Azərbaycan iqtisadi
inkişaf sürətinə görə
yenə də liderliyini qoruyub
saxlayır
Azərbaycanda yeni dövrün gerçəklikləri nəzərə alınmaqla həyata keçirilən uğurlu iqtisadi strategiya respublikamızı analoqu olmayan inkişaf mərhələsinə gətirib çıxarmışdır. Son 7 ildə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi müsbət nəticələrlə müşahidə olunmaqdadır. Ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.
Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin prioritet istiqamətləridir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Respublikada son 7 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması da reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir.
Ötən müddətdə dövlət başçısı xalq qarşısında verdiyi hər bir vədi gerçəkliyə çevirmiş və bunun üçün ardıcıl, məqsədyönlü, uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə xalqın mənafeyini əsas götürmüşdür. Bu siyasətin əsas qayəsində məhz insan və şəxsiyyət amili dayanmışdır. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deməklə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı Nazirlər Kabinetinin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Hökumətin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunları ilə bağlı keçirilmiş iclası göstərdi ki, dünya ölkələri qlobal böhranın mənfi təsirlərindən hələ tam qurtula bilmədiyi halda, Azərbaycan dinamik və ardıcıl inkişafını davam etdirmişdir.
Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ında qarşyıa qoyulan vəzifələrin uğurla gerçəkləşdirilməsi nəticəsində bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. Bu, iş adamlarının fəaliyyətlərinin genişləndirilməsinə də yaxşı imkanlar açmışdır. Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkə iqtisadiyyatına daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına nail olmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, hazırda Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar investisiya qoyulmuşdur və bunun da 7,3 milyardı, yaxud 67 faizi daxili sərmayədir. Bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə bu, kifayət qədər qənaətbəxş göstəricidir.
Biznes mühitinin liberallaşdırılmasına xidmət edən bu tədbirlər respublikamızın beynəlxalq miqyasda investisiyalara açıq ölkə imicini gücləndirir, qeyri-neft sektoruna marağı artırır. 2008-ci ildə Dünya Bankının Azərbaycanı bir nömrəli "İslahatçı ölkə" elan etməsi, 2009-cu ildə Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə bütün MDB ölkələrindən irəli - dünyada 51-ci hesab etməsi də məhz əlverişli biznes mühitinin nəticəsidir.
Azərbaycanda iqtisadi və sosial məsələlərin həlli istiqamətində həyata keçirilən genişmiqyaslı işlər öz müsbət nəticələrini verməkdədir. Cari ilin 7 ayında əldə olunan iqtisadi nəticələrə nəzər yetirdikdə, bu inkişafı bir daha aydın görmək mümükündür. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin birinci yarısında ölkəmiz dünyanın 130 ölkəsi ilə ticarət əməliyyatı aparmışdır. Ticarət əlaqələrinin 77,9 faizi ixracın, 22,1 faizi idxalın hesabına formalaşmış, nəticədə 7343,7 milyon dollarlıq müsbət saldo yaranmışdır. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 53,4 faiz, o cümlədən ixrac 1,8 dəfə, idxal 5,2 faiz artmışdır. İdxal-ixrac əməliyyatlarında İtaliya, İsrail, Fransa, Rusiya, ABŞ, Ukrayna, İndoneziya, Çin, Malayziya, Türkiyə əsas ticarət tərəfdaşlarımız olmuşdur.
Xarici ticarət dövriyyəsinin 85,3 faizi, o cümlədən ixracın 90,2 faizi, idxalın 68,1 faizi uzaq xarici dövlətlərin payına düşmüşdür. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ölkələrlə ticarət əlaqələrinin həcmi faktiki qiymətlərlə 58,1 faiz, o cümlədən ixrac 1,7 dəfə, idxal olunan malların həcmi isə 2,4 faiz artmışdır. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrinin 82,4 faizini ixrac, 17,6 faizini idxal təşkil etmiş və 7265,1 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 3,4 milyard dollar həcmində xarici sərmayə qoyulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz çoxdur. Sərmayələrin 43,5 faizi iqtisadiyyata birbaşa investisiyalar, 43,2 faizi isə maliyyə kreditləri şəklində daxil olmuşdur.
Cari ilin 7 ayında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 13,6 milyard manata çatmışdır. Bu müddət ərzində əhalinin hər nəfərinə orta hesabla əvvəlki ilin eyni dövründəkindən 8 faiz çox gəlir düşmüşüdr.
Gəlirlərin 70,2 faizi son istehlaka, 9,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 18,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,3 milyard manatlıq və ya ötən ildəkindən 9,9 faiz çox vəsait qalmışıdır.
Ölkəmizdə iqtisadi sahədə əldə edilən yüksək nailiyyətlər vətəndaşların sosial rifah halının da adekvat olaraq yüksəlməsinə müsbət təsir göstərir. Azərbaycanın yaşayış üçün dünyanın ən yaxşı ölkələri sırasında yer alması artıq dünya miqyasında da etiraf edilməkdədir. ABŞ-ın məşhur "Newsweek" ictimai-siyasi jurnalı tərəfindən tərtib edilən "Dünyanın ən yaxşı 100 ölkəsi" ilə bağlı reytinq cədvəlində Azərbaycanın da yer alması deyilənləri bir daha təsdiqləyir. Azərbaycan reytinq cədvəlində İran, Venesuela, Misir, Hindistan və digər ölkələri qabaqlayıb. Adı çəkilən jurnal 100 ölkəni 5 kateqoriyaya - səhiyyə, iqtisadi inkişafın dinamikası, təhsil, siyasi sabitlik və həyat səviyyəsi üzrə müqayisə edib. Azərbaycan ən yüksək qiyməti iqtisadi inkişafın dinamikasına görə alıb. Xatırladaq ki, ölkəmizin iqtisadi inkişafı ilə bağlı, bundan bir müddət əvvəl də müxtəlif təşkilat və institutlar, ekspertlər tərəfindən açıqlanan hesabatlarda, proqnozlarda da Azərbaycan daim yüksək səviyyədə qiymətləndirilib.
"Newsweek" jurnalının həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Jurnalın açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Müqayisə üçün bildirək ki, bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir.
Göründüyü kimi, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi yüksək nəticələr beynləxalq miqyasda da müsbət qiymətləndirilməkdədir. Xarici ekspertlər ölkəmizdə iqtisadi inkişaf dinamikasının qarşıdakı illərdə də qorunub saxlanılacağını proqnozlaşdırırlar. İqtisadiyyatda əldə olunan nailiyyətlər deməyə əsas verir ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası düzgün müəyyənləşdirilib və qısa müddətdə daha da böyük nəticələr əldə olunacaqdır.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 24 avqust.- S. 1.