Heydər Əliyev Fondunun
dəstəyi ilə Azərbaycanda şəkərli diabetli uşaqlar üçün növbəti psixo-sosial
reabilitasiya yay məktəbi
təşkil olunmuşdur
Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci ildir ki, Azərbaycanda şəkərli diabetli uşaqlar üçün analoqu olmayan psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur.
Fonddan AzərTAc-a bildirmişlər ki, bu məqsədlə Gəncə şəhərində 15 gün fəaliyyət göstərəcək yay düşərgəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də məcburi köçkün və qaçqın, tərkibində 2-3 nəfər şəkərli diabet olan ailələrdən seçilmiş 30 şəkərli diabetli uşaq üçün nəzərdə tutulur. Yay məktəbinin əsas məqsədi gələcəkdə özləri kimi digər uşaqlara ilkin tibbi və psixoloji dəstək verə biləcək gənc liderlərin hazırlanmasıdır.
Avqustun 23-dən başlayan proqrama maraqlı istirahətin təşkili ilə yanaşı, uşaqların psixo-sosial reabilitasiyasını təmin etməyə, yeniyetmələrdə özünəinam, özünümüdafiə, özünütəsdiq xüsusiyyətlərini inkişaf etdirməyə, öz həyatında və ətrafda baş verən hadisələrə tolerant münasibət bəsləmə üsullarını formalaşdırmağa xidmət edən məşğələlərin keçirilməsi daxildir. Bu məqsədlə endokrinoloq, psixoloq və digər mütəxəssislərdən ibarət işçi qrupu fərdi məsləhət və psixoterapiyadan istifadə edərək, uşaqlara müvafiq vərdişlərin aşılanmasını təmin edən davamlı treninqlər keçirəcəkdir.
İstirahət günlərində uşaqlar Gəncə şəhərinin tarixi-görməli yerləri ilə tanış olacaq, ingilis dili kurslarında iştirak edəcək, müxtəlif mövzularda inşa yazılar hazırlayacaq, müsabiqə, intellektual oyun və idman yarışlarında bilik və bacarıqlarını sınayacaqlar.
Azərbaycan.- 2010.- 24 avqust.- S. 3.