Milli-mənəvi yüksəlişə xidmət edən missiya

 

Bu gün dünyada elə xalq tapmaq çətindir ki, hansısa taleyüklü və mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış şəxsiyyətləri olmasın. Belə seçilmiş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaranır. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin yüksək idarəçilik keyfiyyətlərinə malik qurucu, yaradıcı şəxsiyyət olduğu tam təsdiqini tapır.

Ulu öndər xalqın ən çətin sınaqlarla üz-üzə qaldığı zamanlarda onun milli kimliyinin ən ali, müqəddəs rəmzinə çevrilmiş dövlətçiliyi hər cür qəsdlərdən qorumaqla, vətəndaş sülhünü, həmrəyliyi təmin etməklə, ictimai-siyasi sabitliyin, tərəqqi və inkişafın qarantına çevrilməklə bizlərə Azərbaycan adlı qüdrətli bir əsər bəxş etmiş, bununla da, çağdaş tariximizdə əbədiyaşarlıq hüququ qazanmışdır. Bu mənada, ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusilə aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 6 llik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir.

Heydər Əliyev Fondu ötən illərdə həyata keçirdiyi önəmli tədbirləri ilə böyük ictimai rəğbət və nüfuz qazanmış, köməyə ehtiyacı olan kimsəsiz insanların ümid, pənah yerinə çevrilmiş məbədgaha bənzəyir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək hümanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətinin təməlində məhz millətə xidmət məramı dayanır.

Ümumilikdə, fondun çoxşaxəli fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsinə, milli genefondun qorunmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında mənəvi körpünün salınmasına, sülh və tərəqqiyə xidmət edən mütərəqqi, sağlam ideyaların təbliğinə yönəlmişdir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan fond məhz bunun sayəsində ötən 6 ildə nəinki respublikamızın hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuzetimad qazanmışdır.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı sahəsində əldə olunan fantastik nailiyyətlər real həyatda bir sıra mütərəqqi dəyişikliklərə yol açsa da, bu proses milli tarixi-mədəni irsə müəyyən təhlükə meyillərini də istisna etmir. Bu baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami, xilaskar tapması da mühüm məqam kimi qiymətləndirilməlidir. Azərbaycanın birinci xanımı fərqli mədəniyyətləri bir araya gətirərək bəşəriyyətin xilası uğrunda əzmlə çalışan nəcib və xeyirxah insanlarla bir sırada dayanır. Yüksək insanpərvərliyə söykənən bu missiya heçson illərdəki fəaliyyətlə məhdudlaşmır: Mehriban xanım Əliyeva hələ 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi böhranla üzləşmiş milli-mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. 1995-ci ildən milli mədəni incilərin qorunması, musiqi təhsilinin inkişafı, gələcək nəslin maarifləndirilməsi və digər sosial layihələrin icrası fondun diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda musiqi gimnaziyaları və məktəbləri əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus, imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan, ingilisrus dillərində çap olunan "Azərbaycan-İrs" jurnalının səhifələrində milli musiqimizin, mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə böyük dəstək olmuşdur. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu işlərin daha qlobal miqyasda, həm də sistemli və ardıcıl surətdə həyata keçirilməsinə imkan yaratmışdır.

2004-cü ildə Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə Azərbaycanın mədəniyyətinin, incəsənətinin, habelə muğamın, aşıq musiqisinin dünya miqyasında təbliğinə geniş imkanlar açmışdır. Fondun prezidentinin şəxsi səyləri ilə xalqın milli sərvəti sayılan muğam, habelə aşıq musiqisi, o cümlədən Novruz bayramı YUNESKO-nun qeyri-maddi irsinin şah əsərləri sırasına daxil olunmuşdur. 2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak etmişlər.

Bu günlərdə isə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi avqustun 26-sı tarixinin Beynəlxalq Azərbaycan muğamı günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunması ilə bağlı qərar qəbul etmişdir. Bu, Azərbaycan muğamına dünya səviyyəsində necə yüksək dəyər verildiyini bir daha təsdiqləyir.

Heydər Əliyev Fondu bütün bunlarla yanaşı, mədəniyyət abidələrinin yenidənqurulması və reabilitasiyası sahəsində də əməli tədbirlər həyata keçirmişdir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərdi Qəssabın məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpasını, Abdulla Şaiqin ev-muzeyinin təmiri bu qəbildən olan çoxsaylı işlər sırasında xüsusi vurğulana bilər. Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələbər səviyyəsində təmir olunması da fondun həyata keçirdiyi nəcib layihələrdəndir.

Abşeronda aşkar edilən arxeoloji tapıntıların qorunması məqsədilə fondun 2008-ci ildə Qala qəsəbəsində ilk Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaratması da mühüm layihələrdəndir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, turizm mərkəzlərindən birinə çevrilməsi məqsədinə xidmət edir. 2008-ci il oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak etmişlər.

Hər bir ölkədə elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin qloballaşma tendensiyalarından hifz olunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Heydər Əliyev Fondunun prezidentinin elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin bariz ifadəsidir. Azərbaycanın birinci xanımı ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə layiqli töhfələrini verir. Təkcə bir faktı diqqətə çatdıraq ki, fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-ci ildən respublikanın müxtəlif regionlarında 283 məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilmişdir. Fond bu göstərici ilə sübut etmişdir ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik olan yerdə çox böyük uğurlara imza atmaq mümkündür.

Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafı naminə YUNESKO ilə fəal əməkdaşlıq quraraq bir sıra uğurlara imza atmışdır. 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Təşkilatla əldə olunmuş razılaşmaya əsasən, 2005-ci ilin avqust ayında "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda növbəti konfrans Bakıda təşkil olunmuşdur. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı milli təhsilin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün təhsilimizdə yaratdığı çətinliklər YUNESKO-nun baş direktorunun və nümayəndə heyətinin nəzərinə bir daha çatdırılmışdır: "Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu, məktəblər qaçqın-köçkün düşərgələrində yerləşir. Biz həm də müəllim kollektivini saxlaya bilmişikonlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da, nadir bir təcrübədir. Mən inanıram ki, bu təcrübə bütün münaqişə zonalarında istifadə oluna bilər".

Fondun təhsil sahəsində uğurla gerçəkləşdirdiyi layihələrdən biri də məhz kitab nəşri ilə bağlıdır. Heydər Əliyev Fondu klassik yazıçı və şairlərin, o cümlədən ali məktəblər üçün dərs vəsaitlərinin mərhələlərlə yenidən nəşr olunması prosesində yaxından iştirak edir. 2006-cı il iyulun 5-də isə fondun kitab nəşri ilə bağlı təqdimatını keçirdiyi yeni layihə bu baxımdan xüsusi maraq doğurmuşdur. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif elm sahələrinə aid Rusiyada nəşr olunmuş 4 mindən çox kitab respublikamızın 14 ali məktəbinə hədiyyə edilmişdir.

"Ömur boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur" - deyən Mehriban xanım Əliyevanın necə böyük qəlb və mənəviyyat sahibi olduğu bir daha aydın görünür. Azərbaycanın birinci xanımına cəmiyyətdə olan böyük sevgi və rəğbətin, dərin ehtiramın səbəblərini də görünür, elə bu həqiqətdə - onun yüksək humanizmində, insanpərvərliyində axtarmaq lazım gəlir. Özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır.

 

 

Sevinc BUDAQOVA,

tarix elmləri üzrə

fəlsəfə doktoru,

46 saylı məktəbin direktoru

 

Azərbaycan.- 2010.- 25 avqust.- S. 4.