İstedadlar yetişdirən mərkəz

 

İsmayıllı şəhərinin mərkəzində möhtəşəm bir ünvan var - Heydər Əliyev Mərkəzinin binası. Hər dəfə onun qarşısından keçəndə binanın əzəmətinə, milli arxitektura üslubuna heyranlıqla baxmaya bilmirsən. Gecələr müasir işıqlandırma sistemi bu binanı daha da gözəlləşdirir.

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində dəfələrlə rəsmi tədbirlərdə olsam da burada fəaliyyət göstərən kurs və dərnəklərlə ətraflı maraqlanmamışdım. Ancaq əli portfelli, çantalı oğlan və qızların bu möhtəşəm binaya müntəzəm şəkildə gəlib, getmələrini bilirdim. Eşitmişdim ki, Heydər Əliyev Mərkəzində gənclər müxtəlif dərnəklərdə çox fəal iştirak edirlər.

Prezident İlham Əliyev ötən ilin oktyabr ayında İsmayıllı rayonuna səfəri zamanı bir çox obyektlərlə yanaşı, Heydər Əliyev Mərkəzinin açılış mərasiminə də qatılmışdı. Həmin günü rayon sakinləri, o cümlədən mərkəzin direktoru Elçin Məmmədov xoş ovqatla xatırlayır. E.Məmmədov bildirir ki, elə həmin vaxtdan mərkəzin "qonaq-qarasız" günü olmur. Ulu öndərin mənalı və dolğun həyatını əks etdirən foto-stendlər müsafirlər tərəfindən həmişə maraqla qarşılanır.

E.Məmmədov söhbət zamanı qeyd edir ki, burada keçirilən mədəniyyət işçilərinin ixtisasartırma kursları bu yaxınlarda başa çatıb. Direktorla otaqları, mərtəbələri gəzirik. İlk baxışdan çox sakitlikdir. Ancaq dərnəklərdə məşğələlər, kurslar davam etdirilir.

Muzey baxıcısı Vüqar Nuğayev və ekskursiyaçı Qumru İsmayılova işlərini çox sevirlər. Vüqar Beynəlxalq Universiteti, Qumru isə BDU-nun tarix fakültəsini bitirib.

Kompüter kursu otağına daxil oluruq. Burada BDU-nun riyaziyyat fakültəsinin məzunu Bahar Babayeva gənclərə ofis proqramlarını öyrədir. Kurslarda xeyli məktəbli və digər həvəskarlar iştirak edirlər. Onları 3 ay 15 günlük kursdan sonra imtahansertifikat sevinci gözləyir. Bu kursun indiyə qədər 170-ə yaxın dinləyicisi olub.

Mərkəzin avtomodelizm dərnəyində həftədə 2 dəfə olmaqla 28 şagird məşğul olur.

"Bacarıqlı əllər" dərnəyinin fəaliyyət göstərdiyi otağa daxil oluruq. Burada təbii materiallardan - bitkilərdən, bitki toxumlarından, qumdan, gildən, balıqqulağından istifadə etməklə çox maraqlı əl işləri hazırlanır. Dərnəyin rəhbəri Vüsalə Məmmədova Slavyan Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Bu sənətin sirlərini xeyli vaxtdır öyrənib. Öz bilik və bacarığını böyük həvəslə yetirmələrinə aşılayır. Elə özüboş dayanmır - muncuqlardan istifadə etməklə maraqlı bir kompozisiya yaradıb - təsvir olunan "muncuq göyərçinlər"in baxışları çox canlıdır. Vüsalə xanım bitirməkdə olduğu bu kompozisiyanı "Sülhə doğru" adlandırıb. Dərnək üzvlərindən Gülşən Yusifovanın, Azər Tahirlinin, Ayşən Piriyevanın əl işləri çox maraqlıdır. Hətta Pakizə Xəlilovanın fərdi sərgisi də açılıb. Çox təqdirəlayiq haldır ki, burada hazırlanan əl işlərində vətənpərvərlik, yurd, torpaq sevgisi xətti önə çəkilir.

Mərkəzdə gənc rəssamların yetişməsi üçün də hər cür şərait yaradılıb. Rəssam Əlixan Sultanov və İradə Hüseynova gənclərin istedad və bacarıqlarının üzə çıxması üçün əllərindən gələni edirlər. İstedadına ümid bəslənilən şagirdlərdən Nərmin Məmmədova İsmayıllı şəhər 1 saylı orta məktəbdə oxuyur. Şəhər 5 saylı orta məktəbin VI sinif şagirdi Bayram Mirzəlizadə isə bir çox müsabiqələrdə, o cümlədən asfalt üzərində rəsm yarışmasında iştirak edib.

Gənc rəssamların mərkəzin foyesindəki əsərlərinə maraqla baxılır. Bu əsərlərdə peşəkarlıq baxımından natamamlıq, səriştəsizlik hiss edilə bilər. Ancaq ən başlıcası hər "əl işindən" təmiz və həssas bir ürək boylanır. Ürək olan yerdə isə istedadın inkişafı mütləqdir. Onların gələcəyinə ümid çoxdur.

Ulu öndər Heydər Əliyev uşaqları, gəncləri çox sevirdi. Onlara həmişə qayğı göstərir, istedad və bacarıqlarının hərtərəfli inkişaf etdirilməsi üçün bütün gərəkli tədbirləri görürdü. Bu ənənə Prezident İlham Əliyev tərəfindən çox həssaslıqla davam etdirilir.

İsmayıllı şəhərində ulu öndərin adını daşıyan mərkəzdəki müxtəlif dərnəklərdə və kurslarda istedadlı uşaqlar yetişir. Bu uşaqların böyük sənət sahibi olacaqları gələcəyin işidir. Lakin bir həqiqət danılmazdır ki, onlar böyük vətən sevgisi ilə böyüyürlər.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.-21 avqust.- S. 6.