Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır

 

Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar avqustun 23-də dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

AzərTAc xəbər verir ki, kursların keçirilməsindən məqsəd sözügedən sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işini gücləndirmək, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığını artırmaqdır.

Kursların açılış mərasimində giriş nitqi ilə çıxış edən MSK sədri Məzahir Pənahov demişdir ki, Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının akt zalında ilk tədbirin məhz dövlətimizin başçısının sərəncamına uyğun surətdə keçirilən kursların olması yerinə düşür. Çünki MSK-nın fəaliyyəti üçün hərtərəfli şəraiti olan bu bina Prezidentin xüsusi göstərişi əsasında tikilib istifadəyə verilmişdir. Bu qayğı və diqqətə görə dövlətimizin başçısına Mərkəzi Seçki Komissiyasının adından xüsusi təşəkkürümüzü bildirirəm.

MSK sədri seçkilərin hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri olduğunu vurğulayaraq Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir. O qeyd etmişdir ki, məhz ulu öndərin yürütdüyü uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olmuş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılmışdır. Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti illərində ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, qanunverici baza təkmilləşdirilmişdir. Dövlətimizin başçısının göstərişi əsasında dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar inşa edilmiş, qalan DSK-ların binaları isə əsaslı təmir olunmuşdur. Onların hərtərəfli fəaliyyət göstərmələri üçün bütün lazımi şərait yaradılmış, texniki və digər zəruri avadanlıqla təchiz edilmişdir. Ölkə rəhbərinin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində respublikamızda demokratik seçki praktikası ildən-ilə təkmilləşir və bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur.

M.Pənahov qeyd etmişdir ki, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işini daim diqqətdə saxlayır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də aşağı seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmiş və həmin tədbirlərdə aşağı seçki komissiyalarının üzvləri iştirak etmişdi. Dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin nüfuzlu dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssisləri mühazirələr oxuyacaqlar. DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaqdır. Ümid edirəm ki, dövlətimizin başçısının sözügedən sərəncamı əsasında keçirilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində ciddi rol oynayacaqdır. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev çıxış etmiş, dövlətimizin başçısının seçkilərlə bağlı müvafiq sərəncamlarından irəli gələn vəzifələrdən danışmışdır. Z.Nağdəliyev demişdir ki, seçkilərin daha da şəffaf və demokratik keçirilməsi üçün dövlətimizin başçısının sərəncamına uyğun olaraq müvafiq tədbirlər görülür. Monitorinqlər keçirilmiş, seçki məntəqələrinin otaq problemləri araşdırılmışdır. Seçkilərə qədər 62 seçki məntəqəsi yeni otaqlarla təmin olunacaq, 1076-nın yerləşdiyi binalarda təmir işləri aparılacaqdır.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov seçki qanunvericiliyinin tələbləri, vətəndaşların seçki hüquqlarının, demokratiyanın aliliyinin qorunmasının vacibliyindən danışmışdır. O qeyd etmişdir ki, ədalətli və şəffaf seçkilər keçirilməsi üçün mükəmməl qanunvericilik bazası yaradılmış, qanunlar beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel beynəlxalq hüququn əsaslarından danışmış, Azərbaycanda seçkilərə hazırlığın səviyyəsini yüksək qiymətləndirmişdir. O demişdir ki, ATƏT və Avropa Şurası bu il keçiriləcək parlament seçkilərini izləmək üçün müşahidə missiyaları göndərəcəkdir. ATƏT-in göndərəcəyi müşahidə missiyasına 450-yə yaxın nümayəndə daxil ediləcəkdir. Avropa İttifaqı isə bu il seçkilərə müşahidəçi göndərməyəcəkdir. Bu təşkilatın üzvlərinin missiyasını ATƏT-in Avropa Şurasının deputatları həyata keçirəcəklər.

ATƏT rəsmisinin sözlərinə görə, beynəlxalq təşkilatların Azərbaycana çoxlu sayda müşahidəçi göndərməsinin əsas səbəbi seçki sahəsində əldə olunan uğurların nəticəsidir.

Daha sonra Bakı Apelyasiya Məhkəməsinin kollegiya sədri Mehdi Əsədov və digər rəsmi şəxslər çıxış etmiş, seçki prosesində apelyasiya instansiya məhkəmələrinin rolu və fəaliyyəti, seçki prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumat vermişlər.

Avqustun 23-dən 29-dək davam edəcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Ədliyyə NazirliyiApelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcəkdir.

 

 

Azərbaycan.- 2010.- 24 avqust.- S. 3.