Milli maraqlara söykənən xoşməramlı missiya

 

Heydər Əliyev Fondu 6 illik fəaliyyəti ilə cəmiyyətin yüksək inam və etimadını qazanmışdır

 

XX əsrin sonlarından etibarən geniş vüsət alan qloballaşma prosesləri yeni dünya nizamının formalaşması ilə nəticələnir: son onilliklərdə dövlətlər arasında sərhədlər sürətlə aradan qalxır, iqtisadi inteqrasiya prosesləri dərinləşir, transmilli şirkətlərin beynəlxalq siyasi münasibətlər sistemində rolu güclənir. Bütün bunların nəticəsi olaraq dünya dövlətlərinin bir-birindən siyasi, sosial-iqtisadi, mədəni və informasiya asılılığı da dərinləşir. Bu proseslər müsbət tərəfləri ilə yanaşı, müəyyən neqativ təhdidlərə də yol açır. Söhbət Şərq sivilizasiyası üçün yad olan, ayrı-ayrı kiçik xalqların əsrlər boyu formalaşmış ənənələrini aşınmaya məruz qoyan bəzi Qərb "dəyərləri"nin mütərəqqi planda təbliğ edilməsi cəhdlərindən gedir.

Belə şəraitdə Azərbaycan xalqının da milli "mən"inin, mənəvi dəyərlərinin, eləcə də cəmiyyətdə ədalət və insanpərvərlik kimi meyarların qorunub saxlanılması məsələsi aktual problem kimi özünü göstərir. Bu aktuallıq ilk növbədə onunla şərtlənir ki, fərqli mədəniyyətlərin dialoqu, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiyakommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükə yaradır.

2004-cü ildə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fondu da Azərbaycan xalqının düşüncə sistemində əlahiddə yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə istinad etmiş, cəmiyyətin mənəvi saflaşmasına hesablanmış addımları ilə insanların dərin rəğbətini qazanmışdır. Fond ötən 6 ildə milli mədəniyyətin dünya miqyasında geniş təbliği və qorunması, nəcib mənəvi dəyərlərin ictimai şüurda möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, elm, təhsil, səhiyyə sahəsində problemlərin həlli məqsədinə xidmət edən çoxsaylı layihələr hazırlayaraq uğurla həyata keçirmişdir.

İctimai həyatın həssas qütblərini əhatə edən, cəmiyyətə böyük fayda verən bu xoşməramlı missiya təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yüksək dəyərləndirilir, layiqli qiymətini alır. 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, habelə "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni, 2010-cu ildə isə Fransanın "Fəxri Legion" ordeni, yenə də YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif edilən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Azərbaycanın birinci xanımının 2009-cu ilin mayında dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir. Heydər Əliyev Fondunun prezidenti əzmkar fəaliyyəti ilə belə bir yüksək mükafata layiq olduğunu sübuta yetirmişdir.

 

Milli-mənəvi dəyərlərə həssas münasibət

 

Milli maraq və mənafelərə yüksək sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu xalqın milli varlığının, özünəməxsusluğunun ifadəsi olan zəngin mənəvi irsi, dəyərlər sistemini, mədəni-intellektual mülkiyyəti yad təsirlərdən qorumaq kimi çətin missiyanın öhdəsindən inamla gəlir. Bunu da əminliklə demək olar ki, Azərbaycan mədəniyyəti son illərdə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hamixilaskar tapmışdır. Azərbaycanın birinci xanımı haqlı olaraq bildirir ki, Azərbaycan xalqının milli mədəniyyətinin yad təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha da möhkəmlənməsinə çalışmaq lazımdır.

Heydər Əliyev Fondunun prezidentinin milli mədəniyyətin dünya miqyasında təbliği və qorunması naminə həyata keçirdiyi nəcib missiya əsla, son illərlə məhdudlaşmır. Xatırlatmaq lazımdır ki, hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu yaratmış Mehriban xanım Əliyeva hələ o dövrdən məhz bu missiyanı qarşıya qoymuş, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin inkişafına layiqli töhfəsini vermişdir. Qədim ənənələrə xas Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, eləcə də dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildə "Azərbaycan-İrs" jurnalının təsis edilməsi də xüsusi xatırlanmalıdır. Azərbaycan, rusingilis dillərində işıq üzü görən jurnalda son 14 ildə milli mədəniyyətin, adət-ənənələrin, mütərəqqi dəyərlərin gənc nəslə çatdırılmasına və dünya miqyasında təbliğinə xidmət edən məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə də böyük dəstək olmuşdur.

Heydər Əliyev Fondu da ötən 6 ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu ilə birgə xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi, intellektual irsin qorunması məqsədinə hesablanan müxtəlif layihələr həyata keçirmişdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsi məhz bu əzmkar fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanmasıdır. YUNESKO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir. Albomun təqdimat mərasimində çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, Qarabağ muğam məktəbinin də aparıcı muğam məktəblərindən sayıldığını diqqətə çatdırmışdır: "Balaca muğam ifaçılarını, adətən, Qarabağ bülbülləri adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Bülbül kimi böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir".

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2005, 2007 və 2009-cu illərdə keçirilən və Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də Azərbaycanın milli sərvəti olan muğamın təbliğinə layiqli töhfə olmuşdur. Bakıda - dənizkənarı bulvar ərazisində Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi də fondun qlobal mədəniyyət layihələri sırasında mühüm yer tutur. 2005-ci il avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun sabiq baş direktoru Koişirio Matsuuranın iştirakı ilə əsası qoyulan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ilin dekabr ayında təntənəli açılış mərasimi olmuşdur. Fond regionlarda muğam mərkəzlərinin yaradılmasına da ciddi dəstək verir - 2008-ci ilin sentyabrında fondun təşəbbüsü əsasında Ağcabədidə Qarabağ Müğam Mərkəzi inşa olunmuşdur.

Fondun mədəniyyət sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşasıdır. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun sabiq baş direktoru Koişirio Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm NazirliyininYUNESKO-nun dəstəyi ilə inşa olunur.

2009-cu ilin martında fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Burada həmçinin Azərbaycan xalq rəssamlarının əsərləri, rəngkar və heykəltəraşların işləri də sərgilənir. Qərbi Avropa incəsənəti salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri nümayiş olunur.

Heydər Əliyev Fondu Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atmışdır. YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, Gəncə şəhərindəki Cavadxan türbəsinin, "Comərdi Qəssab" məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahının, Abdulla Şaiqin ev muzeyinin əsaslı təmiri buna əyani sübutdur. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da fondun mədəniyyət sahəsindəki fəaliyyətinin real miqyası barədə aydın təsəvvür formalaşdırır.

"İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir" - deyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində əzmlə çalışır.

Bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş İkinci Qəbələ Beynəlxalq musiqi festivalının yaratdığı xoş təəssüratlar isə iştirakçıların və tamaşaçıların yaddaşından silinmir. Zəngin və rəngarəng proqramlı festivalın başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, onun uğurlu yekunları dünya mətbuatında aktuallığını qoruyub saxlayır. Beynəlxalq musiqi festivalında YUNESKO-nun yeni baş direktoru İrina Bokovanın iştirakı isə respublikanın təşkilatla münasibətlərinin yüksək səviyyədə qurulduğunu bir daha təsdiqləyir.

 

Humanist idealların tərənnümçüsü

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən əsas ortaq xətt yüksək humanizm və insanpərvərlikdir. Azərbaycanın birinci xanımı informasiya texnologiyalarının sürətli inkişafı dövründə mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Azərbaycan cəmiyyəti onun vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən xeyirxah əməllərin nə qədər vacib olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışırlar.

Humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün həm də kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi və mənəvi hamisi rolunda çıxış edir. Fond insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin möhkəmlənməsinə çalışır. "Bu gün biz müasir texnikaqloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuşlaşması, onların saxta ideallarla əvəz edilməsidir" - deyən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva insanları səmimi birlik və həmrəyliyə, xeyirxahlığa çağırır.

Hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən biri də vətəndaş cəmiyyəti institutlarının - qeyri-hökumət təşkilatlarının ictimai münasibətlər sistemində fəal iştirak imkanlarının təmin edilməsidir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, ölkənin ümumi inkişafı ilə bağlı məsələlərin həllini yalnız dövlətdən gözləmək və məsuliyyəti hakimiyyət strukturlarının üzərinə qoymaq obyektiv yanaşma deyildir. Cəmiyyət üçün taleyüklü müəyyən məsələlərin həllində qeyri-hökumət təşkilatları, nüfuzlu, tanınmış insanlar da fəal mövqe tutmalıdır. Bu baxımdan YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxahlıq ruhunda köklənmiş çoxşaxəli fəaliyyəti cəmiyyət üçün əsl örnək sayıla bilər. Fondun prezidenti yardım istəyilə ona üz tutmuş insanların himayədarı, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. Heydər Əliyev Fonduna müraciət edən hər bir vətəndaşa həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun qayğılarının həllinə yardım göstərilir. Bu həm də fondun insan hüquq və azadlıqlarının müdafiəsində layiqincə dayanan ictimai təşkilat olduğunu göstərir.

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti səhiyyə sahəsində həyata keçirilən layihələrdə bir daha parlaq təcəssümünü tapır. Bu layihələr 2004-2010-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. Bu baxımdan "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə daha böyük razılıq və rəğbətlə qarşılanmışdır. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində isə bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, əhalinin maarifləndirilməsi, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi, ölkədə yüksək ixtisaslı kadrların hazırlanması tədbirləri həyata keçirilmişdir. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da istifadəyə verilməsi də ulu öndərin xatirəsinə əvəzsiz töhfə olmuşdur. 2010-cu il avqustun 13-də Bakı Biznes Mərkəzində Heydər Əliyev FonduUNİCEF-in birgə təşkilatçılığı ilə anemiyatalassemiya üzrə "dəyirmi masa" keçirilmiş, bu sahədə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Tədbirdə çıxış edən UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən səhiyyə layihələrini yüksək qiymətləndirmişdir.

Ötən illərdə fondun xəttilə Bakının Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və zəruri avadanlıqlarla təchiz olunmuşdur. Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Eləcə də Fransanın "Servye" şirkəti tərəfindən fonda verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Fond uşaqların müayinə və müalicəsi üçün geniş mərkəzin zəruriliyini nəzərə alaraq 2009-cu ildə Bakı şəhərində psixo-nevroloji uşaq mərkəzinin inşasını da təmin etmişdir. Ümumiyyətlə, Heydər Əliyev Fondu səhiyyə məsələləri ilə bağlı hər bir müraciəti diqqətlə araşdırır, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurur.

 

"Təhsil hamı üçün"

 

Qloballaşan dünyada hər bir dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi təhsilin mövcud durumu ilə şərtlənir. Bu baxımdan Azərbaycanda elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da xidmətləri xüsusi vurğulanmalıdır. Təhsil spesifik sahə olduğu üçün buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək düzgün deyil, bu prosesdə ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Fondun xeyriyyəcilik fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması bu mənada təsadüfi deyildir.

Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq da qeyri-mümkündür. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, sonrakı mərhələdə isə 100-dən artıq yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransın keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir.

Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan ciddi əhəmiyyətə malikdir. Bu sazişin nəticəsi olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiyakommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Azərbaycanda 320 min əlil insan yaşayır, onlardan 40 mini isə kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitələrilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına, ümumən yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.

Ümummilli lider Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik mənbəyidir" kəlamını fəaliyyətində əsas götürən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən birimövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır.

 

Regionların inkişafına layiqli töhfə

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 2005-ci ildən Milli Məclisin deputatı kimi seçicilərini qayğılandıran problemlərin həllində yaxından iştirak edir, ona ünvanlanan bütün müraciətlərə həssaslıqla yanaşır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Əzizbəyov (Xəzər) Rayonunun İnkişaf Fondu"nun yaradılması və Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlaması da rayonun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

2004-2010-cu illərdə fondun xəttilə rayonun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrində yollar çəkilmiş, habelə onların su təchizatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Fondun maliyyə vəsaiti hesabına dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılmışdır. Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxanada yenidənqurma işləri aparılmış, Pirhəsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər başa çatmışdır. 2010-cu il iyulun 7-də isə Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olmuşdur.

Fondun prezidenti Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsinə, eyni zamanda, paytaxt rayonlarına xüsusi diqqət və qayğı ilə yanaşır, sosial infrastrukturun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə töhfəsini verir. Regional inkişafa xidmət edən sosial layihələr sırasında Qaradağ rayonu Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 16 mənzilli yaşayış binasının inşasını, istilik sistemi, ev əşyaları və zəruri avadanlıqla təmin edilməsini xüsusi qeyd etmək lazımdır.

Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son illərdə beynəlxalq ictimaiyyətə ünvanlanan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə - qanlı soyqırımının 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, dəlil-sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

 

Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək ilk növbədə, Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi, dini dəyərlərdən irəli gəlir. Cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir. Şübhə yoxdur ki, fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirərək milli intibah prosesinə öz töhfəsini verəcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2010.-24  avqust.- S. 2.