Türkiyə-Ermənistan sərhədinin müvəqqəti də olsa açılması Azərbaycanın və Türkiyənin milli maraqlarına ziddir

 

Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyi haqqında yenidən yayılan məlumatlar həm Azərbaycanda, həm də Türkiyədə narahatlıqla qarşılanır.

 

Bu dəfə söhbətin sərhədlərin NATO hərbi təlimləri çərçivəsində müvəqqəti açılmasından getməsinə baxmayaraq, ortada sərhədlərin birdəfəlik açılmasına aparan siyasi məkrin olmamasına zəmanət yoxdur! Düzdür, Türkiyə PrezidentiBaş naziri dəfələrlə bəyan ediblər ki, Azərbaycan torpaqları işğaldan azad edilməyincə, ermənilər qondarma soyqırımı və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyincə Ermənistanla sərhədlər açılmayacaq. Amma sərhədlərin müvəqqəti də olsa açılması baş verərsə, bunun Azərbaycanın və eləcə də Türkiyənin milli maraqlarına zidd presedentlərə səbəb olacağı qaçılmazdır. Çünki bu gün sərhədlər NATO təlimləri çərçivəsində açılarsa, sabah başqa bir beynəlxalq təşkilatın Türkiyəyə Ermənistanla sərhədləri açmağı da nəzərdə tutulan layihə təqdim edəcəyi tamamilə mümkündür.

Məsələ ilə əlaqədar politoloqların fikirlərini öyrəndik. Milli Məclisin deputatı Zahid Orucun fikrincə, NATO təlimi çərçivəsində Türkiyə-Ermənistan sərhədinin müvəqqəti açılmasında məqsəd sərhəd açılımı tərəfdarlarının mövqeyini gücləndirməkdir:

- Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi gündəmə çıxan ilk günlərdən bəri Azərbaycanda cəmiyyətin bütün təbəqələrindən etirazların eşidilməsi başadüşüləndir. Biz, Sürix protokollarının hazırlanmasına qədər keçilən yolu və sərhədin açılmasının reallaşması üçün Azərbaycana edilən təzyiqləri unutmamışıq. Xatırlayırsınızsa, Sürixə gələn yol gizli görüşlər və danışıqlardan keçmişdi. Bütün bu əməliyyatlarda Azərbaycan kənarda həm də təkcə ona görə saxlanmamışdı ki, bilavasitə aidiyyəti yoxdur. Həm də mahiyyət etibarilə planın əsas hədəflərindən biri Azərbaycandan keçən, əslində təcavüzü tanıyan, onu qanuniləşdirən və yaxud yerində saxlayan bir geosiyasət formalaşdırmaq istəyi idi. Eyni zamanda mahiyyətcə bu, həm də Ermənistanı Türkiyənin əleyhinə gücləndirmək siyasəti idi.

Azərbaycanda və Türkiyədə buna qarşı etirazlar elə ilk gündən son dərəcə sərt oldu. Azərbaycanda cəmiyyətin bütün təbəqələri açıq şəkildə bildirdilər ki, Türkiyə tərəfi siyasi, dostluq və qardaşlıq münasibətlərimizin ümumi ruhuna uyğun olaraq elə addımlar atmalıdırlar ki, bu, bizim milli maraqlara zərbə vurmasın! O dövr bunlar nəticə verdi.

Lakin bundan sonra da biz bilirdik ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını reallaşdırmaq üçün beynəlxalq təşkilatların çevrələrində fəaliyyət göstərən beyin mərkəzlərində müxtəlif variantlar üzərində düşünülür. İndi Ermənistanın bir neçə ay öncə imtina etdiyi protokollar NATO-nun təlim əməliyyatı şəklində yenidən zühur edir. Əməliyyatın mahiyyəti elədir ki, müxtəlif avadanlıqlar Türkiyədən Ermənistana gətirilməlidir.

NATO-nun indiyə qədər keçirdiyi təlimlərdə heç vaxt sərhədləri keçmək əməliyyatı olmayıb. Nədən məhz protokollar ortadan götürüləndən sonra Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasını da əhatə edən belə bir əməliyyat ortaya çıxır?

İlk baxışdan ortada hər hansı avadanlıqları keçirmək üçün bir-iki günlük sərhəd açılımı əməliyyatı var. Bu zaman məntiq budur ki, Azərbaycan buna niyə etiraz etməlidir? Əslində isə məsələnin mahiyyəti cəmiyyətin rəyini hazırlamaq və etiraz edənlərə göstərməkdir ki, baxın, görürsünüz, sərhəd açılanda heçbaş vermir. Beləliklə, məqsəd sərhəd açılımına etiraz edənlərin düşüncələrini aşağılayıb, sərhəd açılımı tərəfdarlarının mövqeyini gücləndirmək, eyni zamanda Ermənistanı NATO tədbirlərinə qoşmaqla Qərbin regionda Rusiyanın əleyhinə hərbi siyasi imkanlarını artırmaqdır.

Azərbaycanın bu məsələyə etirazı təkcə Türkiyəyə yox, həm də beynəlxalq təşkilatlara da olmalıdır. Sərhəd açılımının bir günlükbaş verməsi Ermənistana güzəştdən başqa bir şey deyil! Bundan sonra başqa təşkilatların vasitəsilə sərhədlərin bu cür açılması məsələləri gündəmə gətiriləcək. Biz buna etiraz etməklə bir daha regiondakı münasibətlərə həssaslığımızı nümayiş etdiririk, status-kvonun Azərbaycanın əleyhinə dəyişilməsinin yolverilməzliyini vurğulamış oluruq. Əminəm ki, Türkiyə tərəfi də bunun fərqindədir.

Siyasi İnnovasiyaTexnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun qənaətincə, Türkiyənin Qafqaz regionu ilə, xüsusən Ermənistanla bağlı bütün məsələlərdə Azərbaycanla məsləhətləşməsi çox faydalı olardı:

- Əslində, hadisələrin indiki gedişində Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsini yenidən gündəliyə gətirməsi ən azı qeyri-ciddilikdir. Bu, həm də Türkiyənin Ermənistan kimi düşmənə münasibətdə vahid konsepsiyasının olmaması deməkdir. Bu gün NATO texnikasının keçməsi üçün sərhədin açılması gələcəkdə buna oxşar hadisələrə gətirib çıxara bilər. Məsələn, NATO təlimlərindən təxminən bir həftə sonra Türkiyədə Axtamar kilsəsinin açılışı olacaq. Yayılan məlumatlara görə, bu kilsənin açılışında 6 min erməni iştirak edəcək. Türkiyə NATO-nun sözü ilə sərhədlərin açılmasında güzəştə getsə, sabah ermənilər özləri və yaxud onların Avropadakı havadarları deyə bilərlər ki, ermənilərin Axtamar kilsəsinin açılışında iştirakını təmin etmək üçün sərhədlər açılsın. Birisi gün deyə bilərlər ki, Avropa İttifaqı Türkiyə və erməni gəncləri və yaxud qeyri-hökumət təşkilatları ilə bağlı hər hansı bir tədbir keçirəcək və bunun üçün sərhədlər açılsın. Faktiki bir dəfə açılmaqla hesab etmək olar ki, Türkiyə-Ermənistan sərhədi daimi açıq vəziyyətdə qalacaq.

Bütün bu proseslər Ermənistanda vaxtilə Osmanlı imperiyasına qarşı vuruşmuş rus əsgərlərinin xatirəsinə abidənin ucaldıldığı vaxtda baş verir. Belə ki, bu abidədə əsas element Türkiyənin bayrağının qartalın caynağında olmasıdır.

Türkiyə Qafqaz regionu ilə, xüsusən Ermənistanla bağlı bütün məsələlərdə Azərbaycanla məsləhətləşməsi çox faydalı olardı. İki ölkə arasında ortaq fəaliyyət qrupu var. Bu qrup təkcə iqtisadi deyil, digər məsələləri də müzakirə etməlidir. Mən elə başa düşürəm ki, ən yaxşısı Türkiyə Azərbaycanla birlikdə Ermənistana, xüsusən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı vahid mövqe ortaya qoymalıdır.

Bu cür məsələlər Ermənistanın danışıqlar prosesindəkı qeyri-konstruktivliyinin daha da artmasına gətirib çıxarır. Sərhədlərin açılması o deməkdir ki, Ermənistan yeni havadarlar tapır.

Politoloq Rasim Musabəyov isə bu məsələdə daha çox Ermənistanın narahatlıq keçirməli olduğunu düşünür:

- Mən bu məsələni dramatikləşdirməzdim. Türkiyə-Ermənistan sərhədlərinin açılması daha çox Ermənistan ictimaiyyətini narahat etməlidir. Ona görə ki, Ermənistana NATO bayrağı altında Türkiyə hərbçiləri daxil olacaqlar. Bu məsələ Rusiyanı da narahat etməlidir. Təbii ki, biz vəziyyəti diqqətlə izləməliyik və müəyyən narahatçılığımızı Türkiyə rəhbərliyinə çatdırmalıyıq.

Hər bir halda Türkiyə rəhbərliyi bu məsələdə irəli getmək niyyətində olsa, Türkiyə ictimaiyyəti ilə hesablaşmalı və Azərbaycan cəmiyyəti qarşısında verdiyi vədlərə əməl etməlidir.

 

 

Hazırladı,

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 24 avqust.- S. 1, 3.