Parlament seçkilərinin qanunvericilik əsasları

 

Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını xalqın iradəsi təşkil edir. Xalqın iradəsi isə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən azad seçkilərdə öz təzahürünü tapır. Azərbaycan dövləti öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.

Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətinə keçirilən seçkilərin əsasları Konstitusiyamızın 83-cü maddəsində öz əksini tapmışdır. Həmin maddədə deyilir ki, Azərbaycan Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Qanunvericilik hakimiyyətinin formalaşmasıyla bağlı seçkilərin müntəzəm keçirilməsi isə Konstitusiyanın 84-cü maddəsində nəzərdə tutulub. Həmin maddənin tələbinə əsasən Azərbaycan Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyanın 84-cü maddəsinin 11-ci hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir. Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycanın yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər. Həmin maddənin II bəndinə əsasən isə "İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər".

Seçki Məcəlləsinin (SM) tələbinə əsasən parlament seçkilərini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) təşkil edir və yekunlaşdırır. Seçkilərin nəticələrinin düzgünlüyünü isə qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Parlament seçkilərinə namizədlər birmandatlı seçki dairələri üzrə irəli sürülürlər. Namizədlər seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan vətəndaşları, namizədin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülürlər. SM-in 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən o şərtlə irəli sürülə bilər ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.

SM-in 54-cü maddəsinə əsasən siyasi partiya və siyasi partiyaların bloku tərəfindən namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd isə bloka daxil olan hər bir partiya tərəfindən təsdiq edilir. Namizədlərin irəli sürülməsinədək DSK-nın yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, onun razılıq ərizəsi və digər sənədlər MSK-ya göndərilir. MSK qeyd olunan sənədləri DSK-nın təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.

Milli Məclisə seçkilər zamanı namizədlərin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bu zaman bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər. Namizədlər SM-in 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar. Maddənin tələbinə əsasən, müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizədi irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməlidir. Qeydiyyatdan imtina olunubsa, bunun əsasları göstərilməlidir.

SM-in 57-ci maddəsinə müvafiq olaraq namizədin müdafiəsi üçün imza toplanmasında dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. Namizədin müdafiəsi üçün seçici imzaları qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi yerlərdə toplana bilər.

SM-in 58-ci maddəsinə uyğun olaraq irəli sürülmüş namizədin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi toplanmış sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir. İmza vərəqələrinin, imzaların toplanması zamanı SM-in 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün sənədləşdirilməməsi, qanunla müəyyən edilmiş sənədlərin olmaması və məlumatların düzgün olmaması imtina üçün əsas ola bilər.

Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsü ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması SM-in 53.6-cı maddəsində göstərilən qərarın - namizədliyin irəli sürülməsinin qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması SM-in 54.9-cu maddəsinə əsasən irəli sürülmüş namizədin təsdiq olunması barədə qərarın qəbul edilməsi günündən başlanır.

Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizəd ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl CM-in nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.

SM-in 148-ci maddəsinə əsasən bir şəxsin namizədliyi bir neçə dairədən irəli sürülərsə, namizədin əvvəlki birinci qeydiyyatı etibarlı sayılır. Qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq seçki komissiyasının qərarı ilə ləğv edilir. Bu qərar qeydə alınmış keçmiş namizəd əvvəlki qeydiyyatdan imtina haqqında ərizə vermədikdə verilir.

Qeydə alınmış namizədlərin fəaliyyəti SM-in 69-71-ci maddələri ilə tənzimlənir. Qeydə alınmış bütün namizədlər onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar. Seçki Məcəlləsinin 69.2-ci maddəsinə əsasən dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülkü hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir). Müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surəti qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edilməlidir.

SM-in tələbinə əsasən, qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi orqanın, təşkilatın müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. Bu halda müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əməkhaqqının 20 mislindən çox olmayan haqq ödəməlidir.

Həmçinin qeydə alınmış namizədə bu məcəllə ilə müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Namizəd qeydə alındığı gündən seçkilərin nəticələri elan edilənədək, dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə keçirilə bilməz, ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz.

SM-in 70.4-cü maddəsinə əsasən qeydə alınmış namizəd, namizədlik müddətində müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə, tutula və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Namizəd cinayət başında yaxalanarsa, tutula bilər.

SM-in tələbinə əsasən, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd isə müvafiq seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər. Bundan başqa, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ var. Qeyd olunan vəkil edilmiş şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınırlar.

Qeyd olunan maddənin tələbinə əsasən, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunda vəkil edilmiş şəxs təyin etmək hüququ var. Vəkil edilmiş şəxslər onların təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyası partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində qeydə alınırlar.

Milli Məclisə seçkilər zamanı irəli sürülmüş namizəd SM-in 73.1 maddəsinin tələbinə uyğun olaraq müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

Müvafiq seçki komissiyasında namizədliyi qeydə alınmış şəxs səsvermə gününə azı 10 gün qalmış yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Müvafiq seçki komissiyaları namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir.

Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etmək istəməyən siyasi partiya SM ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər. Siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqdan sonra bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəqəmləri saxlanılmaqla, siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi, ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda SM-ə uyğun olaraq namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Konstitusiyanın 47-ci maddəsinin tələbinə və SM-ə uyğun olaraq səsverməyə 23 gün qalmış deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloku seçkiqabağı təbliğat və təşviqat fəaliyyətinə başlayır. Səsvermə gününə 24 saat qalmış təbliğat və təşviqat kampaniyası dayandırılır. Səsvermə gününə 24 saat qalmış və səsvermə günü təşviqat və təbliğat aparılması qadağandır.

Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri ilə, kütləvi tədbirlərin (yığıncaqlar, və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) formada keçirilməsi yolu ilə, cap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu və qanunla qadağan edilməyən digər üsullarla aparılır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 oktyabr 2005-ci il tarixli, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamına və Seçki Məcəlləsinin 11.1 maddəsinin tələbinə uyğun olaraq seçkilərin gedişinə qanunsuz müdaxilə etmək qadağandır.

Vətəndaşların seçkilərdə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, namizədin lehinə imza atmağa məcbur etmə, seçki komissiyalarının işinə qanunsuz müdaxilə, seçki sənədlərinin saxtalaşdırılması, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin gizliliyinin pozulması, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması CM-də nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Milli Məclisə seçkilər zamanı səsvermə SM-in 104-cü və 105-ci maddələrinə uyğun həyata keçirilir. Seçici birmandatlı seçki dairəsi üzrə seçki bülletenlərində səs verəcəyi namizədin soyadından sağdakı kvadrata işarə qoyur. Birdən çox boş kvadrata işarə qoyulduqda, səs etibarsız sayılır.

Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları SM-in 40.2 və 40.4 maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur. Protokolun 1-ci nüsxəsi seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayəti ilə DSK-ya göndərilir.

DSK-da səslərin hesablanması SM-in 107-ci maddəsinə uyğun aparılır və səsvermə günündən ən geci 2 gün keçənədək DSK seçkilərin yekunlarını müəyyən edir. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd deputat seçilmiş hesab edilir.

SM-nin 171.2-ci maddəsinə uyğun olaraq, MSK DSK-lardan daxil olmuş protokolları səsvermə günündən ən geci 20 gün keçənədək yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi seçkilərə dair sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin SM-ə uyğunluğunu yoxlayır, DSK-ların protokolları SM-in tələblərinə cavab verdikdə seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin qərarı qətidir.

SM-in tələbinə əsasən, DSK seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni MSK-ya təqdim edirlər.

Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə MSK onu deputat kimi qeydə alır və həmin şəxsə deputat vəsiqəsi verir. Nəhayət, MSK seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirərək cədvəl şəklində dərc edir və həmin məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir.

 

 

Nizami NADİROV,

Azərbaycan Respublikası

Mərkəzi Seçki

Komissiyasının üzvü

 

Azərbaycan.- 2010.- 22 avqust.- S. 3.