Türkiyə yenidən ciddi sınaq qarşısındadır
Qardaş ölkənin
işğalçı Ermənistanla sərhədləri
müvəqqəti olsa belə, aça biləcəyinə dair
məlumatlar Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən
pislənir
Türkiyə və Ermənistan arasında 1993-cü ildən bağlı olan sərhədlərin NATO təlimləri ilə əlaqədar müvəqqəti olaraq açıla biləcəyinə dair yayılan məlumatlar həm qardaş ölkənin, həm də Azərbaycanın ictimaiyyəti tərəfindən diqqətlə izlənir. Çünki dili, dini, tarixi, soykökü bir olan Azərbaycan və Türkiyə xalqlarının birmənalı mövqeyi bundan ibarətdir ki, Ermənistanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən daha yeddi rayonu işğal altında saxladığı müddət ərzində sərhədlər açılmamalıdır. Lakin artıq xeyli müddətdir ki, NATO-nun Ermənistanda sentyabrın 11-dən 17-dək keçirilməsi nəzərdə tutulan təlimləri ilə əlaqədar Türkiyə və işğalçı dövlət arasında sərhədlərin müvəqqəti olsa belə açıla biləcəyinə dair məsələ gündəmə gəlsə də, rəsmi Ankara bunu təkzib və ya təsdiq edən konkret mövqe sərgiləmir.
Türkiyənin dövlət naziri Cevdet Yılmaz Qars vilayətində olarkən Ermənistanla sərhədlərin açılmasının mümkünlüyünə dair aşağıdakı açıqlamanı verib: "İnşallah, azərbaycanlı qardaşlarımızın da içində olacağı, onların da daxil olduğu bir bölgə sülh və əmin-amanlıq şəraitində Ermənistanla sərhəd qapılarımız bir gün açılar. Bu, hər iki tərəfin lehinədir. Yəni, həm bizim, həm də Ermənistanın lehinədir. Lakin nələr yaşandığını bilirsiniz. Bu gün Azərbaycan və Ermənistan arasında olan münasibətlərdən də xəbərdarsınız. Bir gün, inşallah, bu problemlər öz həllini tapar. Bu bölgədə bütün ölkələrin daha azad, daha rahat şəkildə hərəkət edə biləcəyi bir şərait yaranacaq. Lakin, şübhəsiz ki, bunun üçün atılması vacib olan addımlar var".
Xatırladaq ki, Ermənistanda keçiriləcək NATO təlimləri sırasında Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa, açılacağına dair suala qardaş ölkənin Prezidenti Abdullah Gül Azərbaycanda olarkən konkret cavab vermədi. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıcın verdiyi açıqlamalardan isə belə məlum oldu ki, NATO təlimləri fonunda Ermənistanla sərhədlərin müvəqqəti açılması ehtiyat variant kimi, həqiqətən, nəzərdən keçirilir: "Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə hazırlıqlı olmaq məqsədilə Türkiyə-Ermənistan sərhədinin, sadəcə, təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir".
Türkiyə Baş nazirinin müşaviri Qeybulla Ramazanoğlu isə Türkiyənin Azərbaycanın mənafeyi gözlənilmədən hər hansı bir qərar verilməyəcəyini bildirsə də, bəzi maraqlı məqamlara toxunur: "Hesab etmirəm ki, Türkiyə Azərbaycanın mənafeyini və maraqlarını gözləmədən hər hansısa bir qərar verər. Lakin Türkiyə müəyyən məsələlərdə elə bir vəziyyətə düşər ki, bəlli bir qərar vermək məcburiyyəti ilə üz-üzə qala bilər və Azərbaycanın mənafeyinə qarşı qəsdən deyil, məcburiyyət qarşısında addım ata bilər.Bunu bilmək lazımdır və məsələyə münasibət zamanı bu prizmadan yanaşılmalıdır".
Beləliklə, proseslərin real gedişi və səslənən fikirlər göstərir ki, NATO təlimləri ilə bağlı Türkiyə və Ermənistan sərhədlərinin müvəqqəti açılması mümkündür. Belə hesab edilir ki, bu hal baş verərsə, gələcəkdə onun bir presedentə çevrilməsi tamamilə gözləniləndir.
Məlumatlara görə, NATO təlimlərində Türkiyə tərəfindən iştirak edəcək nümayəndə heyətinin tərkibi artıq müəyyənləşib. Bu təlimlərin keçirilməsi ilə bağlı qərarın NATO-ya üzv ölkələrin yekdil razılığı əsasında verildiyi bildirilir. "Ermənistan-2010" adı altında olan humanitar hərbi təlim Avro-Atlantika Əməkdaşlıq Şurasının himayəsi altında keçiriləcək. Təlimlərin ssenarisinə əsasən, belə bir səhnə yaradılır ki, Ermənistanda güclü zəlzələdən sonra infrastruktur tamamilə dağılıb və ətraf mühit təhlükəli sənaye tullantıları ilə çirklənib. Təlimlərdə ilk növbədə məqsəd təbiət kataklizmləri hallarında humanitar yardımı təmin etmək, NATO ölkələri ilə Əməkdaşlıq Şurası arasında sənaye çirklənməsi hallarının aradan qaldırılması ilə bağlı əməkdaşlığı gücləndirməkdir. Ssenariyə görə, təlimin ilk mərhələsində fəlakət yaşanan bölgədə əhalinin fövqəladə vəziyyətdə evakuasiyası və NATO qüvvələrinin bu ərazilərə Gürcüstan və Türkiyə ərazisindən girişi nəzərdə tutulub. Türkiyə mediasının məlumatına görə isə, bu yaxınlarda Türkiyə tərəfi Ermənistana avtomobil yolları və nəzarət keçid məntəqələrinin vəziyyəti ilə bağlı sorğu göndərib. Bütün bunlar bir daha NATO təlimlərinə görə Türkiyə və Ermənistan arasında sərhədlərin açılma ehtimalının yüksək olaraq qaldığını deməyə əsas verir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan sərhədlərin müvəqqəti olaraq belə açılması arzuedilməz hal kimi dəyərləndirilir.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı xatırladır ki, Türikyə-Ermənistan sərhədlərinin bağlanmasının konkret səbəbləri mövcuddur: "Məlumdur ki, burada başlıca səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir. Türkiyə işğal faktına etiraz əlaməti olaraq Ermənistanla sərhədləri bağlayıb. Hazırda NATO-nun Ermənistanda keçirilməsi nəzərdə tutulan təlimləri ilə bağlı olaraq Türkiyədən bu və ya digər avadanlıqların, qüvvələrin işğalçı dövlətin ərazisinə keçməsi üçün həmin ölkə ilə sərhədlərin müvəqqəti açıla biləcəyinə dair məlumatlar səslənir.
Təbii ki, belə olan halda haqlı sual meydana çıxır: NATO Ermənistanda keçirdiyi təlimlərdə istifadə olunacaq avadanlıq və canlı qüvvənin gətirilməsi üçün nəyə görə Gürcüstan üzərindən keçən yoldan istifadə etmir? Halbuki bu yoldan istifadə olunmasında hər hansı problem yoxdur və Gürcüstan vasitəsilə NATO asanlıqla Ermənistana təlim üçün müvafiq avadanlıq və texnikanı, canlı qüvvəni gətirə bilər!
Digər tərəfdən nəzərə alınmalıdır ki, NATO-ya üzv ölkələrin əksəriyyəti Avropada yerləşir. Bu isə o deməkdir ki, Qara dəniz vasitəsi ilə Avropadan istənilən texnikanı, avadanlığı, avtomobili, canlı qüvvəni və sairi Gürcüstana gətirmək mümkündür. Belə olan şəraitdə onları məhz Türkiyə üzərindən Ermənistana keçməsində təkid edilməsi maraq doğurmaya bilməz. Deməli, burada Türkiyəyə təzyiq edilir! Türkiyə hakimiyyəti isə sərhədlərin bağlı olduğunu bəyan edir, lakin siyasi proseslərin, təhlillərin gedişi göstərir ki, rəsmi Ankara humanitar tədbirlər adı altında və NATO üzvü olmasını əsas gətirərək sərhədlərin müvəqqəti açılması niyyətini meydana qoyur. Lakin məlumdur ki, Türkiyə daxilində olan siyasi qüvvələr, eləcə də Türkiyə Böyük Millət Məclisində təmsil olunan müxalif partiyalar, həmçinin bu ölkənin ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi həllini tapmamış sərhədlərin açılmasının əleyhinədir. Çünki sərhədin müvəqqəti olsa belə açılması növbəti mərhələlərdə bunu yenidən gündəmə gətirə bilər. Beləliklə də müxtəlif ad altında Ermənistanla sərhədlərin açılması prosesi başlanar. Başqa sözlə deyilsə, indi NATO təlimləri ilə əlaqədar sərhədlərin açılması pis bir nümunə yarada bilər. Hesab edirəm ki, Türkiyə hakimiyyəti qətiyyət nümayiş etdirəcək və NATO-nun üzvü olmasına baxmayaraq, Ermənistana sözügedən təlimlər üçün texnika və avadanlığın, canlı qüvvənin gətirilməsinin Gürcüstan üzərindən aparılmasının mümkünlüyünü nəzərə alaraq müvəqqəti olsa da, işğalçı ölkə ilə sərhədləri açmayacaq. Sərhədlərin hətta bir günlüyə açılması belə Ermənistanın müəyyən mənada mənəvi üstünlük qazandığını düşünməsinə, bu dövlətin öz iddialarını yeritməsinə təkan verən növbəti zəminə çevrilə bilər! Belə vəziyyət Türkiyənin həm daxili siyasi durumuna mənfi təsir göstərəcək, həm də Türkiyənin Azərbaycanı birmənalı müdafiəsi haqqında yaranan fikirlərə ciddi zərbə olacaq. Bu səbəbdən hesab edirəm ki, Türkiyə tərəfi NATO təlimləri adı alıtnda olsa belə, sərhədləri açmamalıdır. Sərhədlərin açılması Türkiyənin özünün də maraqlarına uyğun deyil".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov da hesab edir ki, Türkiyənin işğalçı Ermənistanla sərhədlərinin müvəqqəti olsa da açılması yolverilməz haldır: "Çünki bundan öncə Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan ediblər ki, sərhədlərin açılması yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkündür. Sözügedən münaqişənin hələ öz həllini tapmaması fonunda Türkiyə rəsmiləri verdikləri vədlərə sadiq qalaraq sərhədləri açmamalıdır. Lakin belə vaxtda Türkiyə ərazisindən Ermənistana NATO təlimləri üçün müəyyən avadanlıq və texnikanın, canlı qüvvənn keçirilməsi məsələsi gündəmə gəlib. Bu isə təhlükəli bir presedentin əsasını qoya bilər. Çünki bu nümunədən sonra sabah başqa bir məsələ ilə əlaqədar sərhədlərin yenidən açılmasının gündəmə gətirilməsi mümkündür. Yəni hətta NATO təlimlərinə görə belə sərhədlər açılarsa, bu, qarşıdakı dövr üçün arzuedilməz bir nümunənin əsasını qoya bilər. Belə formada Türkiyə və Ermənistan arasında sərhədlər bir neçə günlüyə yox, hətta bir neçə aylığa və daha uzun müddətə açılması mümkündür! Daha sonra sərhədlərin Dağlıq Qarabağ münaqişəsi çözülmədən elə daimi olaraq açılması məsələsinin gündəmə gəlməsi istisna deyil!
Lakin inanmıram ki, Türkiyə tərəfindən verilən bu qədər vədlərdən, aparılan danışıqlardan sonra, ən əsası Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Yenə təkrar edirəm: Türkiyə NATO və digər qüvvələrə görə bir neçə saatlığa olsa belə Ermənistanla sərhədləri açmamalıdır! Yox, əgər bu, baş verərsə, onda belə nəticə hasil olacaq ki, Türkiyə onunla münasibətləri səmimi dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinə söykənən Azərbaycana qarşı, yumşaq şəkildə deyilsə, etinasız bir mövqe nümayiş etdirir! Lakin mən Türkiyənin belə bir mövqe tutacağına inanmıram! Ümid edirəm ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi çözülmədən Ermənistanla sərhədləri hər hansı bir təlimə və ya digər səbəbə görə nəinki bir neçə saatlığa, heç bir neçə dəqiqəliyə də açmayacaq! Çünki sərhədlərin açılması Türkiyənin Azərbaycana, belə demək mümkünsə, zərbə vurmasından başqa bir şey deyil! Sərhədlər açılarsa, bu, Azərbaycan, eləcə də Türkiyə ictimaiyyətində haqlı bir incikliyin yaranmasına səbəb olacaq! Çünki ulu öndərlərimiz Heydər Əliyev və Atatürkün dediyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və Azərbaycanın kədəri Türkiyənin kədəri, Azərbaycanın sevinci Türkiyənin sevincidir".
Beləliklə, qeyd edilənlər göstərir ki, Türkiyənin işğalçı Ermənistanla NATO təlimləri üçün olsa belə, sərhədlərini müvəqqəti açması təqdir olunmur və birmənalı şəkildə pislənir. Azərbaycanla strateji tərəfdaşlıq kursunun bundan sonra da davam etməsi, tərəflərin regionun taleyini müəyyən edən əsas ölkələr olaraq qalması üçün isə Türkiyənin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədləri müddətindən asılı olmayaraq açmaması indi ən əsas şərtlərdən biri kimi çıxış edir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 25 avqust.- S. 1, 2.