Azərbaycan həqiqətlərinin carçısı

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdəndir

 

Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri də məhz "hücumçu diplomatiya"dır. Bir vaxtlar dünya informasiya məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən respublikamız üzləşdiyi ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönümündə yaxşı imkanlar qazanmışdır.

Ölkəyə rəhbərlik etdiyi son 7 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək: "Biz müdafiədə deyil, hücumda olmalıyıq!" - deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması isə son dərəcə sevindiricidir. Milli mənafelərə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin böyük rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Fondun Azərbaycanın zəngin mədəni-mənəvi irsinin dünyaya təbliğinə, muğamların, aşıq musiqisinin bəşəriyyətə tanıdılmasına, sivilizasiyalararası dialoq məkanının genişləndirilməsinə, eyni zamanda, maarifçiliyə xidmət edən çoxsaylı layihələrinin qayəsində yalnız bir məqsəd dayanır: Azərbaycan xalqının milli mənafeyinin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək vermək! Fond bu məqsədi müxtəlif beynəlxalq qurumlarla münasibətləri genişləndirməklə, YUNESKO və İSESKO kimi mötəbər təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmaqla həyata keçirir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında demişdir: "Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır...EBiz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri" bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur. Anma mərasimlərində fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərinin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi barədə dolğun təsəvvür formalaşdırır. Bu mərasimlərdə fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu və "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabları paylanır. Yeri gəlmişkən bildirək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) də 2010-cu ilin fevral ayında Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Strasburq şəhərində keçirdiyi etiraz aksiyasında məhz Heydər Əliyev Fondunun hazırladığı bu əyani təbliğat vəsaitlərini yaymışdır. Eyni zamanda, mayın 29-da ATXƏM-in "Dağlıq Qarabağ probleminin həllində türkdilli dövlətlərin ictimaidiaspor təşkilatlarının dəstəyinin artırılması" layihəsi çərçivəsində Ankara şəhərində təşkil etdiyi beynəlxalq konfransda da Heydər Əliyev Fondunun əyani vəsaitlərindən geniş istifadə olunmuşdur.

Xocalı faciəsinə beynəlxalq miqyasda qiymət verilməsi istiqamətində atılan addımlar çərçivəsində 2008-ci il fevralın 14-də Berlində "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da mühüm əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin, Qarsdakı Baş Konsulluğunun və İqdır bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları bəşəriyyət tarixində ən amansız və qanlı qırğınlardan biri olan Xocalı faciəsinə beynəlxalq hüququn bütün tələbləri ilə qiymət verilməsini tələb etmişlər.

Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilmişdir. Fond hərbi vətənpərvərlik ideyalarının təbliği məqsədilə 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbçilər üçün yararlı olacaq bilgilərin yer aldığı "Hərbçinin qeyd-yaddaş kitabçası"nın, "Hərbi and" qəzetinin nəşrini də həyata keçirmişdir.

Ölkə reallıqlarının internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədilə 2005-ci ildə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş texnologiyalara görə ölkədə analoqu olmayan "Azərbaycan" (www.azerbaijan.az) internet portalı yaradılmışdır. İstifadəçilərinin sayı milyonlarla olan portalda Azərbaycanın bu günü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə bağlı məlumatlar yerləşdirilmişdir. "Azərbaycan" internet portalı zəngin informasiya mənbəyi kimi ölkə həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz rol oynayır.

Fondun ən mühüm mədəniyyət layihələrindən biri olan "Qarabağ xanəndələri" adlı albom da özlüyündə mühüm təğliğati-siyasi məzmuna malikdir. Azərbaycana məxsus muğamların toplandığı alboma ad kimi "Qarabağ xanəndələri" adının seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək də mümkün deyildir. Bu layihə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi olduğunu nümayiş etdirmək məqsədindən irəli gəlmişdir. Albom ilk dəfə YUNESKO-nun qərargahında - xoşməramlı səfirlərin illik toplantısında təqdim olunmuş, böyük diqqət və maraq cəlb etmişdir. Təqdimat mərasimində çıxış edən Mehriban xanım Əliyeva demişdir: "Balaca muğam ifaçılarını, adətən, "Qarabağ bülbülləri" adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir".

Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filiallarının açılması da Azərbaycan həqiqətlərini ayrı-ayrı ölkələrdə yaymaq, milli mədəniyyəti təbliğ etmək, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Fondun Rusiyada, ABŞ-da, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarının açılması da qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi üçün ardıcıl və sistemli şəkildə aparırlar. Bu baxımdan fondun Moskva filialının həyata keçirdiyi tədbirlər xüsusi vurğulanmalıdır. Nümayəndəliyin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

İslam Konfransı Təşkilatına üzv ölkələr fondun Rusiya nümayəndəliyinin təşəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününun "Humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü" kimi qeyd olunması barədə qərar qəbul etmişlər. 2009-cu ildən 26 fevral tarixi islam ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi geniş miqyasda qeyd olunur.

Bütün bunlar göstərir ki, fəaliyyəti insanpərvərlik, xeyirxahlıq, mərhəmət, humanizm kimi mənəvi ideallara söykənən Heydər Əliyev Fondu həm də ölkə həqiqətlərinin dünya miqyasında yayılması, Azərbaycanın üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində məqsədyönlü və ardıcıl aparır. Fondun bu istiqamətdəki fəaliyyəti, əslində, ölkədəki digər qeyri-hökumət təşkilatları üçün də örnək, nümunədir. İnanırıq ki, həqiqi vətənpərvərliyə və humanizmə əsaslanan bu missiya qarşıdakı illərdə də layiqincə davam etdiriləcək, Azərbaycanın üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması prosesinə sanballı töhfə olacaqdır.

 

 

İlham İSMAYILOV,

Azərbaycanlıların və digər Türkdilli Xalqların

Əməkdaşlıq Mərkəzinin sədri

 

Azərbaycan.- 2010.- 25 avqust.- S. 4.