Neft gəlirləri qeyri-neft
sektorunun inkişafına təkan verir
Ölkə Prezidenti İlham Əliyev hökumətin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqində neft-qaz sektorunda işlərin plan üzrə getdiyini qeyd etmişdir. Dövlət başçısı karbohidrogenlərin hasilatı ilə bağlı bütün işlərin lazımi səviyyədə qurulduğunu bir daha vurğulayaraq cari il üçün nəzərdə tutulmuş səviyyənin təmin ediləcəyinə əmin olduğunu bildirmişdir.
Həmin tədbirdən keçən qısa vaxt ərzində hasilat sahəsində göstəricilər daha da yüksəlib. Belə ki, bu ilin yeddi ayında Azərbaycanda 29,7 milyon ton neft hasil edilib, 10 milyard kubmetr əmtəəlik qaz çıxarılıb. Bu barədə məlumat verən Dövlət Statistika Komitəsi yanvar-iyul aylarında çıxarılmış neftin 24,8 milyon tonunun Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşdüyünü bildirir.
Azərbaycanda
ən iri neft-qaz və
ixrac layihələrinin əməliyyatçısı
olan bp şirkətindən
də vaxtaşırı ürəkaçan məlumatlar
alırıq. Hazırda təkcə Xəzərin Azərbaycan
bölməsindəki "Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarından gündə orta hesabla 827,6 min barel neft hasil
edilir. Həmin neft əsasən
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri
vasitəsilə dünya bazarlarına
göndərilir. 2006-cı ilin ortalarından
indiyədək BTC vasitəsilə 125,6 milyon
tondan çox neft nəql olunub. Təkcə bu ilin altı
ayında BTC 18 milyon
ton neft ixrac edib. Hazırda BTC-yə AÇG neftindən əlavə
"Şəhdəniz"dən çıxarılan kondensat
da vurulur.
"Şahdəniz"dən hasil
olunan qaz isə Cənubi Qafqaz Boru Kəməri
(CQBK) vasitəsilə ixrac
edilir. İlin birinci yarısında
CQBK gündə təxminən
15 milyon kubmetr qaz nəql edib.
Neft ekvivalentinə çevirdikdə
bu gündəlik göstərici 93 min bareldən
çoxdur.
Hasilat artdıqca ölkəmizin
əldə etdiyi gəlirlər də çoxalır. Təkcə bp-nin ölkəmizdə operatorluq etdiyi layihələrdən bu il Azərbaycan dövlətinin ümumi gəlirinin 11,4 milyard dollar olacağı gözlənilir. Bu rəqəm
hesablanarkən il ərzində neftin bir barelinin
60 dollar olacağı nəzərdə
tutulub. Əlbəttə, neftin qiymətinin
azaldığı, yaxud
artdığı halda
bu rəqəm də müəyyən qədər dəyişə
bilər. Qeyd edək ki, keçən
il bp-nin layihələrindən Azərbaycanın
götürdüyü gəlir
11,7 milyard dollar olmuşdur. Buraya Azərbaycanın mənfəət neftindən
əldə etdiyi gəlir, bonuslar, tarif haqları, vergilər və sairdən yaranan vəsait daxildir.
Ölkədə aparılan uğurlu siyasət maliyyə imkanlarını getdikcə
genişləndirir. İlin
əvvəlindən Azərbaycanın
valyuta ehtiyatları artaraq 20 milyard dollardan 24,7 milyard
dollara çatmışdır.
Neft amilindən
istifadə edərək
digər sahələrin
inkişafına nail olmaq
Azərbaycan dövlətinin
qarşıya qoyduğu
prioritet vəzifələrdəndir
və bu vəzifə uğurla yerinə yetirilir. Ötən ilin yeddi ayına nisbətən neft sektorunda artım 2,3, qeyri-neft sektorunda
9,7 faiz olub. Bu, bir daha göstərir ki, sözügedən məqsədin
tam reallaşması üçün
neft sektorunda işlər müvəffəqiyyətlə
icra olunur.
Dövlət Neft Fondunda (DNF) toplanan gəlirlər və onun xərcləri
barədə ictimaiyyətə
mütəmadi məlumatlar
verilir. Təsadüfi deyil ki, bu qurum şəffaf
olduğuna görə
Azərbaycan neft gəlirlərinin idarə
edilməsi və ədalətli bölünməsi
sahəsində dünyada
nümunə kimi göstərilir.
Dövlət Neft Fondundan altı ayda dövlət büdcəsinə
nəzərdə tutulmuş
məbləğdə - 2 milyard
455 milyon manat vəsait daxil olub. Bu dövr ərzində
icmal büdcənin tərkib hissəsi olan DNF-nin vəsaiti
hesabına məcburi köçkünlər üçün
yaşayış qəsəbələrinin
tikintisi, Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi layihələrinin
həyata keçirilməsi
üçün 163,3 milyon
manat vəsait xərclənib.
Bunlar çox mühüm layihələrdir. Ölkə Prezidenti onlardan biri - Oğuz-Qəbələ-Bakı
su kəmərinin çəkilişi barədə
demişdir: "Bu, çox
böyük layihədir,
bunun həm çox praktik əhəmiyyəti var, eyni zamanda, o, rəmzi xarakter daşıyır. Neft kəmərindən
əldə edilmiş
gəlirləri biz su kəmərinin tikintisinə
yönəltdik".
Əldə edilən gəlirlər, qazanılan ehtiyatlar ölkəmizdə istənilən
məsələnin müvəffəqiyyətlə
həll olunmasına, böyük infrastruktur layihələrinin kənar
köməyə ehtiyac
duyulmadan gerçəkləşməsinə
imkan verir. Həm də
sevindirici haldır ki, neft-qaz sahəsində
görülmüş nəhəng
tədbirlərlə, artıq
həyata keçirilmiş
iri layihələrlə
işlər bitmiş
hesab olunmur. Bu sahədə irəliləyiş
mütəmadi davam edir. "Əsrin müqaviləsi"nin imzalanmasından 16 il keçməsinə baxmayaraq,
Azərbaycan xarici sərmayədarlar üçün
maraqlı və cəlbedici bir ölkə kimi qalmaqdadır. Azərbaycanla
əməkdaşlıq və
tərəfdaşlıq etmək,
birgə iş görmək istəyən
şirkətlərin sayı
getdikcə daha da artır. Bunların arasında yeni şirkətlər də var, uzun illər
ölkəmizlə tərəfdaşlıq
edənlər də.
Ölkə Prezidentinin
dediyi kimi: "Bu, çox müsbət haldır. Bir tərəfdən onu göstərir ki, bizim həqiqətən
də çox böyük neft-qaz sərvətlərimiz vardır
ki, bugünə qədər biz kontraktlar imzalayırıq. Digər tərəfdən
onu göstərir ki, ölkəmizdə xarici sərmayələr lazımi səviyyədə
qorunur. Azərbaycan investisiyaların qorunması sahəsində
çox böyük işlər görübdür.
Biz xarici tərəfdaşlarla
qarşılıqlı maraqlar
əsasında işləyirik".
Bütün bunlar göstərir ki, ölkəmizin neft-qaz sahələrində
qazandığı beynəlxalq
əməkdaşlıq təcrübəsi
bir nümunə kimi öyrənilə bilər. Təsadüfi deyil ki, Azərbaycanın bu əməkdaşlıq sayəsində
əldə etdiyi gəlirlərin ədalətli
bölünməsi və
şəffaf şəkildə
saxlanılması artıq
bütün dünyada
nümunə kimi göstərilir. Bu da dünyada mövcud olan ən yüksək standartların Azərbaycanda
tətbiq olunmasının
verdiyi bəhrədir.
Qazanılan nailiyyətlər qarşıda yeni üfüqlər açır və yeni vəzifələrin yerinə yetirilməsi məsələlərini gündəmə gətirir. Məsələn, Azərbaycanın özünü qaz ixrac edən ölkə kimi təsdiqləməsi, üstəlik, bu sahədə ehtiyatlarımızın zəngin olması və dünyada yanacağın bu növünə ehtiyacın artması ilə bağlı yeni vəzifələr ortaya çıxır. Qaz ehtiyatlarımızın çox böyük olması ixracın istiqamətlərinin artması üçün də imkan yaradır. Odur ki, mövcud olan bazarlara əlavə qazın verilməsinə nail olmaqla yanaşı, yeni bazarlara çıxmaq üçün də əlavə tədbirlər görülməlidir. Bundan sonra onilliklər ərzində, daha dəqiq, ən azı yüz il ərzində Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi göstərə biləcək.
Qaz təchizatı ilə bağlı ölkə daxilində olan problemlər də aradan qaldırılıb. İndi bütün rayon mərkəzləri qaz alır. Qazlaşdırma getdikcə daha çox kəndi əhatə etməkdədir. Yeni qaz xətləri çəkilir, qaz anbarlarının həcmi artırılır.
Azərbaycan öz sərvətlərinin sahibidir və istənilən vaxt həmin sərvətlərin özündən də, onlardan əldə etdiyi gəlirlərdən də istədiyi kimi istifadə edə bilər. Ölkə Prezidenti bunu vacib bir məsələ kimi vurğulayır: "Elə etməliyik ki, biz öz təbii ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə edək". Çünki bu cür olduqda biz daha böyük işlər görə biləcək, bütün sahələrin paralel surətdə inkişafına nail olacağıq.
F.SADIQLI
Azərbaycan.- 2010.- 25 avqust.- S. 1.