Jurnalist ünsiyyəti
Jurnalistin peşə fəaliyyəti ünsiyyətlə - informasiya mənbələri ilə qarşılıqlı münasibətlərin qurulması ilə bağlıdır. Ünsiyyət isə psixoloji proses olub, "iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsir" formalarıdır.
Ünsiyyət qarşılıqlı münasibətlərin təşkili və şəxsiyyətlərarası münasibətlərin formalaşması prosesidir. Ünsiyyətin motivi başqa adamla əlaqədardır. Onu da deyək ki, ünsiyyətin motivləri mürəkkəb xarakterə malikdir.
Ünsiyyət müxtəlif vasitələrlə - nitq, mimika, jest (bədən hərəkətləri), toxunma və s. həyata keçirilir; nitqin tonu, pauza, baxışlar, üz, göz, dodaq hərəkətləri, adama yaxınlaşma, ona toxunma, itələmə, özünə tərəf çəkmə, yönəlmə, arxa çevirmə və s. ünsiyyətə daxil olan hərəkət və vasitələrdir.
Hər hansı baxış həmişə yox, ancaq kommunikativ xarakter daşıdıqda ünsiyyətə çevrilirE
Ünsiyyətin baş tutması onun mövzusundan, tərəflər arasında qarşılıqlı maraq kəsb etməsindən də asılıdır. Eyni zamanda, qarşı tərəflərin, həmsöhbətlərin bir-birinin təfəkkür tərzinin, dünyagörüş və daxili aləminin uyğunluğundan və bu keyfiyyətlərin öz-özlüyündə etirafından (qəbul edilməsindən) da asılıdır. Nəzərə almaq lazımdır ki, eyni bir ünsiyyət şəraitində şəxsiyyətin biri ilə zarafat edib, digəri ilə rəsmi ( və ya acıqlı) tonda danışması məhz bu ünsiyyətdə tərəflərin qarşılıqlı maraqlarının qarşılıqlı səviyyə və xarakter yaxınlığının uyğun olub-olmamasından irəli gəlir.
Ünsiyyətin üç tərəfi (funksiyası) - kommunikativ (informasiya mübadiləsi), interaktiv (tərəflərin qarşılıqlı təsiri) və perspektiv (tərəflərin bir-birlərini qavraması, sosial persepsiya - mövqe) tərəfləri vardır. Bu funksiyalar bir-birləri ilə vəhdətdədir. Ünsiyyət birinci növbədə, informasiya mübadiləsidir və onun əsas vasitəsi nitqdir. Nitq isə verbal və qeyri-verbal olmaqla, iki yerə bölünür; verbal nitq birbaşa, canlı danışıqdır. Qeyri-verbal nitq isə mimika və jestlərin köməyi ilə aparılır. Hazırda informasiyanın kibernetik vasitələri də geniş yayılıb. Ancaq kibernetik sistemlərdən fərqli olaraq, canlı ünsiyyət prosesində informasiya nəinki verilir, hətta o, ünsiyyət prosesindəcə formalaşa da bilir. Çünki birbaşa, canlı ünsiyyətdən fərqli olaraq, kibernetik ünsiyyət zamanı ancaq informasiya verilir (və ya alınır), bu informasiyanın emosional keyfiyyətini, sosial-psixoloji təsirini qavramaq, duymaq (və ya çatdırmaq) isə mümkün olmur. Ona görə jurnalist mümkün qədər informasiyanı canlı almağa çalışmalıdır ki, bu prosesdə keçirdiyi emosional yaşantıların heç olmasa müəyyən hissəsini öz yazısında ifadə etməklə oxucuya təsir göstərə bilsin.
İnformasiya verən - kommunikator informasiya verərkən resipientin - informasiya alanın məqsəd və niyyətini də nəzərə alır. Bu, hər iki tərəf üçün mühüm amildir; tərəflərin maraqları uyğun gəldikdə onların aralarında əlverişli "informasiya məkanı, atmosferi" yaranır. Jurnalist bu məkanın yaradılmasına hər zaman hazır olmalı, çalışmalıdır. Belə ki, o, ümumi intellekti və ünsiyyət qurmaq qabiliyyətinin köməyi ilə həm də informasiyanın heç də az əhəmiyyətli olmayan "alt qatını", "gizli kodlarını" üzə çıxarmağa çalışmalıdır. Bu "gizli kodların" üzə çıxarılmasında qeyri-verbal nitq xüsusi rol oynamaqla verbal nitqin ətə-qana dolmasını təmin edir, ona qövsi-qüzehin allı-güllü boyaları kimi özgün emosional naxışlar bəxş edir".
Beləliklə, psixoloji cəhətdən əlverişli informasiya məkanı yaranır və müxbirə ilk baxışda jurnalistlərdən qorxan, diktofondan, mikrofondan sıxılan informatordakı "gərginlik buzunu" əridərək ortada "bahar nəfəsli", isti, qılıqlı bir atmosferin verdiyi imkandan səmərəli şəkildə faydalanmaq qalır. Müsahibə posesində tərəflər arasında yaranmış bu əlverişli ünsiyyət və informasiya məkanını (atmosferini) nəinki qoruyub saxlamaq, hətta müəyyən həddi keçmədən mümkün qədər inkişaf etdirmək lazımdır. Bütün bunlar işin səmərəli nəticəsi, həmçinin jurnalistin həmin şəxslə (informatorla) gələcəkdə baş tuta biləcək növbəti ünsiyyət ehtiyacı (və ehtimalı) üçün əvvəlcədən hazırlanmış əlverişli zəminə çevrilə bilərdi. Əks təqdirdə, informator səninlə (müxbirlə) növbəti ünsiyyətdən inadla boyun qaçıracaq, hətta yaxasını qurtarmaq üçün cəmiyyət, normal ünsiyyət üçün qəbuledilməz üsullara əl ata bilər. Məsələn, vaxtilə respublikanın keçmiş səhiyyə naziri, professor Əli İnsanovun ANS televiziya şirkətinin müxbirinin onunla ünsiyyətindən əvvəl mədəni şəkildə, bu mümkün olmadıqda isə "konkrekt olaraq rədd ol!" - deyə boyun qaçırmasında, söz yox ki, jurnalistin günahı az deyil. Görünür, o, həmin ünsiyyət cəhdinə qədər jurnalistika ilə bir araya sığmayan hansısa hərəkəti, aldığı informasiyanı yaymaq "üsulunda" nəsə bağışlanmaz səhvə yol veribmiş. Bütün bunlar azmış kimi, növbəti fürsəti fövtə verməyib yenidən "yaş odun satdığı", yanında etibarını itirdiyi adama qarşı "sual atəşi ilə" davamlı hücuma keçmişdiE
Bəzi hallarda isə qarşı tərəf verməyə borclu olduğu informasiyanı gizlətmək üçün cürbəcür üsullara, hətta şantaj və ya psixoloji gərginlik yaratmaq üsuluna əl atır. Belə hallarda müxbir öz təmkin, səbr və digər peşə vərdişləri ilə qarşı tərəfin, psixoloji hücum taktikasını "darmadağın etməyi" bacarmalıdır.
Bir dəfə polis bölmə rəisinin qeyri-qanuni istintaq tədbirləri ilə bağlı ondan informasiya almaq istədik. Bölmə rəisi zərərçəkəni zəif hesab edərək, onun şikayət ərizəsinə baxmaqdan boyun qaçırmışdı ki, bu, məhkəmənin işidir. Zərərçəkən də məhkəməyə müraciət etmişdi. Məhkəmə istintaqının başlandığını görən cavabdeh şəxs həmin bölmə rəisinə ərizə ilə müraciət etmişdi. Bu dəfə bölmə rəisi zərərçəkəni sorğu-sual üçün bölməyə çağırmışdıE Həmin vətəndaşın (zərərçəkənin) redaksiyaya yazılı müraciətinə əsasən biz jurnalist araşdırması apararkən polis bölməsinin rəisi ilə də görüşməli olduq. İlkin ünsiyyətdən sonra bölmə rəisi gəlişimizin səbəbini bilən kimi bizi necə deyərlər top-tüfəngə tutdu. Deyəndə ki, zərərçəkənin şikayət ərizəsini qəbul etmədiyiniz halda, o, məhkəməyə müraciət edəndən sonra qarşı tərəfin ərizəsini hansı əsasla qəbul edib polis orqanlarından yuxarı instansiya olan məhkəmə ilə eyni vaxtda paralel istintaqı hansı əsasla aparırsınız? Rəis əsl psixoloji şantaj üsuluna keçdiE Ancaq jurnalistin öz təmkin və soyuqqanlığını axıradək qoruduğunu və ayaqüstü qeydlər aparıb təbəssümlə onunla sağollaşdığını görəndə tamamilə tərksilah olmuş halda istəniləndən də artıq və ətraflı məlumat verməyə, hətta öz qeyri-qanuni hərəkətini sığortalamaq üçün müvafiq addımlar atmağa başladı.
Yaxud bir notarial idarənin rəisindən istənilən sənədin lap dib (kötük) qeydiyyat, sənədləşmə tarixini almaq üçün onunla sanki "köhnə dost" səviyyəsində ünsiyyətə girməli olduq. Məqsədimizə çatandan sonra bütün etik normalar və peşə tələbləri çərçivəsində dərc etdirdiyimiz məqalə ilə jurnalist araşdırmamızı başa çatdırıb problemin həllinə kömək göstərə bildik.
Demək, jurnalist öz fəaliyyəti zamanı qarşılaşacağı hər hansı psixoloji maneəni keçməyə həm intellektual, həm iradi, həm mənəvi-əxlaqi, həm sosial-hüquqi, həm də psixoloji və etik baxımdan hazır olmağı bacarmalıdır. Bunu ondan çalışdığı peşə ilə bağlı öhdəsinə götürdüyü (düşən) vətəndaş məsuliyyəti də tələb edir. Jurnalist bütün məqamlarda hər tərəfdən qarşı tərəfin hər hansı "şıltaqlığına" dözməyi, onu "idarə edib" öz niyyətinə uyğun istiqamətə yönəltməyi bacarmağa borcludur. Bunun üçün bütün mənəvi və intellektual keyfiyyətləri ilə ünsiyyətdə olduğu qarşı tərəfdən üstün, güclü olmağı bacarmalıdır.
Yuxarıda bəzi adamların, rəsmi şəxslərin özünü müxbir, diktofon (və ya mikrofon) qarşısında narahat hiss edib həyəcanlanmalarına və bununla əlaqədar istənilən informasiyanı yetərincə çatdırmaq qabiliyyətlərini itirə biləcəklərinə işarə etmişdik. Söz yox ki, bu cür hallar müxbirin həmin görüşdə qarşısına qoyduğu məqsəd və məram üçün ciddi maneə rolunu oynaya bilər. Çünki, kommunikator keçirdiyi psixoloji gərginlikdən, karıxdığından verəcəyi informasiyanın çoxunu unuda, yaxud dolaşıq sala bilər. Hətta, ümumiyyətlə, deyəcəyi sözləri baş-ayaq çatdırar. Odur ki, bütün bu cür xoşagəlməz halların qarşısını almaq, belə vəziyyət ucbatından uğursuzluğa düçar olmamaq üçün birinci növbədə, həmin psixoloji gərginliyə səbəb olan cəhətləri aradan götürmək lazımdır; yəni, əgər kommunikator mikrofondan qorxursa, müsahibəni hansısa texniki avadanlıqla aparmaq fikrindən vaz keç, daşın. Əlindəki diktofonu müsahibin gözü qabağında söndürüb kənara qoy, ya da "gizlət", yəni, göz qabağından (masanın üstündən) götür. Ancaq hafizənin gücünə və apardığın qeydlərin dəqiqliyinə arxalan. Özü də müsahibə bitəndən sonra və ya müsahibə prosesində sənə aydın çatmayan, yainki qeydə almağı çatdıra bilmədiyin fakt, rəqəm və adları bir daha dəqiqləşdir, təkrar soruş. Bu, vacib hesab etdiyin həmin fakt və rəqəm üzərində (ətrafında) həmsöhbətinin də öz fikrini cəmləşdirməyə və dəqiqləşdirmə aparmağa yönəldir, onu səfərbər edirE Çatdıra bilmədiyin bəzi təfərrüatları informatordan ayrılan (kabinetdən çıxan) kimi dəftərçənə qeyd etməyə çalış, bunun üçün yaxınlıqda sakit bir künc tapıb ilkin qeydlər aparmaq hər zaman mümkündür.
İnformatorun səmimiliyini yoxlamaq da hər ehtimala qarşı lazımdır. Bunun üçün müxbir, əlbəttə, gərək qabaqcadan öyrəndiyi həmin sahə və mövzu ilə bağlı nisbətən daha yaxşı bildiyi məsələ və ya fakt haqda "kəşfiyyat xarakterli" bir neçə sual vermək fürsətini əldən buraxmasın. Aldığı cavablar onu qane edirsə, müsahibə və ünsiyyətə rahatca davam edə bilər. Yox, əgər informator qeyri-səmimi və yayğın cavablar verirsə, üstünü vurmadan (özünü bilməməzliyə vuraraq) yavaş-yavaş onu "tərksilah edib" istədiyini ondan qopartmağa çalış. Bax, belə bir vəziyyətdə müxbirin intellektual və psixoloji üstünlüyü, məqsədinə doğru iradəli şəkildə addımlamaq qabiliyyəti köməyə çatırE
Bütün hallarda müxbirə ünsiyyətdə olduğu şəxsin fərdi və peşə psixologiyasına bələdliyindən, mövcud psixoloji məkanın xarakterini, sosial-mənəvi atmosferini düzgün qiymətləndirmə qabiliyyətindən də çox şey asılıdır. Çünki insanın davranış və xarakterində fərdi xüsusiyyətlə yanaşı, onun peşəsi, peşə vərdişi və psixologiyası da mühüm rol oynayır; hamıya bəllidir ki, məsələn, musiqiçi ilə həbsxana işçisinin və ya polisin, müəllimlə həkimin, ağır fiziki işdə çalışan inşaatçı ilə məmurun və ya mədəniyyət işçisinin peşə vərdişləri və davranışları, habelə iş şəraitləri arasında xeyli fərq var. Bu fərq onların xarakter və davranışlarına, ünsiyyət üsuluna, danışıq tonuna ciddi təsir edir. Ona görə də polisin, həbsxana işçisi və ya hərbçinin bir qədər qaba davranış və danışığı jarqonlardan istifadə etməsi, yaxud aktrisanın bir qədər sərbəst davranışı və açıq-saçıq geyimi və s. jurnalistin sarsılması, qızarıb pörtməsi, özünənəzarəti itirməsi ilə nəticələnməməlidir. Ünsiyyətdə olacağı adamın həm fərdi, hə də peşə psixologiyasına heç olmasa müəyyən qədər bələd, qarşılaşacağın mənzərəyə hazır olmasan işində uğur qazana bilməzsən. Müxbir bütün bu kimi hallara qabaqcadan hazır olmalı, eyni zamanda, müsahibənin aparıldığı məkanı qiymətləndirməyi bacarmalıdır. Belə ki, söhbətin səmimiliyinə onun kabinetdə, yemək stolu, çay süfrəsi arxasında və ya təbiət qoynunda gedib-getməməsi müəyyən təsir göstərə bilir.
Ona görə fərdi və peşə psixologiyasını, maraq dairəsini, nisbətən zəif tərəflərini öyrəndiyin hər hansı "çətin adamla" quracağın ünsiyyətin uğurlu və səmərəli alınması naminə sənin əsas məqsədinin reallaşmasına imkan verən əlverişli psixoloji məkanı qurmağa çalışmalısan; məsələn, informatorla haradasa çay süfrəsi arxasında, işdən kənar şəraitdə görüş təyin etmək olar. Çünki adətən, vəzifə masası arxasında məmurlar adi həyatdakından daha quru, rəsmi və qeyri-səmimi olurlar. Normal ünsiyyət üçün əlverişli psixoloji məkanın yaradılmasına lazım olan bütün bu təfərrüatlar nəzərə alındıqdan sonra müxbir ilkin olaraq iltifatlı sözlərə, gündəlik məişət və həyat qayğılarına, məsələn, havaların tez-tez dəyişməsinə, xoş keçməsinə, futbol yarışı, konsert proqramı və s. haqda söhbətə meydan verməli, "rəsmiyyət pərdəsini qaldırdıqdan" sonra hiss etdirmədən yavaş-yavaş əsas mətləb üstünə gəlməlidir. Elə etməlidir ki, müsahibi söhbətin necə işgüzar xarakter almasının fərqinə varmasınE
Müxbir əldə etdiyi məlumatları digər mümkün mənbələrlə yoxlayıb dəqiqləşdirdikdən sonra onların ötürülməsi etibarlılığını və bu zaman sosial ədalət prinsiplərini qorumağa borcludur, buna məsuliyyət daşıyır. Həmin peşə məsuliyyətini unudub ötəri və ucuz şöhrət dalınca qaçmaq cəhdi jurnalistin və onun işlədiyi, çap olunduğu mətbu orqanının həm informator yanında, həm də oxucu qarşısında etibarının itməsi ilə nəticələnər. Fəaliyyət zamanı etibarlılığın və nüfuzun qorunması isə əsas şərtlərdəndir.
Jurnalist öz informatoru ilə uzunmüddətli və səmimi işgüzar münasibət qurmaq istəyirsə, yeri gələndə peşəsinə xəyanət etmədən onun bəzi istəklərinə, məsələn, səmimi şəraitdə onun mətbuata çıxmasını istəməmək şərti ilə söylədiyi sirləri faş etməmək, hansısa informasiyanın və ya onun mənbəyinin məxfi qalmasına çalışmaq, alınan informasiyanı dəqiq, təhrifsiz və bəzək-düzəksiz çatdırmaq (yaymaq), bununla da, heç bir fikir təhrifinə, ikibaşlı cümlə və ifadələrin işlədilməsinə yol verməmək və s. əməl etməlidir. Bütün bunlar jurnalistin etibarlılığı və səmimiliyi haqda yaranmış ilkin qənaətləri doğrultmaqla, onun gələcək fəaliyyətində operativ və mötəbər informasiyalarla təminatının möhkəmlənməsi ilə nəticələnir. Eyni zamanda, jurnalist oxucu marağını nəzərə almaqla yanaşı, onun qarşısında öz imzasının etibarlılığını da qorumağa borclu olub, bunu bacarmalıdır. Jurnalistlə oxucu arasındakı "qiyabi" ünsiyyətin psixoloji dayanıqlığı bu münasibətlərin qurulma səviyyəsindən çox asılıdır.
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.- 2010.-21
avqust.- S. 5.