: "Ə, adamsan,
adam oğlusan, bir şeyi bil
ki, çiy yumurta içməklə səs düzəlmir. Əgər yumurta içməklə səs düzəlsəydi,
onda toyuqların yumurtlayan yeri gündə üç-dörd
dəfə "Kürd
Şahnaz" oxuyardı.
Bəs nə vaxt ağlını
başına yığacaqsan?"
Sən demə, Abbasqulu ağa səsin yaxşı çıxmasının
səbəbini yumurtada
görməməklə özünün
vokal sahəsindəki
biliyini nümayiş etdirirmiş.
Çaykovski adına Moskva Dövlət Konservatoriyasının vokal fakültəsinin dekanı, Rusiyanın xalq artisti tenor Pyotr Skuçenko deyir ki, hər bir tenor, istər lirik tenor, istər dramatik tenor olsun, yuxarı oktavanın yuxarı registrində "do" notunu götürə bilməlidir. Belə ifaçılar barmaqla sayılan qədərdir. Səsin başlıca tərkib hissəsi onun tembral bəzəyidir. Bu, təbiətdən gələn bir şeydir. Çiy yumurtanın səsə xeyrini düşünmək mənasızlıqdır. Yumurtanın sarısı və ağı böğazın selikli qişasını qurudur və ifaçının normal oxumasına imkan vermir. Səs mütəxəssislərinin fikrincə, müğənni tamaşadan bir neçə saat əvvəl heç nə yeməməlidir ki, qarın presi rahat olsun. Böyük rus tenoru Sergey Lemeşev tamaşaya bir gün qalmış danışmaqdan da imtina edirdi ki, səs telləri yaxşı dincəlsin. Gürcüstan Opera və Balet Teatrından Bakıya qastrol səfərinə dəvət almış tanınmış dramatik tenoru ondan intervü götürmək üçün gələn jurnalistlərlə ancaq him-cimlə və çox astadan danışırdı. Lakin nədənsə hər dəfə səhnəyə çıxanda final notlarını götürə bilmirdi. Cüzeppe Verdinin "Aida" operasında fironun sərkərdəsi Rdamesin ariyasının sonluğu acınacaqlı qurtarırdı. Ya səsi ilişir, ya da "xoruz" buraxırdı. Pəhriz gözləmək hallarından istisnalar da məlumdur. Məsələn, Azərbaycan muğam operasının bənzərsiz solisti Əlövsət Sadıqov üç boşqab yağlı bozbaş, üstündən də 1 kiloqram dondurma yeməmiş səhnəyə çıxmazmış... Müğənninin oğlu Nadir Sadıqov danışırdı ki, "Atam bir gün tamaşadan çox qanıqara qayıtmışdı. Səbəbini soruşanda demişdi: "Tamaşadan qabaq üç yox, iki boşqab bozbaş yediyimə görə yaxşı oxuya bilmədim". Yeri gəlmişkən onu da deyim ki, çox zil muğam notları ilə zəngin olan Şah İsmayıl partiyasını Əlövsət Sadıqov kimi nöqsansız oxuyan müğənni olmamışdır, yəqin ki, olmayacaq da! O, Şah İsmayılın partiyasını böyük cəsarətlə oxuyurdu. Şaqraq zəngulələri adamları vəcdə gətirirdi. Tarın qəmiş pərdəsində xarüqəli səs imkanları nümayiş etdirirdi. Respublikanın xalq artisti, bənzərsiz Həqiqət Rzayeva - Ərəbzəngi ilə tərəf-müqabil səhnəsində Əlövsətin şaqraq zəngulələri, qaltanlı səs xüsusiyyətləri ilə xüsusi bir musiqi aləmi yaradırdı. Tamaşaçı alqışlarının ardı-arası kəsilmirdi. Ə.Sadıqovun yuxarı registrlərdə asanlıqla oxuması tamaşaçılara xüsusi zövq verirdi. Səsi çox dolğun və nüfuzedici idi. Əlövsət dünyadan köçməklə Şah İsmayılı da özü ilə apardı. O, toy müğənnisi yox, səsinin gücünə və tembr genişliyinə görə əsl opera müğənnisi idi. Müasir Şah İsmayıllar böyük ifaçı Ə.Sadıqovun ifa ənənələrini öyrəndikcə öyrənməlidirlər. Onun səsi bir Tanrı ərməğanı idi. Çox təəssüf ki, ifaçılıq irsi öyrənilmir, ifa xüsusiyyətləri tədqiq olunmur. Deyəndə ki, ifaçı səsini qorumalıdır, adamda belə bir fikir yaranır: gərək səs olsun ki, onu qorusun! Səs olmayanda onun çıxarılmasına heç nə kömək etmir. Orta nəslin nümayəndələri yəqin ki, ötən əsrin ortalarında Dunayevskinin musiqisi əsasında "Mosfilm" kinostudiyasında istehsal olunmuş "Şən uşaqlar" musiqili komediyasındakı meşşan qadının öz səsini yumurta içməklə düzəltməsi kadrlarını yaxşı xatırlayırlar. Filmdəki meşşan qadının piano arxasına keçib bir tas çiy yumurtanı tədricən içməklə səsini düzəltməsi məqamlarına baxıb xeyli gülüblər. Ona görə ki, hər dəfə çiy yumurtanı yanındakı büstün burnuna vurub sındırmaqla içəndən sonra səsqoyma məşqini davam etdirən həmin qadının sonda səsi qalınlaşaraq kişi bariton səsinə çevrilir. Telekanalların birində müğənnilərin səslərini qorumalı olduqları barədə fikir söyləniləndə "toy kralı" taxtından salınmış Səməd Səmədov adlı birisi deyirdi ki: "Mən dondurma da yeyirəm. Soyuq su da içirəm. Amma səsimə heç nə olmur. Nə olasıdır ki?" Müğənninin səsi var ki, soyuq şeylərin təsirindən batsın?! Sağ olsun kompüter oyunbazlıqlarını çıxaran alimlər. Dəllək saç düzəldən kimi, onlar da səs düzəldirlər. İstəsələr, kişi müğənnini qadın müğənni səsi ilə də oxudarlar.
İndiki dövrdə Rusiyanın telekanalları ilə verilən konsertlərdə danışıq səsi ilə "oxuyan" azmı "müğənni" var?
Deyilənlərə görə, bas səsli müğənnilərdən biri tamaşa günü ayaqlarını üç-dörd saat buzlu suda saxlamaqla çox bəm notlarda səsinin yaxşı gurulmasına çalışır. Əgər başqa birisi ayaqlarını buzlu suda bir saat saxlasa, yəqin ki, ən azı, sətəlcəm xəstəliyinə düçar olar.
Deməli, səsin
yaxşı səslənməsi üçün
müəyyən bir resept
yoxdur. Kiçik diapazonlu səsi qorumamaq da olar. Belə səs
hamıda var. Azərbaycanın
biznes-şou aləmində
bütün oxuyanlar kiçik diapazonlu zəif səslilərdir.
Mikrofon olmasa, onların heç biri oxuya bilməz!
Oxusa da, xoşa gəlməz!
Rəhmətlik Abbasqulu
ağa belə "müğənnicikləri" görsəydi, bu dəfə belə deyərdi: "Ə, adamsan,
adam oğlusan. Əvvəla, adam
bu səslə oxumaz! Özünə hörmət etməsə
də, onu dinləyənlərə hörmət
edər!"
Arif HÜSEYNOV
Azərbaycan.- 2010.- 21 avqust.- S. 5.