Türkiyə yenə tərəddüdlərə əsas verəcəkmi

 

Azərbaycan Türkiyə ilə münasibətlərində hər hansı tərəddüdlü, qeyri-şəffaf məqamların ortaya çıxmasını qətiyyən arzulamır və bütün zamanlarda müttəfiqlik münasibətlərinə səmimi sadiqlik nümayiş etdirib

 

Ötən ilin fevralından rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağı ilə bağlı yayılan spekulyativ məlumatların istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə narazılıqla qarşılanması, ciddi müzakirə obyektinə çevrilməsi iki dost, qardaş ölkə arasındakı münasibətlərin əlahiddə xarakterindən irəli gəlirdi. Bu xəbərlərin bir müddət dövriyyədə qalması, daha dəqiqi, rəsmi təkzibinin 2 ayadək uzanması hər iki ölkədə ictimaiyyətin kəskin reaksiyası, aşkar narazılığı ilə müşayiət olunsa da, rəsmi Bakı bu məsələdə kifayət qədər təmkinli, diplomatik normalar çərçivəsində davrandı. Cərəyan edən xaotik proseslərə emosiyalarla deyil, rasional, praqmatik təfəkkürlə qiymət verməyi bacardı.

Etiraf etməliyik ki, məsələnin hətta müzakirə olunması belə, iki qardaş dövlət arasında uzun illər formalaşmış strateji müttəfiqlik münasibətlərində mənəvi-psixoloji tərəddüdlərə rəvac verirdi. Bundan əvvəl Türkiyə Prezidentinin "futbol matçını izləmək üçün" Yerevana səfər etməsi, habelə iki ölkənin rəsmiləri arasında bir müddət fəal danışıqların aparılması Azərbaycanda müəyyən haqlı suallar da doğururdu. Lakin Azərbaycan özünə strateji müttəfiq, dost və qardaş saydığı ölkənin Ermənistanla sərhədləri açacağına həm də ona görə inanmaq istəmədi ki, bu, əslində, Türkiyənin özünün milli maraqlarına qarşı atılmış addım olardı. Təsadüfi deyildi ki, Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutan məlum Sürix protokollarını müəyyən geosiyasi təsirlər altında imzalayan AKP iqtidarı Türkiyə ictimaiyyətinin kəskin etirazı, qınağı ilə üzləşmişdi. Qardaş ölkənin ictimaiyyəti Ermənistanla hər hansı əlaqələrin qurulmasına qarşı çıxaraq bunun təkcə Azərbaycanla müttəfiqlik münasibətlərinə deyil, bütövlükdə Türkiyə dövlətinin mənafeyinə zərbə vuracağını birmənalı bəyan etmişdi.

Rəsmi Ankaranın yayılmış məlumatları 2 ayadək müddətdə təkzib etməməsi, gözləmə mövqeyi tutması haqlı ictimai narazılıqları şiddətləndirsə də, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 2009-cu ilin mayında Bakıya gerçəkləşən səfəri yaranmış gərginliyi müəyyən mənada aradan qaldırdı. Cənab Ərdoğan yayılan məlumatları qətiyyətlə təkzib edərək hər hansı narahatlığa, tərəddüdlərə əsas olmadığını bəyan etdi. "İsrarla üzərində dayandığım məsələ budur - bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!" - deyən Türkiyənin Baş naziri hamını bu mövqeyə güvənli yanaşmağa, iftira xarakterli, fitnəkar məlumatlara inanmamağa çağırdı. Həmçinin bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər "Bir millət, iki dövlət" devizinə uyğun inkişaf edir və bu əlaqələrdən narahatlıq keçirən qərəzli dairələrin fitnəkar cəhdləri heç bir fayda verməyəcək.

Cənab Rəcəb Tayyib Ərdoğanın Bakıda verdiyi açıqlamalar eyni zamanda rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə prinsipial və dəyişməz mövqeyini ifadə edirdi. "Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir" - deyə cənab Ərdoğan bir daha vurğulayırdı.

Düşünmək olardı ki, mövzu birdəfəlik qapanıb və Türkiyə-Ermənistan sərhədlərinin hər hansı üzdən açılması məsələsi bir daha narahatdoğurucu müzakirələr predmeti olmayacaq. Türkiyə Baş naziri Ərdoğanın fikirlərinə əsaslanan Azərbaycan Prezidenti İlham Əliyev də sərhədlərin açılması ilə bağlı mövzunun qapandığını vurğulamışdı. Lakin Türkiyə Prezidenti Abdullah Gülün Bakıya səfəri hələ yekunlaşmamış ciddiləşən bəzi informasiyalar bu həssas məsələ ilə bağlı sinirləri yenidən tarıma çəkdi. Həmin informasiyalarda vurğulanırdı ki, "yaxın müddətdə Ermənistanda keçiriləcək NATO təlimləri ilə bağlı Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa, açılması nəzərdə tutulur".

Bir neçə gün əvvəl Bakıda səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülün jurnalistlərin bununla bağlı sualından yayınması, konkret cavab ifadə etməməsi isə həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində müəyyən çaşqınlıq, anlaşılmazlıq yaradıb. Məsələyə aydınlıq gətirən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Qılıçın dedikləri isə narahatlıqları bir qədər də artırıb. "Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir" - deyə səfir sərhədlərin "istisna hal kimi müvəqqəti açılması" mümkünlüyünə işarə edib.

Əlbəttə, Türkiyənin Ermənistanla 18 il bağlı olan sərhədlərini açması ilə əlaqədar meydana çıxan bu məlumatlar Azərbaycanı heç cür razı sala bilməz. Bu, açıq desək, Ermənistanı təcavüzkar siyasətini stimullaşdırmaq istəyən müəyyən dövlətlərin məkrli planına daha çox bənzəyir. Şübhə etmədən demək olar ki, Türkiyəyə qarşı heç vaxt səmimi olmayan, Sürix protokollarını "donduran" Ermənistan tərəfi sərhədlərin "istisna hal kimi "müvəqqəti açılması"nı belə rəsmi Ankaranın mövqeyində mühüm geosiyasi dəyişiklik kimi qiymətləndirməyə, bundan spekulyativ məqsədlərlə istifadə etməyə çalışacaq. Artıq müəyyən erməni saytlarında bununla bağlı yazılara da rast gəlinir. Sərhədlərin istənilən halda açılmasının mənəvi-psixoloji planda müttəfiqlik münasibətlərinə adekvat olmadığı da açıq vurğulanmalıdır. Kəlbəcər rayonunun işğalına etiraz olaraq bağlanmış sərhədlərin NATO-ya səmimi inteqrasiya niyyətindən tamamilə uzaq olan, bu günlərdə Rusiya ilə yeni hərbi əməkdaşlıq müqaviləsi imzalayan Ermənistandakı təlimlərə görə müvəqqəti açılması Azərbaycan üçün qətiyyən qənaətbəxş arqument sayıla bilməz.

Bu mövzunun Türkiyə Prezidentinin Azərbaycana kifayət qədər uğurlu nəticələrlə yadda qalan rəsmi səfərindən sonra daha da aktuallaşması isə ikiqat üzücü məqamdır. Lakin nə etməli, Türkiyə rəsmilərinin dəfələrlə təkzib etdikləri məsələni yenidən gündəmə gətirmələri Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır. Ərazisinin 20 fazi işğal altında olan, 1 milyondan artıq soydaşı məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan xalqının bu mövzuya xüsusi həssaslıqla yanaşması həm də "Uman yerdən küsərlər" məsəlindən intişar tapır. İndiki halda Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yalnız bir əsas ola bilər - Azərbaycanın işğal altındakı torpaqlarının qeyd-şərtsiz azad edilməsi! Əslində, qardaş ölkənin rəsmiləri də bunu dəfələrlə bəyan ediblər. Elə isə nə dəyişib?

Digər tərəfdən, Azərbaycan Türkiyə ilə münasibətlərində hər hansı tərəddüdlü, qeyri-şəffaf məqamların ortaya çıxmasını qətiyyən arzulamır və bütün zamanlarda müttəfiqlik münasibətlərinə səmimi sadiqlik nümayiş etdirib. Ölkə rəhbərliyi Türkiyəni özünə ən yaxın dövlət, strateji tərəfdaş saydığını, öz növbəsində rəsmi Ankara da regionda respublikamızın mənafeyinə zidd heç bir addım atmayacağını dəfələrlə yüksək tribunalardan bəyan edib. Türkiyə xalqı və iqtidarı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib, rəsmi Bakı isə uydurma "erməni soyqırımı" iddialarının ifşa olunmasında rəsmi Ankara ilə birgə diplomatik tədbirlər həyata keçirib.

Azərbaycan indiyə qədər Türkiyə üçün strateji əhəmiyyət daşıyan bir çox məsələlərdə də prinsipiallıq, qətiyyət nümayiş etdirib. 2005-ci ilin iyulundan isə Azərbaycanla Türkiyə arasında münasibətlərdə "ikinci nəfəs" açılıb. Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kirrlə iqtisadi əlaqələrin qurulmasına siyasi razılıq verməklə, iki ölkə arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Bu, Türkiyə üçün əsl hədiyyə, Kirr türkləri üçün isə iqtisadi dirlomatiya sahəsində mühüm nailiyyət olub. Azərbaycan bir tərəfdən BMT-nin Baş katibinin çağırışına uyğun hərəkət edərək beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, o biri tərəfdən Türkiyə qarşısında qardaşlıq borcunu yerinə yetirib. Azərbaycan dirlomatiyası uğurlu məqam seçməklə, Şimali Kirrlə əlaqələrdəki ən təhlükəli məqamı öz xeyrinə çevirə bilib.

Hər bir dövlətin diplomatiyada müəyyən taktiki manevrlərə əl atmaq, siyasi oriyentirlərdə dəyişikliklər etmək məcburiyyətində qaldığı vaxtlar olur. Fəqət, Ermənistanla münasibətlərin tarixi və Cənubi Qafqaz regionundakı hazırkı durum Türkiyəyə analoji mövqedən çıxış etməsini təkcə siyasi deyil, həm də mənəvi-psixoloji baxımdan yolverilməz edir. Türkiyənin Ermənistanla yaxınlaşması, Azərbaycanı meydanda tək qoyması onun bütövlükdə türk dünyasındakı mövqelərinə də zərər vura bilər.

Bir sözlə, Ermənistanla sərhədlərin açılmasını nə siyasi, nə iqtisadi, nə də hüquqi baxımdan əsaslandırmaq, bu addıma hansısa formada haqq qazandırmaq olmur! Ermənistanın əsassız ərazi, habelə qondarma "soyqırımı" iddialarına, Azərbaycana qarşı işğalçılıq, soyqırımı və terror siyasətinə etiraz olaraq onunla sərhədlərini bağlayan Türkiyənin hansısa kənar təsir altında prinsipial mövqeyindən geri çəkilməsi inandırıcı görünmür. Hər halda, Türkiyəyə qarşı ərazi iddiasını öz Konstitusiyasında təsbit edən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından asanlıqla çıxmaq niyyətində də görünmür. Ermənistanın məkrli siyasətinin heç də dəyişmədiyi halda, Türkiyənin təcavüzkar dövlətlə sərhədi açması, əcəba, nəyi dəyişəcək?!

Şübhəsiz, hazırkı reallıqda Türkiyənin Ermənistanla sərhədləri hər hansı səbəbdən açması həyati əhəmiyyətli bir məsələdə Azərbaycanın mənafeyinin strateji müttəfiq saydığımız bir dövlət tərəfindən nəzərə alınmaması, vicdanlı yanılma ilə təcavüzkarın həvəsləndirilməsi anlamına gələr. Eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması daha çox Ermənistanın maraqlarına xidmət etməklə, təcavüzkar dövlətin iqtisadi, siyasi və hüquqi müstəvidə manevr imkanlarını genişləndirə bilər! Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara da mənfi təsirini göstərən addım olar. Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıq haqqında müqavilə imzalamasından sonra Türkiyənin də sərhədləri açmaq niyyətinə düşməsi danışıqlar prosesini tamamilə iflic edə bilər.

Azərbaycanda medianın bu məsələ ilə bağlı son günlər açıq ifadə etdiyi narahatlıq təkcə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən, beynəlxalq hüquq norma və prinsiplərinə etinasız münasibətindən irəli gəlmir. Ermənistanla sərhədlərin açılması ən azı psixoloji-siyasi anlamda da Türkiyənin maraqlarına cavab vermir. Çünki qardaş dövlət özü də iki əsrə yaxın müddətdə ermənilərin məkrli və hiyləgər siyasətinin acı fəsadlarını öz taleyində yaşamışdır. Ermənilərin ciddi şəkildə dəstəklədiyi "ASALA" terror təşkilatı müxtəlif illərdə türkiyəli diplomatlara qarşı amansız terror aktları həyata keçirmiş, türklərə qarşı qənim kəsilmişdir.

Bəzi analitiklər Türkiyənin NATO-ya üzvlüyü müqabilində belə bir addım atmasını "əsaslandırmağa" çalışsalar da, bu iddialar qətiyyən ciddi səslənmir. Zəngin dövlətçilik təcrübəsinə, iqtisadi, siyasi və hərbi potensiala malik Türkiyə bir çox məqamlarda milli maraqlarını müdafiə etmək, müstəqil siyasət yeritmək niyyətində olduğunu sübuta yetirmişdir. Digər tərəfdən, Türkiyənin BMT, İKT, Avropa Şurası kimi təşkilatlar tərəfindən təcavüzkar dövlət kimi tanınan Ermənistanla sərhədləri açmamaq üçün kifayət qədər hüquqi və siyasi əsasları mövcuddur. Rəsmi Ankaranın kənar təsir altında Azərbaycanın milli maraqlarına zidd addım atması isə iki ölkə arasında uzun illər ərzində formalaşmış strateji müttəfiqlik münasibətlərində müəyyən çatların yaranması demək olar.

Siyasətdə nə qədər ekstremal situasiyalar olsa belə, müəyyən mənəvi-əxlaqi normalar, qüdsal dəyərlər, milli maraqlar sonda sözünü deməlidir. Azərbaycan hələ 90-cı illərin ortalarında - dövlət kimi o qədər də güclü olmadığı vaxtlarda kənar təsir altında Türkiyənin maraqlarına toxunan heç bir addım atmayıb. Ulu öndər Heydər Əliyev bəzi qonşu dövlətlərin təzyiqlərinə, təhdidlərinə rəğmən, Xəzər neftini Avropa bazarlarına çıxaracaq əsas ixrac boru kəmərinin Türkiyə ərazisindən keçməsi məsələsində əvvəldən axıradək qətiyyətli, israrlı olub. Türkiyənin regionda geostrateji mövqeyini gücləndirən, ona iqtisadi dividendlər qazandıran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri də məhz Heydər Əliyevin qətiyyəti, əzmkarlığı, verdiyi vədə sadiqliyi, kişi sözü sayəsində gerçəkləşib.

Türkiyə ilə yaxınlaşma siyasətini son 7 ildə əzmlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Ankaranın maraqlarını bütün məsələlərdə nəzərə almış, strateji müttəfiqlik münasibətlərinin inkişafına çalışıb. Rəsmi Bakı yalnız 2010-cu ildə qondarma "erməni soyqırımı"nın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınmasına, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini qətiyyətlə, birmənalı müdafiə edib!

Ümid etmək olar ki, yayılan məlumatlara rəğmən, rəsmi Ankara NATO təlimlərinə görə Ermənistanla sərhədləri "istisna hal kimi müvəqqəti açmaq" fikrindən uzaq olacaq! Hər halda, "NATO-nun təlimlərində istifadə ediləcək avadanlıqların" Ermənistana daşınması üçün başqa alternativlər də mövcuddur!

Ermənistanla sərhədlərin açılmasının regiona xeyirdən çox ziyan gətirəcəyini xüsusi vurğulamağa isə ehtiyac yoxdur! Söhbət ondan gedir ki, sərhədlərin açılmasından udan Türkiyə və Azərbaycan yox, iki ölkə arasındakı müttəfiqlik münasibətlərindən daim narahatlıq keçirən, sülh və əməkdaşlıq təşəbbüslərində səmimi mövqe tutmayan Ermənistan olacaq. Bu isə nə Azərbaycan, nə də Türkiyə xalqının mənafeyinə uyğundur!

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 22 avqust.- S. 1, 2.