Azərbaycan dünyada iri infrastruktur layihələri həyata keçirən ölkə kimi tanınır

 

Azərbaycan ötən il iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə qarşıya qoyulan əsas məqsəd milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, liberallaşma prosesinin dərinləşdirilməsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadisosial islahatlar həyata keçirmək, inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməkdir. Son 7 ildə uğurla davam etdirilən iqtisadi siyasət vətəndaşların mənafeyinə tam cavab verir.

 

Milli inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur. II Dövlət Proqamının qəbul edilməsindən ötən qısa dövrdə görülən irimiqyaslı işlər böyük nəticələrə gətirib çıxarmışdır.

2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunları göstərdi ki, dünya ölkələri qlobal böhranın mənfi təsirlərindən hələ tam qurtula bilmədiyi halda, Azərbaycan dinamik və ardıcıl inkişafını davam etdirərək ümumi daxili məhsulun 3,7, neft sektorunun 2,4, qeyri-neft sektorunun isə 15,3 faizlik artımına nail olmuşdur. Qeyri-neft sektorunda inkişafın neft sektorunu əhəmiyyətli dərəcədə üstələməsi ötən 7 ildə ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə tərəqqi prosesinin geniş vüsət alması ilə şərtlənir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir.

Dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə, onların icra prosesini nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Ölkə başçısı bölgələrin davamlı inkişafının təmin olunması, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı respublikanın rayonlarına səfərlər edir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkinlə onların problemlərini dinləyən və onların həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırmışdır. 2003-2010-cu illərdə ölkənin, demək olar ki, bütün rayonlarına səfərlər edən, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə olan cənab İlham Əliyev insan amilinə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu təsdiqləmişdir.

Ölkənin davamlı sosial-iqtisadi inkişafı iri infrastruktur layihələrinin reallaşdrılmasını zəruri edir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmışdır. Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilmişdir.

Dünya maliyyə böhranının təsirinin hələ də inkişaf etmiş ölkələrdə hiss olunduğu halda Azərbaycanda iri infrastruktur layihələrin icrasında hansısa geriləmə müşahidə edilməmiş, işlər əvvəlki ahənglə davam etdirilmişdir. 2010-cı ilin birinci yarısında bütün əsas investisiya layihələrinin və proqramlarının həyata keçirilməsi davam etdirilmiş, bu məqsədə məcmu olaraq 1 milyard 740 milyon manat xərclənmişdir. 2010-cu ilin dövlət büdcəsinə dəyişiklik nəticəsində dövlət əsaslı kapital qoyuluşlarının 3 milyard 549 milyon manatdan 4 milyard 147 milyon manata çatdırılması da büdcənin investisiya yönümlülüyünün qorunub saxlanıldığını deməyə əsas verir.

Prezident İlham Əliyev avqustun 12-də Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolukörpü kompleksinin açılışında iştirak etmişdir. Qeyd edək ki, yolun tikintisinə 2008-ci ildən başlanmışdır. Körpünün ümümi uzunluğu 540 metr, enihündürluyü isə 23 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki təfərində piyadalar üçün 1,5 metr enində səki salınmışdır. Körpünün üzərindəki ayırıcı zolaqda müasir işıqlandırma sistemi quraşdırılmışdır. Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanmışdr. Baş verə biləcək sel və daşqınlarla bağlı etibarlı mühafizə sistemi yaradılmışdır.

Ölkə başçısı Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 34 kilomerlik hissəsinin, eləcə də Samur-Həzrə yolunun açılışında da iştirak etmişdir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli sərəncamı ilə Samur-Həzrə yolunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyiturizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir.

Yolun açılışı zamanı Prezident İlham Əliyev demişdir: "Azərbaycanın inkişafı üçün yol tikintisi çox mühüm rol oynayır. Bütün istiqamətlərdə yollar tikilir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. Azərbaycanın inkişafına bunun çox böyük dəstəyi, köməyi vardır. Bu, çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir və yola qoyulan investisiyalar öz iqtisadi səmərəsini bəlkə 10 ildən, 15 ildən sonra verəcəkdir. Amma bizim üçün əsas odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın. Yol tikintisi hər bir bölgənin iqtisadi inkişafını şərtləndirən amillərdən biridir. Mən əminəm ki, bu yolun istismarı nəticəsində bu bölgədə, şimal bölgəsində iqtisadi inkişaf, sənaye müəssisələrinin yaradılması, turizmin inkişafı daha sürətlə gedəcəkdir. Nəzərə alsaq ki, Quba-Qusar bölgəsində turizm potensialımız çox böyükdür, orada böyük işlər görülür, Azərbaycanda ən böyük turizm mərkəzi yaradılır - bu yolun yüksək səviyyədə olması, əlbəttə ki, turizmin inkişafına da kömək göstərəcəkdir.

Bütövlükdə son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan dövlət qurumları, özəl şirkətlər bütün işləri yüksək peşəkarlıqla görür. Bu işlər göz qabağındadır. Bütün bunları danmaq, görməmək mümkün deyildir. Azərbaycan vətəndaşları hər gün görülən bu işləri görürlər və ondan istifadə edirlər".

Ölkəmizdə milli maraqlara əsaslanmaqla həyata keçirilən iqtisadi siyasət, inkişaf strategiyası respublikamızın hərtərəfli inkişafında yeni mərhələ açmışdır. Qısa müddətdə reallaşdırılması inanılmaz görünən qlobalregional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir. Azərbaycan dünyada ən böyük infrastruktur layihələrini gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 22 avqust.- S. 1.