İnsan hüquq və azadlıqlarının etibarlı hamisi

 

Bəşəri səviyyədə praqmatizm və fərdiçilik meyilləri özünü nə qədər qabarıq göstərsə də, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər mənəvi təsir gücünu qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq, humanizm müasir qloballaşma dövründə də insanlığın ən ali, ülvi, müqəddəs dəyərlərindən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri də məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi ideyalarını təşviq edən Heydər Əliyev Fondu da məhz bu mənəvi ideallara tapınmaqla ötən 6 ildə cəmiyyətin yüksək rəğbətini, etimadını qazanmışdır.

Fond ulu öndərin sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasi kursunun dərindən öyrənilməsinə və həyata keçirilməsinə layiqli töhfələr verir. Ulu öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən insanpərvərlik və humanizm ideallarından çıxış edən Fondun başlıca məramlarından biri qayğı və yardıma ehtiyacı olanlara hərtərəfli köməyin göstərilməsidir.

Son 6 ildə Azərbaycan vətəndaşlarının, sözün əsl mənasında, ümid, pənah ünvanına çevrilmiş Fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, xalqın rifahının yüksəlməsinə yönəlmiş irimiqyaslı layihələrin təşəbbüsçüsü və fəal icraçısı olmuşdur. Fond eyni zamanda cəmiyyətin tərəqqisinə xidmət edən faydalı təşəbbüsləri dəstəkləməklə, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafı ilə bağlı bir sıra mühüm layihələrə yardımçı olmuş, milli-mənəvi dəyərlərin, mədəni irsin sadiq keşikçisinə, fəal təbliğatçısına çevrilmişdir.

 

Nəcib məram, xoş niyyət

 

Hər bir insanın həyatdakı yerini və rolunu, ictimai statusunu və cəmiyyətdəki missiyasını onun dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti müəyyənləşdirir. Belə fenomen şəxsiyyətlər müasir qloballaşma dövründə intibahı haqlı olaraq elm və təhsildə, mədəni tərəqqidə axtarır, xalqın milli-mənəvi irsinin qorunmasına böyük töhfələr verir, saf idealların cəmiyyətdə hakim olmasına çalışır, bununla özləri də ucalığa yüksəlirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə məhz belə bir ucalığa çatmış, xalqın dərin inam və etimadını qazanmışdır.

Xalqın mənəvi sərvətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondunun yaranmasının beşinci və altıncı ildönümlərinin respublika miqyasında əlamətdar hadisələrdən biri kimi qeyd olunması da onun cəmiyyət həyatındakı əlahiddə mövqeyini və nüfuzunun daha bir əyani göstəricisidir. 2009-cu il mayın 10-da "Buta" sarayında keçirilən təntənəli mərasimdə çıxış edən Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: "Fondun fəaliyyəti artıq hər kəsə bəllidir. Beş il ərzində görülən işlər, əldə edilən nailiyyətlər haqqında bu axşam burada danışılacaq. Öz adımdan təkcə onu demək istəyirəm ki, bu beş il ərzində görülən işlər bir çox sahələri - elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin bunları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə inanan hər bir insana dərin minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına - gənc, istedadlı və insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir".

 

Yüksək mənəvi ideallara söykənən missiya

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə yönəlmişdir. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə həyata keçirdiyi strateji layihələr yalnız bir məqsədə - milli genefondun qorunmasına xidmət edir.

Fondun fəaliyyəti eyni zamanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna, insanlara xeyirxahlıq və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Məhz bu fəaliyyətin nəticəsi olaraq Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2010-cu ilin ötən dövründə iki mötəbər mükafata - Fransa dövlətinin "Şərəf Legionu" ordeninə və YUNESKO-nun "Qızıl Motsart" medalına layiq görülmüşdür.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun vətəndaşlara hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığını bildirir: "Görülən işlərin nəticəsi bu gün göz qabağındadır. Bu, yüzlərlə yeni inşa olunmuş məktəblər və təmir olunmuş, müasirləşmiş uşaq evləri, internat məktəbləri, uşaq bağçaları və yay düşərgələridir. Bu, yeni tikilmiş tibb müəssisələri, diaqnostika və müalicə mərkəzləridir, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələri və reabilitasiya mərkəzləridir. Bu, Fondun dəstəyi ilə bərpa olunan tarixi və dini abidələr, eyni zamanda, yeni qurulan mədəniyyət ocaqları, muzeylər, mərkəzlər, konsert hollarıdır. Bu, Fondun uğurlu sosial proqramının icra olunması nəticəsində yeni salınan parklar, yollar, çəkilən su, işıq və qaz xətləridir. Bu, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq istiqamətində aparılan işlər nəticəsində nəşr olunmuş yüzlərlə kitablar, bröşürlər, foto və videoalbomlardır. Bu, Fondun dəstəyi ilə keçirilən və zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır. Ən əsası, ən vacibi bu, Heydər Əliyev Fondunun səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində yüzlərlə normal sağlam həyata qayıtmış insanlardır".

 

Vətəndaş mənafeyinə xidmət edən sosial layihələr

 

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti təhsil və səhiyyə sahəsində həyata keçirilən layihələrdə də təcəssümünü tapır. Ötən illər ərzində bu istiqamətlər üzrə həyata keçirilən layihələr nəticəsində bütün ölkə boyu yüzlərlə yeni məktəb binası tikilərək istifadəyə verilmiş, təhsil, səhiyyə müəssisələrində təmir və yenidənqurma işləri aparılmış, vətəndaşlara böyük sevinc bəxş edən bir sıra humanitar aksiyalar həyata keçirilmiş, səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insan yenidən sağlam həyata qaytarılmışdır.

2004-2010-cu illər ərzində Fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqələr qurulmuş, 10 mindən çox insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Həmin layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara yaşamaq eşqi verir.

Fondun "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri də cəmiyyətdə böyük diqqət və rəğbətlə qarşılanmışdır. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondun qorunmasında da sözünü deyir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir.

"Tibb işçisi kimi gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr" - deyən Mehriban xanım Əliyeva bu istiqamətdə böyük işlər görür.

Hər bir millətin mənəvi-fiziki sağlamlığının və kamilliyinin təmin olunması eyni zamanda idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanın həmin idman növünün inkişafı istiqamətində əhəmiyyətli addımlar atması, habelə 2005-2007-ci illərdə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi Mehriban xanım Əliyevanın bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş insan olmasının daha bir göstəricisidir.

Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri isə vətəndaşların Azərbaycan Konstitusiyasının 42-ci maddəsində təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Şübhəsiz, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-2009-cu illər ərzində 283 yeni məktəb binası inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir.

 

Cəza siyasətinin humanistləşdirilməsinə əvəzsiz töhfə

 

Heydər Əliyev Fondunun prezidenti ictimaiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə töhfəsini verməyə çalışır. Mövcud imkanlar daxilində vətəndaşların problemlərinin həllinə səy göstərir, rəhbərlik etdiyi Fondun imkanlarını bu yöndə səfərbər edir. Bəzən müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, problemlərini həll edə bilməyən insanlar Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya rəsmi müraciət etməklə nicat tapırlar. Özünün də qeyd etdiyi kimi, Fondda hər bir vətəndaşın müraciətinə böyük diqqət və həssaslıqla yanaşılır, onların problemlərinin həllinə mümkün qədər yardım göstərilir. Bu həm də Heydər Əliyev Fondunun vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən sanballı və nüfuzlu ictimai təşkilat olduğunu göstərir.

Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə 2007-ci ilin may ayında parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi də ümummilli liderin humanist siyasətinə sədaqətin əyani nümayişi olmuşdur. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

Məlumat üçün bildirək ki, amnistiya yunan dilindən tərcümədə "unutma", "bağışlama" mənasını verir. Cinayət-hüquqi mənada amnistiya dedikdə, ali dövlət hakimiyyəti orqanının törədilən cinayətə görə cəza müəyyən edən cinayət qanununu ləğv etməyən və dəyişdirməyən, məhkəmənin konkret cinayət işi üzrə çıxarılmış hökmünü etibarsız saymayan, onun qanuniliyini və əsaslılığını şübhə altına qoymayan, cəzadan tamamilə və ya qismən azad edən, məhkəmə tərəfindən təyin olunmuş cəzanı daha yüngül cəza növü ilə əvəz edən, yaxud başlanmış cinayət tətbiqinə xitam verən, əgər belə təqib hələ başlanmamışdırsa, onun başlanmasını istisna edən normativ-hüquqi akt başa düşülür. Amnistiya qərarının qəbulu humanizm və mərhəmət hissinin mücəssəməsi olub, sadəcə, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1.19 bəndinə əsasən, amnistiya haqqında qərar layihəsi qəbul etmək hüququ Azərbaycan Respublikası Milli Məclisinə məxsusdur. Amnistiya aktı dövlətin cəza siyasətinin humanistləşdirilməsi siyasətindən irəli gəlir. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində də əksini tapmışdır.

Xatırlatmaq lazımdır ki, ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Ümummilli liderin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir.

Bu siyasətə öz töhfəsini verən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: "Bu təşəbbüsü irəli sürərkən mən hesab edirdim ki, səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir".

Birinci amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum olunmuş qadınlar, birinci qrup əlillər, 60 yaşına çatmış kişilər, cinayət törədərkən 18 yaşına çatmayanlar, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, 1990-cı il 20 Yanvar faciəsində və ya Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları azadlıqdan məhrumetmə cəzasından azad edilmişlər. Amnistiya aktı nəticəsində azadlıqdan məhrumetmə cəzasını çəkən məhkumlardan 1500-ü cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 şəxs cəzasından azad edilmişdir.

 

Növbəti nəcib təşəbbüs

 

Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi həm də humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə imkan yaratmışdır. Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2009-cu ilin martında - bərəkət və həmrəylik bayramı olan Novruz ərəfəsində növbəti amnistiya təşəbbüsü irəli sürmüş, bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etmişdir.

Milli Məclis deputatının bununla bağlı müraciətində göstərilirdi ki, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin Heydər Əliyev Fonduna ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar və tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir. Azərbaycanın birinci xanımı bu təşəbbüsün vətəndaşların qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cəzadan azad edilən şəxslərin cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına müsbət töhfələrini verəcəklərinə inanaraq, Novruz bayramı ərəfəsində məhkumların ailələrinə qovuşmalarını arzulayaraq "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsini parlamentin müzakirəsinə təqdim etmişdir.

Bu amnistiya aktı layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad edilmişlər. Təqribən 9 min şəxs amnistiya aktının təsiri altına düşmüş, 1700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilmişlər.

Qanunu pozaraq müxtəlif cinayət əməlinə yol vermiş insanların qanun əsasında cəzalandırılması hər bir dövlətin qarşısında duran başlıca vəzifələrdən sayılır. Fəqət, qanunu pozan insanların məhkəmə qaydasında cəzalandırılması heç də məqsəd olmayıb, tərbiyəvi əhəmiyyət daşıyan vasitədir. Bu və digər səbəblərdən cinayət əməlinə yol vermiş insanların məhkəmə qərarı ilə məsuliyyətə cəlb edilməsi onların islah olunmasına, mənəvi-əxlaqi nöqteyi-nəzərdən tərbiyəsinə xidmət edir. Eyni zamanda törətdiyi əməldən səmimi peşmanlıq keçirən, cəzaçəkmə müəssisələrində özünü nümunəvi aparan məhkumların vaxtından əvvəl azadlığa buraxılması, bağışlanılması ciddi islahedici təsirə malik addımdır. Bu baxımdan Heydər Əliyev Fondu da məhkum olunmuş insanların islah olunaraq sağlam həyata qayıtmasına çalışır.

 

Milli dəyərlərin carçısı

 

Fondun insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyətinin hüdudları kifayət qədər genişdir. Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri bu baxımdan xüsusi qeyd oluna bilər. Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən "Qarabağ həqiqətləri" silsiləsi də buna bariz nümunədir. Bunlar beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallar vasitəsi ilə bütün dünyaya yayılan "Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir.

Bu topluların elektron variantları 2007-ci ildə - qanlı Xocalı soyqırımının 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, dəlil-sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır. Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti addım Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır.

Azərbaycanın birinci xanımının "Ön söz"ü ilə işıq üzü görmüş "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalıb dağıdılmış tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar verilmişdir. Bu istiqamətdə Xocalı soyqırımı ilə bağlı davamlı layihələri də qeyd etməyə ehtiyac vardır. 2007-ci ildən başlayaraq Fond hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Əsasən diplomatik korpusların xətti ilə reallaşan anma mərasimlərində Fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət edilir.

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin problemlərinə də həssaslıqla yanaşır, imkan daxilində onlara maddi və mənəvi yardım göstərməyə çalışır. Azərbaycanın birinci xanımı xarici mətbuat orqanlarından birinə verdiyi müsahibə zamanı doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın ağır vəziyyətindən söhbət açmış, onların mənəvi köməyə və həyanlığa ehtiyacının olduğunu vurğulamışdır: "Mən inanıram ki, həqiqət zəfər çalacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, görünməmiş humanitar fəlakətdir. Bir milyon qaçqın-köçkünün hər birinin öz şəxsi faciəsi var...Bəli, biz bu gün Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin imkanı çatan hər şeyi edirik. Neft Fondundan ilk vəsait məhz qaçqın-köçkünlər üçün şəhərciklərin tikintisinə və onların çadır düşərgələrindən köçürülməsinə xərclənmişdir. Onlarla ünsiyyət zamanı bu insanların hədsiz dözümlülüyü və elə bir o qədər də hədsiz inamı adamı heyrətə gətirir. Onlar ədalətin zəfər çalacağına, işğal olunmuş torpaqların azad ediləcəyinə və yenidən ev-eşik sahibi olacaqlarına inanırlar".

Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi layihələrdən biri də "Qarabağ xanəndələri" albomu olmuşdur. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir.

Bütün bunlar göstərir ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli siyasəti yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Fond cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. Təşkilat bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə dəstək olacağını qarşısına məqsəd qoyub.

 

 

Zahid CƏFƏROV,

BDU-nun Mülki proses, əmək və ekologiya

hüququ kafedrasının dosenti,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2010.- 25 avqust.- S. 3.